Məhkəmə qərarları › İş №2-1(114)-1643/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1643/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1643/2024 03.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmədən kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun sosial sığorta kartında toplanmış xx.xx.1998-ci ildən xx.xx.2022-ci ilədək (22929.09 manat) nəzərə alınmaqla pensiyasının yenidən ədalətlə hesablanaraq artımın pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun orduda 24 il zabit kimi xidmət etməyi üçün ona xx.xx.1998-ci ildə 409486 manat məbləğində pensiya təyin edilmişdir. Hal-hazırda 1066 manat 59 qəpik təşkil edir (1047.46+19.13). O, axırıncı dəfə cavabdeh orqana müraciət edib, onunla birlikdə işlənmiş hərbçi yoldaşlarının pensiyasının üzərinə sosial sığorta kartında toplanmış pulunu da qanunvericiliklə nəzərdə tutulmuş qaydada hesablanaraq pensiyalarının üzərinə toplanıb verildiyini göstərib, onun da sosial kartında toplanmış pensiya kapitalının hesablanıb pensiya kartına əlavə edilməsini xahiş etsə də, cavabdeh orqan ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-260993/2023 saylı anlaşılmayan imtina verilmişdir. Cavabdehin imtinasında göstərilir ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilib. Pensiyanın yenidən hesablanması ilə bağlı Mərkəzi Filialı xx.xx.2022-ci il tarixindəki müraciətlə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra xx.xx.2022-ci il tarixinədək topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq əmək pensiyası (830.20 manat) yenidən hesablanaraq pensiyanın sığorta hissəsi 522.92 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə sığorta hissəsinin artan məbləğinə müvafiq azaldılmaqla 307.28 manat müəyyən edilib. Yəni sözügedən pensiya kapitalı iddiaçının müraciətinə əsasən istifadə olunmuşdur. Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyası yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində 22929.09 manat pensita sığorta kapitalı qeydə alınıb.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə 3-17-1/2-52335/2024 nömrəli vəsatət ünvanlanaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

6. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı müraciətinə məhkəmədənkənar qaydada təkrar baxılmış və cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-1043/2024 nömrəli qərarı ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır.

7. İddiaçı elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, tələbi cavabdeh tərəfindən təmin edildiyi üçün xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə prosesinin ləğv edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddiaçı və cavabdeh orqanın ərizələrini, o cümlədən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 1043/2024 nömrəli qərarı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.

9. Belə ki, iddiaçının tələbi onun sosial sığorta kartında toplanmış xx.xx.1998-ci ildən xx.xx.2022-ci ilədək (22929.09 manat) nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq artımın pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

10. Belə ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış vəsatətə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 1043/2024 nömrəli qərardan görünür ki, İddiaçı pensiyası yenidən hesablanaraq, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1043.15 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1291.72 manat, xx.xx.2023-cü il tarixdən isə 1310.87 manat məbləğində müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

12. Beləliklə, iddiaçının tələbi cavabdeh orqan tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.

Nəticəvi hissə:

13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar