Məhkəmə qərarları › İş №2-1(114)-164/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-164/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-164/2020 22.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsi) qarşı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 011858 nömrəli vəsiqəyə əsasən Qarabağ müharibəsi veteranı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı daxili işlər orqanlarında xidmət etdiyi dövrdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş və Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Daxili işlər Nazirliyi tərəfindən verilmiş 011858 nömrəli vəsiqədə və əmək kitabçasında müharibə veteranlığı barədə məlumatlar öz əksini tapmışdır. İddiaçı xx.xx.1998-ci ildən 2019-cu ilin aprel ayınadək kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almamışdır. Müavinət pulunun verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı AR ƏƏSMN yanında DSMFnin Bərdə rayon şöbəsinə qarşı Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 011858 nömrəli vəsiqəyə əsasən Qarabağ müharibəsi veteranı kimi xx.xx.1998-ci ildən 2019-cu ilin aprel ayınadək kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsinə dair ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 1998-ci ildə vəsiqə aldıqdan sonra ona əmək haqqı ilə birlikdə 1999-cu ilədək müavinət ödənilib, 1999-cu ildə isə işdən azad olunduğuna görə müavinət də həmin tarixdən dayandırılmışdır. O, ümumiyyətlə pensiyaya çıxmamışdır, 2019-cu ilin aprel ayından ona Prezident təqaüdü ödənilməyə başlanılıb, lakin 1999-cu ildən həmin vaxtadək müavinət ödənilməyib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 işlə tanış olmadığına görə tələbə dair münasibət bildirməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubunun məzmunundan görünür ki, Prezidentin xx.xx.2019-cu il tarixli sərəcamına əsasən veteranlara verilən müavinət təqaüdlə əvəz edildiyindən iddiaçının tələbinin qanuni əsasının olmadığı bildirilmişdir. - 011858 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən müharibə veteranı statusu verilmişdir. - İddiaçı məxsus ИТ-İ ******* nömrəli xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Daxili işlər orqanlarında işləmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X3 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.1998-ci il tarixdən müharibə veteranı statusu verilərək həmin tarixdən ona müavinət ödənilmiş və sonuncu xx.xx.1999-cu il tarixdə daxili işlər orqanından işdən azad olunduğuna görə müavinət də həmin tarixdən dayandırılmışdır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən iddiaçıya Prezident təqaüdünun ödənilməsinə başlanılmışdır. Göründüyü kimi xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müddət üzrə iddiaçıya ödənilməli olan sosial müavinət ona ödənilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda qeyd edilən maddi normalara ziddir. İddiaçı xx.xx.1998-ci ildən 2019-cu ilin aprel ayınadək olan dövr üçün müavinətin ödənilməsini tələb etsə də, məhkəmə tələbi qismən əsaslı hesab edir və qeyd edir ki, iddiaçı xx.xx.1999-cu il tarixdədək əmək haqqı ilə birlikdə sosial müavinət almışdır, bu səbəbdən də hazırki iddia üzrə ödənişin əvvəli xx.xx.1998-ci il tarixdən deyil, ona ödənilən sosial müavinətin dayandırıldığı tarixdən, yəni xx.xx.1999-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar