Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1643/2020 03.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Qazax rayon filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Qazax rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildən xx.xx.1993-cü ilə qədər işlədiyi illərin əmək haqqı aldığı dövrlər nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildən başlayaraq müxtəlif sahələrdə işləmiş və buna görədə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Qazax rayonunda fəaliyyət göstərən Kommintern sovxozunda xx.xx.1985-ci ildən xx.xx.1993-cü ilədək işlədiyi illər barədə heç bir qeydiyyat aparılmadığından onun əmək pensiyasının verilməsi cavabdeh tərəfindən dayandırılmışdır. xx.xx.1985-xx.xx.1993-cü illərdə Qazax rayonunda fəaliyyət göstərən Kommintern sovxozunda işləməsi Qazax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 226 nömrəli Arxiv Məktubu ilə təsdiq edilsədə cavabdeh tərəfindən onun əmək stajına əlavə olunmasından və pensiyasının bərpa olunmasından imtina edilmişdir. Ona görədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, xx.xx.1985-ci ildən xx.xx.1993-cü ilədək işlədiyi illərin əmək haqqı aldığı dövrlər nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yenidən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya tələb olunan 12 il sığorta stajı ilə xx.xx.2017-ci il tarixdə «xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixə olan hərbi xidmət dövrü (2 il 15 gün), xx.xx.1976-cı ildən xx.xx.1983-cü il tarixə olan iş stajı (6 il 10 ay 19 gün) və xx.xx.1985-ci ildən xx.xx.1993-cü il tarixədək olan» əmək stajı nəzərə alınaraq ona yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.1985-ci ildən xx.xx.1993-cü il tarixədək olan iş stajı barədə məlumat Qazax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 226 nömrəli Arxiv Məktubu ilə təsdiq edilsədə Dövlət Sosial Müdafiə Fondunun Daxili Nəzarət və Audit şöbəsinin yoxlaması zamanı Qazax rayon Dövlət Arxivi tərəfindən verilmiş Arxiv Arayışı təsdiq edilmədiyi üçün iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişindən imtina edilərək pensiyanın verilməsi 01.082020-ci il tarixdən dayandırılmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.2017-ci il tarixli 226 nömrəli və xx.xx.2020-ci il tarixli 148 nömrəli arxiv arayışları, cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubu və iddiaçıya aid 112819 nömrəli pensiya işi təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyasının bu norması, hazırkı işin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, muəssisəvə təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Qazax rayon filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə 17 il sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Daxili Nəzarət və Audit şöbəsinin yoxlaması zamanı iddiaçıya Qazax rayon Dövlət Arxivi tərəfindən verilmiş Arxiv Arayışı təsdiq edilmədiyi üçün yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişindən imtina edilərək pensiyanın verilməsi 01.082020-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 226 və xx.xx.2020-ci il tarixli 148 nömrəli Arxiv Arayışlarında iddiaçının 1985-1993cü illərdə Komintern sovxozunda işləyərək qazandığı əmək haqqı qeyd olunmuşdur. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında sözügedən arayışda qeyd olunan xx.xx.1985-xx.xx.1993-cü illərə dair (7 il 10 ay 15 gün) iş stajı barədə əmək kitabçasının olmaması ilə bağlı həmin illəri nəzərə ala bilmədiklərini, lakin nəzərə alınan stajın xx.xx.1976-xx.xx.1983-cü illərə dair (6 il 10 ay 19 gün) və hərbi xidmət illəri (2 il 15 gün) təşkil etdiyi, tələb olunan stajın isə 12 il olduğu göstərilmişdir. Nəzərə alınmayan stajın 7 il 10 ay 15 gün təşkil etdiyini təsdiq etmiş bu fakt cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubda da öz əksini tapmışdır. Məhkəmə gəldiyi nəticənin daha aydın olması üçün göstərir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasnı təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, arxiv arayışında göstərilən illərin iddiaçının sosial sığorta Stajına daxil edilməsi tələbi əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumararın tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə 17 il sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Daxili Nəzarət və Audit şöbəsinin yoxlaması zamanı Qazax rayon Dövlət Arxivi tərəfindən verilmiş Arxiv Arayışı məhkəmə qaydasında təsdiq edilmədiyi üçün ona yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişindən imtina edilərək pensiyanın verilməsi 01.082020-ci il tarixdən dayandırılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tələb olunan staj 12 il olmalıdır ki, hazırki işdə iddiaçının stajı cavabdeh tərəfindən qəbul olunan illərlə birlikdə 16 il 9 ay 19 gün (2 il 15 gün + 6 il 10 ay 19 gün + 7 il 10 ay 15 gün = 16 il 9 ay 19 gün) təşkil edir. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Qazax rayon filialının üzərinə İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1993-cü ilə qədər işlədiyi illərin əmək haqqı aldığı dövrlər nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yenidən bərpa edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1643/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1643/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver