Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-165/2023 27.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X8 vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayon Zurnabad bələdiyyəsinə qarşı (üçüncü şəxslər X16, X9, X19 və X20) qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Göygöl rayon Zurnabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X10, X5, X13 və X14 hər birinə 0.08 ha torpaq sahəsinin satılması barədə Göygöl rayon Zurnabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon Zurnabad kəndində iddiaçının atası X6 mülkiyyətində ferma var və fermanın ətrafında yerləşən 1.67 ha torpaq sahəsini iddiaçı xx.xx.2006-cı il tarixli icarə müqaviləsi əsasında Zurnabad bələdiyyəsindən 15 il müddətinə icarəyə götürmüş və həmin sahədən istifadə edir. İcarənin müddəti xx.xx.2021ci il tarixdə bitdiyinə görə xx.xx.2020-ci il tarixdə müqavilənin müddətinin artırılması üçün cavabdehə müraciət etdə də müsbət cavab ala bilməmiş, eyni zamanda məlum olmuşdur ki, bələdiyyə xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarla həmin sahənin 0.32 ha hissəsini hər birinə 0.08 ha olmaqla X10, X5, X13 və X1, sonuncular isə həmin sahələrə çıxarış əldə etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, icarəyə götürdüyü sahənin koordinatlarını müəyyən edən müvafiq sənədləri yoxdur, buna baxmayaraq sahə hər tərəfdən dəmir torla əhatə olunmuşdur, üçüncü şəxslərə satılmış sahə həmin ərazidə yerləşdiyinə görə onlara sahədən istifadə etməyə imkan vermir. Cavabdeh Göygöl rayon Zurnabad bələdiyyəsinin nümayəndəsi X15 əvvəlki məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını və bələdiyyənin sənədlərinin hansı orqan tərəfindən götürülməsi barədə məlumatının olmadığını bildirmişdir. Üçüncü şəxs X8 nümayəndəsi X21 iddianı qəbul etməmiş və ildirmişdir ki, atasına verilmiş torpaq sahəsi qanuni əsaslarla satılmışdır. Üçüncü şəxs X8 vəkili X7 iddianı qəbul etməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əavə edilmiş Göygöl rayon Zurnabad bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarından görünür ki, 2.0 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. -surəti işə əavə edilmiş Göygöl rayon Zurnabad bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsindən görünür ki, 1.67 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı razılığa gəlmişlər. - surəti işə əavə edilmiş Göygöl rayon Zurnabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarından görünür ki, Zurnabad bələdiyyəsinin kənd daxili ərazisindən 1,44 ha torpaq sahəsinin hər birinə 0.08 ha olmaqla 18 nəfər sakinə satılması qərara alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan və surəti işə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, X8, X4, X11 və X12 adına verilmiş xx.xx.2008-ci il tarixli 4 ədəd çıxarışın verilməsinə əsas olmuş ilkin sənəd Zurnabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarıdır. -Göygöl rayon Zurnabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 40 nömrəli məktubunda bildirilir ki, bələdiyyənin sənədləri keçmiş bələdiyyə sədrinin barəsində istintaq edilmiş cinayət işi üzrə aidiyyəti orqanlar tərəfindən götürülmüşdür. -Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda X3 barəsində baxılmış cinayət işi üzrə İddiaçı icarəyə verilmiş torpaq sahəsinin koordinatlarını əks etdirən müvafiq sənədlərin iş materialllarına əlavə edilmədiyi bildirilir. -Göygöl Dövlət arxivindən və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən alınmış məlumatlardan görünür ki, Göygöl rayon Zurnabad bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarı və həmin qərarla bağlı sənədlər həmin qurumlarda mövcud deyil. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddia ərizəsinin məzmunu və iddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçı Göygöl rayon Zurnabad bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 nömrəli qərarı ilə onun icarəsinə verilmiş torpaq sahəsinin istifadəsində olan və dəmir torla əhatə olunmuş sahənin ilə eyni olmasını və üçüncü şəxslərə satılmış torpaq sahəsinin həmin əraziyə düşməsini iddia edərək, sonunculara torpaq sahəsinin satılması barədə bələdiyyə qərarını mübahisələndirir. Bununla yanaşı məhkəməyə icarəyə verilmiş və icarəsində olmasını iddia etdiyi torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını və sərhədlərini müəyyən edən müvafiq sübut təqdim etməmişdir. Qeyd olunan sənəd yuxarıda qeyd edildiyi kimi müvafiq aidiyyəti qurumlarda da aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin icarəyə verilməsini təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin sərhədlərini, ölçülərini, coğrafi mövqeyi və.s əks etdirən sənədlər mövcud olmadığı halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Göygöl rayonu Zurnabad kəndinin ərazisində istənilən torpaq sahəsinə iddia etmək mümkün olardı. İddiaçı hazırda istifadəsində olan sahənin ona icarəyə verildiyini iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından həmin torpaq sahəsinin hazırda mübahisələndirilən bələdiyyə qərarı ilə satılması nəzərdə tutulmuş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona icarəyə verilmiş sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Göygöl rayon Zurnabad bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-165/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-165/2023
27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver