Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-165/2022 25.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək mülkiyyətə verilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 19.10.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının 06.02.1999-cu il tarixli 25 saylı sərəncamı ilə ona verilmiş torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək mülkiyyətə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının 06.02.1999-cu il tarixli 25 saylı sərəncamı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi həmin vaxtdan iddiaçı tərəfindən təyinatına uyğun olaraq istifadə edilərək əkilir və məhsul götürülür. İddiaçı qeyd olunan torpaq sahəsinə çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, qeydiyyat üçün əsas kimi Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının 06.02.1999-cu il tarixli 25 saylı sərəncamı təqdim edilmiş, lakin torpaq sahəsinin təsdiq edilmiş planı aşkar edilməmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İddiaçı 25.01.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Ağstafa Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş 06.02.1999-cu il tarixli aktdan görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün İddiaçı Ağstafa təcrübə tarlasından 0.10 ha torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. -surəti işə əlavə edilmiş Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının 06.02.1999-cu il tarixli 25 saylı sərəncamından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Ağstafa təcrübə tarlasının ərazisindən 0.10 ha torpaq sahəsinin ayrılması barədə komissiya tərəfindən tərtib edilmiş akt təsdiq edilmişdir. -Ağstafa Rayon İcra Hakimiyyətinin 23.11.2021-ci il tarixli 889/g-4 nömrəli məktubunda bildirilir ki, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının 06.02.1999-cu il tarixli 25 saylı sərəncamı ilə İddiaçı ayrılmış sahənin yerləşmə yeri, planı və koordinatları müəyyən edən sənədlərə dair Ağstafa Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. -Ağstafa rayon Dövlət Arxivinin 15.12.2021-ci il tarixli 72 nömrəli məktubunda bildirilir ki, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının 06.02.1999-cu il tarixli 25 saylı sərəncamı ilə İddiaçı ayrılmış sahənin yerləşmə yeri sərəncamda qeyd olunsa da, planı və koordinatları müəyyən edən sənədlər arxivdə aşkarlanmamışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 06.07.2021-ci il tarixli **********31 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, yuxarıda adı çəkilən müvafiq sərəncam əsasında iddiaçıya torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Ağstafa rayonu ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı müvafiq sənədlər əsasında ona Ağstafa təcrübə tarlasının ərazisindən 0.10 ha torpaq sahəsinin ona verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək mülkiyyətə verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-165/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-165/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver