Məhkəmə qərarları › İş №2-1(114)-1641/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1641/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1641/2025 08.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.1.3-cü maddəsinin xx.xx.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçı və onun qardaşı X4 həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.

2. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır.

3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-107/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-328/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-107/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı 03 mart 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

5. MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyi üçün ailə başçısını itirməyə görə əmək pensiyansının ödənişi həmin tarixdən 134,31 manat məbləğində (Qanunun 29.1-ci maddəsinin tələbləri və İlkin Bağırovun payı nəzərə alınmaqla) olmaqla bərpa edilmişdir.

6. Ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) hesablanmış fərq məbləği 2024-cü ilin avqust ayından pensiyasının üzərinə əlavə edilməklə ödənilməyə başlanılmışdır.

7. Daha sonra iddiaçı əvvəlki dövr üçün əlillik pensiyasının ödənilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina cavabı ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.1.3-cü maddəsinin xx.xx.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona və X4 həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əmək pensiyasının ödənişi xx.xx.2021ci il tarixdə dayandırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyi üçün ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi həmin tarixdən 134,31 manat məbləğində (Qanunun 29.1-ci maddəsinin tələbləri və İlkin Bağırovun payı nəzərə alınmaqla) olmaqla bərpa edilmişdir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddələrin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 150,77 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 173,16 manata, xx.xx.2024-cü il tarixindən 192,55 manata çatdırılıb. Ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) hesablanmış fərq məbləği 2024-cü ilin avqust ayından pensiyasının üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi pensiyasının yenidən hesablanaraq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhər sakinidir, xx.xx.1991ci il təvəlüdlüdür. Atası X1 şəhər sakini olmuş və xx.xx.1961-ci il təvəllüdlü 1986-ci ildə Çernobıl AES Qəzasının ləğvi işlərində dərindən iştirak etmişdir və qəzanın ləğvi işlərində əlil olmuşdur. O, atasının Çernobılda olması ilə əlaqədar 2-ci dərəcəli əlilliklə qiymətləndirilmişdir. Uzun illərdir əlilikdən (ümumi əlillikdən) və asma-bronxit xəstəliyindən tez-tez tutmalarla əziyyət çəkir. Uzun illərdir xəstəliyi ilə əlaqədar aldığı təqaüd hesabına daimi müalicə olunurdu. Atası xx.xx.2006-cı ildə Çernobıldan aldığı xəstəliklərdən uzun illər əziyyət çəkdikdən sonra rəhmətə getmişdir. O, uzun illərdir təqaüd almağına baxmayaraq 2021-ci il fevral ayında Gəncə şəhər ərazi poliklinikasında yoxlanış təyin edərək əlilliyini ləğv etmişdilər. Əlilliyin ləğvini onunla əaslandırmışdılar ki, asma-bronxit xəstəliyi ilə əlaqədar Bakı şəhər X5 müyinə olunmalıdır. Müayinə olunduqdan sonra sənədləri toplayaraq yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Bütün bunlara baxmayaraq əlilliyini yenidən ləğv etmişlər.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, hazırkı iddia tələbi “xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi pensiyasının yenidən hesablanaraq və bu yeni hesablamaya görə ödəniş edilməsi” tələbinə dəyişdirilmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

20. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz imtina məktubunda göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 8-ci bəndi).

22. Cavabdehin nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-107/2023 nömrəli qərarı; - Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-328/2023 nömrəli qərarı; - Cavabdehin imtina məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.1.3-cü maddəsinin xx.xx.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçı və onun qardaşı X4 həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyi üçün ailə başçısını itirməyə görə əmək pensiyansının ödənişi həmin tarixdən 134,31 manat məbləğində (Qanunun 29.1-ci maddəsinin tələbləri və İlkin Bağırovun payı nəzərə alınmaqla) olmaqla bərpa edilmişdir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 150,77 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 173,16 manata, xx.xx.2024-cü il tarixindən 192,55 manata çatdırılıb. Ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) hesablanmış fərq məbləği 2024-cü ilin avqust ayından pensiyasının üzərinə əlavə edilməklə ödənilir.

26. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əlilllik pensiyasının ödənilməsi üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müraciətindən imtina edilmişdir.

27. Hazırda iddiaçının hüquqi marağı əlilliyə görə əmək pensiyasının əliliyinin müddəti bitdiyi xx.xx.2021-ci il tarixindən əlilliyinin təyinatı xx.xx.2022-ci il tarixinə kimi əlilliyə görə pensiyanın ona ödənilməsindən ibarətdir.

28. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.

29. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

31. Göründüyü kimi, hazırkı mübahisə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci maddəsinin tətbiqi ilə bağlıdır.

32. Həmin maddə onu nəzərdə tutur ki, 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə, şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir. Bu halda ödəməni həyata keçirən orqan təqdim edilmiş əvvəlki və sonrakı əlillik təyinatına dair qərarların tarixlərini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdır.

33. Bununla yanaşı, əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda ödəməni həyata keçirən orqanın vəzifəsi məhz təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarətdir. Şəxs isə - hazırkı halda iddiaçı özünün pozulmuş hüququnu (məsələn, vaxtında müraciət etsə də, qərar ondan asılı olmayan səbəblərdən 6 aydan sonra qəbul edildikdə) müdafiə etmək üçün əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair müvafiq (əlillik təyinatı aparan) orqana qarşı tələb irəli sürməlidir. Əlillik təyinatı tarixi dəyişdirildikdən sonra müvafiq ödəmələr aparılmalıdır.

34. Beləliklə, əlilliyin təyinat tarixi dəyişdirilmədən ödəmə aparan orqana – hazırkı halda cavabdehə qarşı qaldırılmış iddia əsaslı hesab edilə bilməz.

35. Yekun olaraq, İddiaçı əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) əmək pensiyasının ödənilməsi mümkün olmadığından cavabdeh orqanın bu barədə imtinası qanuni olmuşdur.

36. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

37. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar