Məhkəmə qərarları › İş №2-1(114)-1639/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1639/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1639/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli qərarında iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə düzəliş edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-107/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya icraatı zamanı iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-328/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-328/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçıya 03 mart 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1778/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-328/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Qeyd olunan məhkəmə qərarlarına əsasən iddiaçıya cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Bu barədə qərar xx.xx.2024-cü il tarixdə Sistemə daxil edilmişdir. İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, pensiyasının müddətsiz olmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarında iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə düzəliş edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, digər oğluna X2 məhkəmə qərarı əsasında müddətsiz əlillik təyin edildiyi halda iddiaçıya 5 il müddətinə əlillik təyin edilmişdir. Halbuki hər iki övladı uşaqlıqdan əlildirlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərədə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə, məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə, məhkəmə qərarlarının icrası nəticəsində xx.xx.2024-cü il tarixdə iddiaçıya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdən beş il müddətinə ümumi xəstəlik səbəbi ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı isə əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı hazırkı iddianı qaldırır ki, bu məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qərarında qiymət verilmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-328/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarının 41, 42 və 43-cü bəndlərində qeyd olunur: “41. İddiaçının tələbinin tərkib hissəsi olaraq ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına qiymət verərkən kollegiya qeyd edir ki, qeyd olunan Əsasnamənin 4.2-ci bəndində əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

42. Hazırki halda İddiaçı 2007-cı il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmiş, 17 fevral 2016-cı il tarixdə isə 5 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin edilmiş növbəti qiymətləndirlmə tarixi 2021-ci il müəyyən edilmiş, bundan sonra sonuncunun əlilliyi qiymətləndirilərkən əlavə müalicəyə ehtiyacın olunması səbəbindən imtina edilmişdir.

43. Göründüyü kimi iddiaçıya ikinci dərəcəli əlillik fasiləsiz olaraq 10 ildən artıq müddətə təyin edilməmiş, bu səbəbdən də tətbiq edilən normanın tələblərinə uyğun olaraq ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi istisna edilir.” Həmin məhkəmə qərarının mövcudluğu MPM-nin 233.3-cü və İPM-in 78-ci maddələrinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa da belə, onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda müddətsiz əlilliyin təyininə yönəlmişdir. Bu mənada tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı nəzərə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə eyni əsasla yenidən baxılmasını tələb etməkdə MPM-nin 233.3-cü maddəsi baxımından haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli qərarında iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə düzəliş edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar