Məhkəmə qərarları › İş №2-1(114)-165/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-165/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-165/2020 18.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Samux rayon şöbəsi) qarşı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Samux rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1971-ci ildən əmək fəaliyyətinə başlamış, hərbi xidmətdə olduğu 1973-1975-ci illər istisna olmaq şərtilə müxtəlif idarələrdə fəhlə və sürücü kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2019-cu il tarixdə DSMF-nin Samux rayon şöbəsinə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr ərzində “Samux Aqrotexservis” ATSC-də işlədiyi illəri dəqiqləşdirmək mümkün olmadığından ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1843/2019 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsinə qarşı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr ərzində “Samux Aqrotexservis” ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1994-1998-ci illərdə “Samux Aqrotexservis” ATSC-də sürücü işləmiş, Qaz-53 markalı avtomobillə sovxozlara yanacaq daşımışdır. Cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, “Samux Aqrotexservis” ATSC-nin arxiv sənədləri arxivə verilmədiyinə və yerində qarşılıqlı yoxlama aparmaq mümkün olmamışdır, ona görə iddiaçının 1994-1998-ci illərdə “Samux Aqrotexservis” ATSC-də işlədiyi illər nəzərə alınmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Samux rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr ərzində “Samux Aqrotexservis” ATSC-də işlədiyi illəri dəqiqləşdirmək mümkün olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. -İddiaçı məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, sonuncu xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr ərzində “Samux Aqrotexservis” ATSC-də işləmişdir. -Samux rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 170 nömrəli məktubundan görünür ki, Samux rayon MTT və MİB-nin sənədləri mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -Samux rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli, 19 nömrəli məktubunun surətindən görünür ki, “Samux Aqrotexservis” ATSC xx.xx.1996-cı il tarixdən statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasında onun xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr ərzində “Samux Aqrotexservis” ATSC-də işlədiyi illəri dəqiqləşdirmək mümkün olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən əmək kitabçası əmək pensiyasının təyin edilməsi üçün əsas sənəd hesab olunur və məhkəmə qeyd edir ki, müəssisənin arxiv sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilməməlidir. Məhkəmə iddiaçıya məxsus əmək kitabçasını mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 4 il 3 ay 25 gün sığorta stajının olmasını qəbul edir. Həmçinin əmək kitabçasına əsasən iddiaçının cəmi 27 il 26 günsığorta stajı yaranmış olur. Göründüyü kimi yuxarıda qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur, ona görə də qeyd olunan müddətlər onun sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar