Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1645/2021 03.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X3, iddiaçı X2 və iddiaçıların vəkili X6 iştirakı ilə, İddiaçılar "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə 2 saylı notariat ofisi, Gəncə şəhəri İcra Hakimiyyəti, X23 və X1 qanuni nümayəndəsi X26) qarşı mülkiyyət hüquqlarının qeydə alınmasından çəkinmə tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) 17.06.2021-ci il tarixli **********03 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsi, 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının X14 adına qeydə alınmasından imtina edilməsi ilə bağlı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMMC) müraciətinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 və 15-ci maddələrinə istinad edilərək cavab verilmişdir ki, qeyd olunan çoxmərtəbəli yaşayış binasının sənədləşməsi ilə bağlı 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə qanunvericiliyin tələbləri nəzərə alınaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaqdır. İddiaçılar "xxxx" MMMC, X7, X19, X24, X15, X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə 2 saylı notariat ofisi və Gəncə şəhəri İcra Hakimiyyəti) qarşı çıxarış verməkdən çəkinmə tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, X37 küçəsi, 2 nömrəli ünvanda yerləşən 10 mərtəbəli, 90 mənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinin 25.01.2019-cu il tarixli qərarı ilə binanın idarə edilməsi üçün "xxxx" MMMC yaradılmış və həmin Cəmiyyət 15.10.2019-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 2006-cı ildən həmin binanın tikintisinə başlayan X27 2009-cu ilədək binada tikiləcək yaşayış və qeyri-yaşayış sahəsinə aid mənzilləri vətəndaşlara satmış, bu barədə onlarla rəsmi müqavilələr bağlamış və binanı həmin müqavilələr üzrə vətəndaşlardan aldığı pul vəsaiti hesabına tikmiş, 2011-ci ildə vəfat etmişdir. 2013-cü ildən başlayaraq onun vərəsələri qismində uşaqları və qeyri-rəsmi həyat yoldaşı X26 məhkəmələrdə iddialar qaldıraraq, həmin bina və mənzillər üzərində vərəsəlik hüquqlarının tanınmasını tələb etmişlər. 2019-cu ilədək baxılmış bütün işlər üzrə onların iddiaları təmin edilməmişdir. 2019-cu ilin əvvəlində X26 yenidən Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, həmin bina və mənzillər üzərində mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Eyni zamanda onun qızı Fidan Rüstəmova məqsədli surətdə qarşılıqlı iddia verərək, həmin binanın mənzilləri üzərində onun vərəsə tanınmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli 2(044)- 3212/2019 saylı qətnaməsi ilə onların hər ikisinin iddiası rədd edilmişdir. Nizami Rayon Məhkəməsinin həmin qətnaməsindən iddiaçı Venera Rüstəmova və qarşılıqlı iddiaçı olan qızı X36 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(104)-1613/2021 saylı qətnaməsi ilə onların apellyasiya şikayətləri təmin edilməmiş, həmin qətnamədən onlar tərəfindən verilmiş kassasiya şikayəti, Ali Məhkəmənin 15.03.2021-ci il tarixli, 2(102)-2769/2021 saylı qərarı ilə kassasiya icraatına qəbul olunmamışdır. X26 və X23 qətnamədən verdikləri apellyasiya şikayətinin baxışının nəticəsini gözləmədən 2 saylı Notariat ofisinə müraciət edərək işin həqiqi və mübahisəli hallarını notariusdan gizlədərək, vərəsəlik şəhadətnaməsi alınması üçün, 2011-ci ildə vəfat etmiş Rövşən Rüstəmovun adına çıxarış verilməsi üçün notariusundan 15 may 2020-ci il tarixli 416 nömrəli məktub alaraq DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişlər. 2 saylı Notariat ofisi həmin məktubu verməkdə qanunsuzluğa yol vermişdir. Çünki, həmin məktubda heç bir rəsmi sənədə əsaslanmadan qeyd edilmişdir ki, guya çoxmərtəbəli yaşayış binası X9 miras qalmışdır. Hansı ki, həmin binanın X14 mirasının kütləsinə aid olmasını təsdiq edən heç bir sənəd olmamış, əslində isə notariusun məktubuna qədər çoxsaylı məhkəmə qətnamələri ilə təsdiq edilmişdir ki, bina mənzillərinin mərhum X14 mirasına heç bir aidiyyatı yoxdur. Bundan xəbər tutuqdan sonra, Notariat ofisinə müraciət edərək qanunsuz məktubun geri götürülməsini tələb etmişlər. Notarius həmin məktubun göstəriş və məcburi icra xarakterli olmadığını bildirərək, mübahisə olduğuna görə Ərazi İdarəsinin çıxarış verməkdən imtina etməyə borclu olduğunu bildirmişdir. Onların müraciətindən xəbər tutduqdan sonra, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə 20.05.2020-ci il və 08.06.2020-ci il tarixlərdə iki dəfə rəsmi məktubla müraciət edərək, qeydə alınmalı olan bina barədə məhkəmə mübahisələrinin getdiyini bildirib, həmin mübahisə üzrə yekun qərarı çıxarılanadək qeydiyyatın dayandırılmasını xahiş etmişlər. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi 08.06.2020-ci il tarixli **********05 nömrəli və 19.06.2020-ci il tarixli **********67 nömrəli cavablarla ərizəyə mahiyyəti üzrə cavab verməmiş, qeydiyyat hərəkətlərini dayandırmamış, reyestr haqqında qanun maddələrinə istinad edərək, məhkəməyə müraciət etmək hüquqularının olduğunu izah etmişdir. Bundan sonra Ərazi İdarəsinin nümayəndəsi binaya gələrək yerində müayinə aktı tərtib etməyə cəhd edərək, qeydiyyatın dayandırılmadığını bildirmiş, binanın mənzil mülkiyyətçilərinin müdaxiləsi əsasında müayinəyə icazə verilməmişdir. Bundan sonra müvəqqəti xarakterli müdafiəyə dair 14.07.2020-ci tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişlər. Gəncə İnzibati Məhkəməsinin 10.08.2020-ci il tarixli MXMT(114)-7/2020 saylı qərardadı ilə ərizələri təmin olunmuşdur. Həmin mübahisə Ali Məhkəmənin qərarı ilə baxılıb qurtarıldığı üçün müvəqqəti xarakterli müdafiəyə dair həmin qərar Gəncə İnzibati Məhkəməsinin 20.05.2021-ci qərarı ilə ləğv olunmuşdur. Həmin qərardad ləğv olunduqdan sonra yenidən cavabdeh orqan olan DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi, notariusun verdiyi məktubu geri götürməməsini bəhanə edərək ayrı-ayrı vətəndaşların mülkiyyətinə aid mənzilləri olan binanın bütövlükdə mərhum X14 adına çıxarış vermək istəyir. Cavabdehin həmin hərəkətləri tam qanunsuzdur. Binadakı mənzillərin mülkiyyətin hüquqları ilə bağlı çoxsaylı məhkəmə qərarları vardır. Həmin qərarlarda birbaşa qeyd edilmişdir ki, bina mənzilləri X14 mülkiyyətinə aid deyildir. Ayrıayrı vətəndaşların mülkiyyətinə aid olması öz təsdiqini tapmışdır. Gəncə İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli 2-1(114)-1645/2021 nömrəli qərardadı ilə X23 və X1 qanuni nümayəndəsi X26 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə etiraz ünvanlayaraq iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi X10 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı X5 əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçılar X5, X19 və X11 nümayəndəsi və vəkili X20 iddiaçılarla eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçılar X4, X12, X16, X8, cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə, üçüncü şəxslər Gəncə 2 saylı notariat ofisinə, Gəncə şəhəri İcra Hakimiyyətinə, X17 və X1 qanuni nümayəndəsi X21 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, adları qeyd edilən iddiaçılar və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, inzibati orqan olan cavabdeh və digər üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İlkin olaraq məhkəmə iddia növünün müəyyən edilməsi ilə bağlı qeyd edir ki, hazırki iddia Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsində nəzərdə tutulan müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aiddir və iddiaçılar çoxmərtəbəli yaşayış binasına dair X13 adına qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün mərhum X14 adına cavabdeh inzibati orqan tərəfindən çıxarış verilməsi ilə bağlı hərəkətdən çəkinmək vəzifəsinin qoyulmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, inzibati aktlarla yanaşı, inzibati orqanların “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş faktiki xarakterli hərəkətləri də inzibati məhkəmədə mübahisə icraatının predmeti ola bilər və faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Bu kimi hallarda öhdəliyin icrası haqqında, yaxud müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar qaldırılır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünün konkret açıqlaması İPM-in 34.2 və 34.3-cü maddələrində əksini tapmışdır və bu iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. - 34.3-cü maddəsinə əsasən qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddianın mümkünlüyü aşağıdakı şərtlər əsasında yoxlanılır: • ümumi mümkünlük şərtlərinin mövcud olması; • inzibati orqanın barəsində iddia qaldırılan fəaliyyətinin qanunsuz olması; • bu fəaliyyətin qanunsuz olması nəticəsində iddiaçının hüquqlarının pozulması. Göründüyü kimi, müəyyən hərəkətlərdən çəkinməyə dair iddianın mümkün olması üçün inzibati orqanın faktiki xarakterli hərəkəti olmalı, iddianın məqsədi isə məhz həmin faktiki xarakterli hərəkətin edilməsinə son qoyulması təşkil etməlidir. İddiaçılar tələblərini onunla əsaslandırırlar ki, hazırkı tələblə cavabdeh inzibati orqana etdikləri müraciətə mahiyyəti üzrə cavab verilməmiş, cavabdeh inzibati orqan qeydiyyatın aparılması hərəkətlərini dayandırmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçılar üçün əlverişsiz sayılan hərəkəti kimi qiymətləndirilən hər hansı bir faktiki xarakterli hərəkəti mövcud deyildir. Belə ki, cavabdeh inzibati orqan həm iddiaçıların müraciətinə verdiyi cavab məktublarında, həm də məhkəməyə ünvanladığı etirazda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını, eləcə də, hüquqların dövlət qeydiyyatından imtina üçün əsasları göstərmişdir. Bundan başqa, iddia ərizəsinin araşdırılması zamanı “AZEMİS” Elektron Məhkəmə Sistemindən görünür ki, hazırkı iş üzrə üçüncü şəxs X23 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının üzərində hüquqların mərhum X14 adına qeydə alınması tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, inzibati iş hal-hazırda məhkəmənin icraatındadır. Qeyd edilən iş materiallarında olan cavabdeh orqanın çoxmərtəbəli yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizələrin icraasından imtina məktublarından da məlum olur ki, aparılan araşdırma zamanı əmlaka dair məhkəmə mübahisəsi olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı əlverişsiz faktiki xarakterli hərəkətlərinin olması öz təsdiqini tapmadığından iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1645/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1645/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver