Məhkəmə qərarları › İş №2-1(114)-1640/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1640/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1640/2023 10.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X4 və X2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. ünvan 1 xüsusi mülkiyyət kimi xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. 25.09.1969-cu il təvəllüdlü X4 və xx.xx.1966-cı il təvəllüdlü X1 şəhəri, 4-cü mikrorayon, ev 24, mənzil 62 ünvanında qeydiyyatdadırlar.

3. Nümayəndə X4 və X2 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X4 və X2 mülkiyyətçi İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Üçüncü şəxslər X4 və X3 evin keçmiş sakinləridir və onlar müxtəlif bəhanələrlə sözügedən mənzildən pasport qeydiyyatından çıxmamışlar. Onlar İddiaçı məxsus evdə yaşamırlar. Həmin şəxslərin İddiaçı məxsus mənzildə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. II. Prosessual məsələlər

7. İddia ərizəsinin sonluğunda iddiaçının imzası üçün ayrılmış yerdə etibarnamə üzrə Nümayəndə adı qeyd edilsə də, ərizə imzalanmamış məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddiaçıya və nümayəndəsinə xx.xx.2023-cü il tarixdə sərəncam ünvanlanaraq, məhkəməyə gələrək iddia ərizəsini imzalamaq və yaxud imzalanmış iddia ərizəsi göndərmək üçün müddət müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə Nümayəndə məhkəməyə gələrək, iddia ərizəsini iddiaçının nümayəndəsi olaraq imzalamışdır.

8. Bundan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə hazırlıq icraatı üzrə iclas xx.xx.2023-cü il tarixə təyin edilmiş, eyni zamanda məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(114)-1640/2023 nömrəli qərardadı ilə X4 və X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

9. İddiaçı və üçüncü şəxslərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişləri göndərilmiş, Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçının nümayəndəsinə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmamış, üçüncü şəxslərin mobil nömrələrinə isə sms-xəbərdarlıq göndərmək mümkün olmamışdır.

10. İddiaçı məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi qismində Nümayəndə iclasa gəlmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

11. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, hazırlıq iclasının məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

12. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

13. Məhkəmə, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

14. İPM-in 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra MPM) görə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

16. Məhkəmə qeyd edir ki, iddia ərizəsi əvvəlcə imzalanmamış şəkildə məhkəməyə təqdim edilmiş, məhkəmənin təklifindən sonra iddiaçının nümayəndəsi kimi Nümayəndə məhkəməyə gələrək, iddia ərizəsini imzalamışdır. Lakin məhkəmənin hazırlıq iclasında sədrlik edən tərəfindən iclasa gələn şəxsin şəxsiyyəti və səlahiyyəti yoxlanan zaman müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli etibarnamə ilə səlahiyyətləri etibar edilmiş və onun əvəzinə iddia ərizəsini imzalamış Nümayəndə onun xalası əridir.

17. MPM-in 19-cu maddəsinin “Qeyd” hissəsinə görə isə, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ərarvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

18. Göründüyü kimi, iddia ərizəsi iddiaçının özü və ya onun qanunda nəzərdə qaydada səlahiyyətli nümayəndəsi tərəfindən imza edilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar