Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-164/2024 15.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı avtomobilin özgəninkiləşdirilməsinə dair qadağanın ləğv edilməsi, rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 adına olan "Mersedes Benz 320" markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkilinin müvafiq müraciətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia "Mersedes Benz 320" markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair qadağanın ləğv edilməsi, avtomobilin üçüncü şəxsin adına rəsmiləşdirilməsi və qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2011-ci ildə X1 "Mersedes Benz 320" markalı, **- XE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almışdır və istifadə edir. Avtomobili öz adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, üzərində qeydiyyatla bağlı məhdudiyyət var. Bununla bağlı cavabdehə müraciət etdikdə cavab olaraq bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubu əsasında qeydiyyatla bağlı məhdudiyyət tətbiq edilmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, AA 754800 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, **-EX-*** dövlət nömrə nişanlı, "Mersedes Benz 320" markalı, (buraxılış ili 2000-ci il, ban nömrəsi WDB2201651A170670, rəngi-qara metallik) minik avtomobili X2 adına qeydiyyata alınmışdır. - surəti işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli Etibarnamədən görünür ki, **-EX-*** dövlət nömrə nişanlı, "Mersedes Benz 320" markalı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər 50 il X3 tərəfindən İddiaçı verilmişdir. -Baş X5 İdarəsinin xx.xx.2022-ci il tarixli 016-5457-1222 nömrəli məktubunda bildirilir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx/xx/2015-ci il tarixli, 007-4444-1215 nömrəli məktubu əsasında **-EX-*** dövlət nömrə nişanlı, "Mersedes Benz 320" markalı nəqliyyat vasitəsinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı **-EX-*** dövlət nömrə nişanlı, "Mersedes Benz 320" markalı nəqliyyat vasitəsini etibarnamə ilə əldə etmiş, faktiki sahibliyi həyata keçirmiş, bundan sonra qeydiyyat hərəkətlərinin aparılması məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan həmin nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinə məhdudiyyət qoyulması səbəbindən həmin avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir. Qeyd olunur ki, qeydiyyat hərəkətlərinə məhdudiyyət qoyulması əsasını təşkil edən yuxarıda qeyd olunan məktubun və digər sənədlərin əldə edilməsi məqsədilə məhkəmə tərəfindən cavabdehə və onun yuxarı tabe qurumuna dəfələrlə sorgular verilməsinə baxmayaraq sözügedən sənədlər, habelə qoyulmuş məhdudiyyətin hüquqi əsasları barədə heç bir məlumat və sənəd təqdim edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdehin avtomobilə dair qeydiyyat hərəkətlərinə məhdudiyyət qoyulması ilə bağlı imtinasının hüquqi əsası yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək mülkiyyətçinin konstitusion hüququdur və iddiaçı bu hüququndan istifadə edərək qanuni yolla əldə etdiyi avtomobilə dair müvafiq qeydiyyat hərəkətlərinin aparılmasını tələb edir. Məlumdur ki, nəqliyyat vasitələrinin qeydiyyatı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin qanunun icrasını təmin etmək məqsədilə qəbul edilmiş digər normativ aktlarla tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin:- -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. -2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Qeyd olunan normalardan görünür ki, bu qəbildən olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, eləcə də qeydiyyatla bağlı digər hərəkətlərin aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (onun müvafiq qurumları) tərəfindən həyata keçirilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "Mersedes Benz 320" markalı, **-EX-*** dövlət nömrə nişanlı (buraxılış ili 2000-ci il, ban nömrəsi WDB2201651A170670, rəngi-qara metallik) minik avtomobilinin özgəninkiləşdirilməsinə dair qadağanın ləğv edilməsi, avtomobilin üçüncü şəxsin adına rəsmiləşdirilməsi və qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-164/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-164/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver