Məhkəmə qərarları › İş №2-1(114)-1637/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1637/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1637/2024 27.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı «Kamil-N X6» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bərdə rayonu Mirzəxan Qaraqoyunlu bələdiyyəsinə qarşı qərarın ləğvi tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «Kamil-N X6» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Bərdə rayonu Mirzəxan Qaraqoyunlu bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Bərdə rayonu X3 xx.xx.2023-cü il tarixli, 15 saylı və xx.xx.2023-cü il tarixli, 12 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının 10 noyabr 1998-ci il tarixli, 801 saylı sərəncamı ilə «Kamil-N X6» MMC-nin fəaliyyəti üçün Bərdə rayonu Kafarlı kəndində yerləşən 30,02 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair sahə seçmə aktı tərtib edilmiş, koordinatlar müəyyən edilmiş və JN 326 kod 61015048 saylı “Torpaqdan daimi istifadə hüququ” Dövlət aktı verilmişdir. Bələdiyyələrin təşkilindən sonra MMC-yə ayrılmış torpaq sahəsi 3 bələdiyyənin ehtiyat fonduna aid edildiyindən həmin bələdiyyələrlə ayrı-ayrılıqda sonuncu dəfə 2005-ci ildə 60 il müddətinə üç bələdiyyə ilə icarə müqavilələri bağlanmışdır. X1 rəhbəri olduğu Fermer Təsərrüfatının qanuni icarəsində olan torpaq sahəsinin 8,55 ha. hissəsində hərraca çıxarılması barədə 18 sentyabr 2023-cü il tarixli, 12 saylı qərar qəbul etmiş və həmin qərar əsasında 8.55 ha. torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 980 saylı qərarı ilə hərrac baş tutumuş hesab edilmiş və sifariş vermiş bələdiyyəyə 20 gün müddətində hərracda qalib olmuş şəxslə icarə müqaviləsi bağlanması barədə təklif verilmişdir. «Kamil- N X6» MMC-nin icarəsində olan torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə çıxarılması haqqında X3 18 sentyabr 2023-cü il tarixli, 12 saylı qərarının ləğv edilməsi barədə cavabdehə müraciət etmiş və müraciət cavabdehin xx.xx.2023-cü il tarixli 15 saylı iclasında müzakirə edilərək təmin edilməməsi barədə qərar çıxarılmışdır. Cavabdeh Mirzəxan Qaraqoyunlu Bələdiyyəsi ilə bağlanmış xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən bələdiyyənin ehtiyat fonduna aid 09,00 ha. torpaq sahəsi 60 il müddətinə «Kamil-N X6» MMC-nin icarəsinə verilmiş, icarə haqqı davamlı olaraq ödənilmiş, hazırki tarixə MMC-nin cavabdehə heç bir icarə haqqı borcu yoxdur. Belə olan halda Bərdə rayonu X3 ehtiyyat fonduna aid olan , «Kamil-N X6» MMC-nin icarəsinə verilmiş 09,00 ha torpaq sahəsinin 08,55 ha. hissəsinin hərraca çıxarılması barədə qərar qəbul etməsi tam olaraq əsassız və qanunsuzdur. İddiaçı xx.xx.2024-cü il tarixli teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmiş, cavabdeh isə gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. İş materiallarında olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixli məktublarında müəyyən olunur ki, Məlumat uçot bazasına əsasən «Kamil-N X6» Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə ********** saylı VÖEN ilə vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınmışdır. «Kamil-N X6» Məhdud Məsuliyyətli Cəmiyyətinin hər hansı müəssisənin hüquqi varisi olmasına dair heç bir məlumat aşkar olunmamışdır. Hüquqi şəxslərin reyestr məlumatlarına əsasən “Kamil-H” X5 dövlət qeydiyyatına alınmasına dair heç bir məlumat aşkar edilməmişdir. Belə ki, iddiaçı iddia tələbində «Kamil-N X6» Məhdud Məsuliyyətli Cəmiyyətinə 1998ci ildə 30,02 ha torpaq sahəsi ayrıldığını və “Torpaqdan daimi istifadə hüququ” na dair Dövlət Aktı tərtib edildiyini və bunun əsasında sonuncu ilə bələdiyyələr arasında 2005-ci ildə 60 illik müddətə icarə müqaviləsini bağladığını, həmin torpaq sahəsinin hansıki ərizədə ona məxsus olduğunu qeyd etmişdir, 8,55 ha hissəsinin bələdiyyələrin biri tərəfindən hərracda satıldığını qeyd etmişdir, lakin qeyd olunmuş “Torpaqdan daimi istifadə hüququ”na dair Dövlət Aktının “Kamil-H” X5 adına tərtib edildiyini, həmçinin 2005-ci il tarixli icarə müqaviləsinin “Kamil-H” X6 ilə bağlandığı müəyyən olunur ki, «Kamil-N X6» Məhdud Məsuliyyətli Cəmiyyəti “Kamil-H” X5 hüquqi varisi deyildir, həmçinin sonuncunun dövlət qeydiyyatı barədə məlumat mövcud deyildir. Mülki Məcəlləyə əsasən: 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. 56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. 57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. İşin materiallarına əlavə edilmiş 5 may 2013-cü il tarixli 1 saylı Protokol əsasında müəyyən edilir ki, X7 “Kamil-N” X5 başçısı seçilmişdir. Qeyd edilməlidir ki, qeyd olunan protokol hüquqi şəxsə məxsus möhürlə təsdiq edilməmişdir, həmçinin “Kamil-N X6” MMCnin nizamnaməsindən görünür ki, xx.xx.2021-ci ildə təsis olunmuşdur, lakin qeyd edilən protokol 05 may 2013-cü il tarixdə tərtib olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlardan da müəyyən olunduğu kimi «Kamil-N X6» Məhdud Məsuliyyətli Cəmiyyəti “Kamil-H” X5 hüquqi varisi deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Bərdə rayonu, Kafarlı kəndində yerləşən 30.02 ha torpaq sahəsinə dair hər hansı bir bələdiyyə ilə icarə müqaviləsi dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin JN-326 KOD 61015048 dövlət aktının hansısa bir əsasla etibarsız hesab olunması və ya ləğv olunması ilə bağlı dövlət reyestrində məlumat aşkar edilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə bağlı ərizəçinin hüquqlarını təsdiq edən rəsmi sənəd mövcud deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla ərizəçiyə məxsus olmadığından ərizənin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı «Kamil-N X6» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bərdə rayonu Mirzəxan Qaraqoyunlu bələdiyyəsinə qarşı Bərdə rayonu X3 xx.xx.2023-cü il tarixli, 15 saylı və xx.xx.2023-cü il tarixli, 12 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar