Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-165/2024 06.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs “Tovuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi) qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əliliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Tovuz rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1994-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən travma almışdır. Bu iş materiallarına əlavə etdiyim Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 8 nömrəli qərarındada öz əksini tapmışdır. "İİİ-İV dərəcəli donvurma nətinəsində (1994-cü il) aparılmış sağ pəncənin bütün barmaqlarının amputasiyasından sonrakı güdülü, sol pəncənin l-İl barmaqlarının distal falanqaları səviyyəsində bərkimiş dəri çapığı, funksiyanın cüzi dərəcədə pozulması" səbəbi ilə 3-cü dərəcəli əlillik təyin olunmuşdur. Bununla bağlı xx.xx.2003-cü il tarixli əlillik vəsiqəsi verilmişdir. Bundan sonra əlilliyi dayandırılmışdır. Əlilliyinin yenidən bərpa olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh əsassız bir səbəbə görə imtina etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2023-cü il tarixli, **********5 nömrəli qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etiraz qeydlərində bildirilir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan sikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. -Tovuz rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0321003AANYG nömrəli göndərişi asasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0321003AAROG nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə giymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixli 8 nömrəli Qərar verilmişdir. Həmin qərarda "İİİ-İV dərəcəli donvurma nəticəsində (1994-cü il) aparılmış sağ pəncənin bütün barmaqlarının amputasıyasından sonrakı güdülü, sol pəncənin l-İl barmaqlarının distal falanqaları səviyyəsində bərkimiş dəri capığı, funksiyanın cüzi dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin müayinəsi zamanı sağ pəncədə barmaqlarının olmaması izlənilmişdir. Periferik nəbz kafi dolğunluqdadır. Xroniki qan dövranı çatışmazlığı, xroniki işemiya əlamətləri müəyyən edilməmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Həmçinin, vətəndaş təkrarən xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin müayinəsi zamanı ayaqlarında ağrıdan, sancıdan şikayətlənmişdir. Baxış zamanı sağ ayağın bütün barmaqlarının proksimal falanqa səviyyəsindən amputasiyası, periferik arteriyalarda dolğun nəbz izlənilmişdir. İxtisaslaşmış tibb müəssisələrindən müalicə müddəti yetərsiz olmuşdur" kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayaq barmaqlarının distal falanqa səviyyəsindən amputasion güdülü izlənmiş, hər iki ayaqarxasında dolğun nəbz müşahidə edilmişdir. AR SN Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışda diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinə sənədlərindən görünür ki, İddiaçı xx.xx.2007ci il tarixdə « hər iki ayağın İİİ-İV dərəcə donvurmasından sonra sağ ayağın bütün barmaqlarının amputasiyası, sol ayağın İ-İİ barmalarının distal falanqalarının amputasiyası, barmaqların çapıq döyənəyi, hər iki ayağın işemiyası » diaqnozu ilə 1 il müddətinə üçüncü dərəcə, eyni diaqnozla 2008-ci ildə 1 il müddətinə ikinci dərəcə, 2014cü ildə 1 il müddətinə ikinci dərəcə, 2015-ci ildə 1 il müddətinə ikinci dərəcə və 2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 2021-2022-ci illərdə müxtəlif tarixlərdə « Göndərişin natamam doldurulması, « əlavə müalicəyə ehtiyacın olması » və « əlillik əlaməti təyin edilmir » səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, **********5 nömrəli qərarının məzmunundan görünür ki, iddiaçıya əlillik təyinatından imtina edilmişdir. -surəti işə əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsinin T 661/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı hazırda "Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması. Donvurma nəticəsində İİİ-İV dərəcəli (1994) sağ ayağın İ-İİ-İİİ-İV barmaqlarının daraq sümüklərinin başı səviyyəsində amputasiya güdülləri." xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən diaqnoz xx.xx.2023-cü il tarixli qərardakı diaqnozla uyğunluq təşkil edir və onun orqanizmində baş verən patoloji duruma uyğun düzgün müəyyən edilmişdir. İddiaçı əziyyət çəkdiyi "Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması. Donvurma nəticəsində İİİ-İV dərəcəli (1994) sağ ayağın İ-İİ-İİİ-İV barmaqlarının daraq sümüklərinin başı səviyyəsində amputasiya güdülləri." xəstəliklər nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın bəndlərindən birini aid etmək mümkün olmadı. İddiaçının hazırda əlavə müalicəyə ehtiyacı yoxdur və kəskinləşərkən müalicəyə cəlb oluna bilər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona “hər iki ayağın İİİ-İV dərəcə donvurmasından sonra sağ ayağın bütün barmaqlarının amputasiyası, sol ayağın İ-İİ barmalarının distal falanqalarının amputasiyası, barmaqların çapıq döyənəyi” diaqnozu qoyulmaqla, dəfələrlə üçüncü və ikinci dərəcə əlillik təyin edilməsinə baxmayaraq, növbəti müayinələr nəticəsində eyni diaqnozla “Əlavə müalicəyə ehtiyacın olması”, “Göndərişin natamam doldurulması” və “əlillik əlamətinin olmaması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. -3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. -13.4.21 bəndinə əsasən pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyasına görə orqanizmin funksiyalarının pozulması faizi 35 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddətsizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya yuxarıda qeyd olunan meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faizi 35 faiz olmaqla əlillik təyin edilməli olduğu halda cavabdeh orqan bir neçə dəfə müxtəlif səbəblərə, o cümlədən əlavə müalicəyə ehtiyacın olmasına istinad edərək, əlillik təyinatından imtina etmişdir. Həmçinin qeyd edilməlidir ki, tibb elminin ən müasir nailiyyətləri nəticəsində də amputasiyaya məruz qalmış ətrafların uzun müddət keçdikdən sonra müalicə yolu ilə bərpa edilməsi barədə məlumatlar mövcud deyil. Belə olduğu təqdirdə cavabdehin iddiaçını əlavə müalicəyə cəlb etməklə bağlı hərəkətləri başa düşülən deyil. Məhkəmə həmçinin yuxarıda göstərlən əsaslara görə ekspert rəyinə də tənqidi yanaşaraq qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.21-ci bəndində əlillik təyinatı əsasları, habelə iddiaçıya qoyulmuş diaqnoz aşkar göründüyü halda əsaslandırılmamış rəy verilmişdir. Odur ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya əlillik təyinatından imtina hissəsində qismən ləğv edilməli və iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının 35 faiz pozulması əsası ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.21-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35 faiz olmaqla, xx.xx.2023-cü il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-165/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-165/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver