Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1650/2022 25.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı orderdə düzəliş edilməsi və çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 01 oktyabr 1986-cı il tarixli 214 nömrəli orderdə düzəliş edilərək ata adının Bəhruz kimi deyil Qüdrət kimi qeyd olunması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan 214 nömrəli, 01 oktyabr 1986-cı il tarixli orderlə X2 adınadır. Order tərtib olunan zaman iddiaçının ata adı Qüdrət əvəzinə Bəhruz kimi qeyd olunmuşdur. İddiaçı qeyd olunan halla bağlı cavabdehə müraciət edərək orderdə düzəliş edilərk ata adının Bəhruz kimi deyil Qüdrət kimi qeyd olunmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 01 oktyabr 1986-cı il tarixli, 214 nömrəli orderdə ailə tərkibinə daxil olan şəxslərin siyahısında İddiaçı olmuşdur. Lakin mənzilin öz adına özəlləşdirilməsi ilə bağlı müraciət edən İddiaçı ata adı şəxsiyyət vəsiqəsində “Qüdrət” orderdə isə “Bəhruz” kimi qeyd olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Kirovabad şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 214 saylı orderindən görünür ki, X3 ailə üzvləri tərkibində arvadı – İddiaçı Bəhruz qızı kimi göstərilmişdir. -surəti işə əlavə edilmiş İ-ИE № 451295 saylı “Doğum haqqında şəhadətnamə”dən görünür ki, qeyd olunan şəhadətnamə İddiaçı adına tərtib olunmuşdur. -"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********37 saylı məktubundan görünür ki, iddiaçının nümayəndəsi X2 müraciətinə cavab olaraq bildirilmişdir ki, mülkiyyətçinin adında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edildiyindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. İş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 36, mənzil 8-ə dair Kirovabad şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 214 saylı orderi iddiaçının mərhum əri X3 adına tərtib edilmişdir. Həmin order tərtib edilən zaman X3 ailə üzvlərindən arvadı İddiaçı ata adı Qüdrət əvəzinə Bəhruz kimi qeyd olunmuşdur. İddiaçı orderdə müvafiq düzəlişin ediləməsi və mənzil üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdehdən tələb etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinin əsasnaməsinin 3-cü bəndində Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrin vəzifələri konkret olaraq qeyd olunmuşdur. Həmin vəzifələrin sırasında digər qurumlar tərəfindən verilmiş sənədlərə (akt, order, şəhadətnamə və s.) düzəliş edilməsi vəzifəsi göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilməlidir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən order digər qurum (Kirovabad şəhəri Xalq Deputatlrı İcraiyyə Komitəsi) tərəfindən verilmişdir. Bir halda ki, order hazırki iş üzrə cavabdeh qurum tərəfindən verilməmişdir, həmin qurum bu sənəddə düzəliş etmək öhdəliyi daşımır. Digər tərəfdən orderdə adı qeyd edilmiş şəxslə iddiaçının ata adında fərq olduğundan cavabdeh orqan haqlı olaraq mənzilin özəlləşdirilməsindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı orderdə düzəliş edilməsi və çıxarışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1650/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1650/2022
25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver