Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1650/2020 22.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) qarşı müharibə veteranı adının təsdiq olunması tələbi barədə iddianın mümkünlüyü məsəlsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə (bundan sonra mətndə cavabdehə) qarşı xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə kimi hərbi xidmətinin müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). İddiaçıya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinə əsasən iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair qanunauyğunluq göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmaqla vaxt verilmiş, lakin iddiaçı tərəfindən məhkəmənin qanunauyğunluğuna əməl edilməmişdir. Bundan başqa, iddia ərizəsində tələb qeyri-müəyyən olmaqla, «xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə kimi hərbi xidmətinin müəyyən olunması» qeyd edilmişdir. Lakin, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1. maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) qarşı xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə kimi hərbi xidmətinin müəyyən olunması tələbinə dair iddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1650/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1650/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver