Məhkəmə qərarları › İş №2-1(114)-1651/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1651/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1651/2020 13.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı yenidən tibbi müayinədən keçirilməsi və hərbi xidmətə göndərilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, yenidən tibbi müayinədən keçirilməklə hərbi xidmətə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış və hərbi xidmətə çağırılarkən xx.xx.2015-ci il tarixli 437 nömrəli göndərişlə tibbi müayinə üçün Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilmiş, müayinənin nəticəsi olaraq xx.xx.2015-ci il tarixli 4735 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən xx.xx.2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin xəstəliklər cədvəlinin İ qrafasının “34a” maddəsi ilə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Lakin iddiaçı bildirir ki, 2015-ci ildə komissiyadan keçirilən zaman gözlərində problem olsa da, sonra əməliyyat olunmuş və gözləri təmamilə görür, hərbiyə tam yararlı vəziyyətdədir. Hərbi xidmətə getməsi ilə bağlı o, yenidən tibbi müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, əvvəllər uzağı görmədə problemi olmuş, 2017-ci ildə əməliyyat olunmuşdur, hal-hazırda problem aradan qalxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, 1081 nömrəli etiraz məktubunda bildirilir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı həqiqi hərbi xidmətə çağırılarkən tibbi müayinə üçün xx.xx.2015-ci il tarixli 437 nömrəli göndərişlə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilmiş və müayinənin nəticəsi olaraq ona xx.xx.2015-ci il tarixli 4735 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında “OU mürəkkəb miopik astiqmatizm oxlarla sağda M6 OD (altı) və M4, OD (dörd) oxlarla solda və M10 OD (on) Refraksion ambliopia” diaqnozu qoyulmuşdur.Xidmətin Bərdə rayon şöbəsinin hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilərkən qoyulmuş diaqnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin “34b” maddəsinin İ qrafasına əsasən, “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Rayon çağırış komissiyasının qərarı xx.xx.2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin “34a” maddəsinin İ qrafasına əsasən (diaqnoz: OU mürəkkəb miopik astiqmatizm oxlarla M6 OD (altı) və M4, OS M 13OD(on üç) və M9, OD (doqquz) refraksion ambliopiya, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir.“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sində “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmiş şəxslərin təkrar tibbi şəhadətləndirilməsi nəzərdə tutulmadığından İddiaçı tibbi müayinədən keçirilməklə hərbi xidmətə göndərmək mümkün deyil. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2020-ci tarixli 699 nömrəli məktubundan görünür ki, İddiaçı yenidən tibbi müayinəyə göndərilməklə müddətli həqiqi hərbi xidmətə cəlb edilməsindən imtina edilmişdir. -Bakı Elmi Tədqiqat Göz xəstəlikləri klinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tibbi arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “eximer laser” korreksiyası icra olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyyət baxımından qismən əsaslıdır. Belə ki, araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il təvəllüdlü olmaqlahəqiqi hərbi xidmətə çağırılarkən tibbi müayinə üçün müvafiq Mərkəzə göndərilmiş və müayinənin nəticəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin “34a” maddəsinin İ qrafasına əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixdə “eximer laser” korreksiyası icra olunmuşdur və hazırda iddiaçı səhhətilə bağlı problemin aradan qalxdığına görə yenidən tibbi şəhadətləndirilməsini və bu əsasla hərbi xidmətə göndərilməsini tələb etmiş, cavabdeh orqan isə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmiş şəxslərin təkrar tibbi şəhadətləndirilməsi nəzərdə tutulmadığından onu tibbi müayinədən keçirilməklə hərbi xidmətə göndərilməsindən imtina etmişdir. Göründüyü kimi iddiaçının tələbi 2 hissədən- yenidən tibbi müayinədən keçirilməsi və hərbi xidmətə göndərilməsindən ibarətdir. Tələbin “yenidən tibbi müayinədən keçirilmə” hissəsi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydaları, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilir. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin:- -1.9-cu bəndində qeyd olunmuşdur ki, vətəndaş hərbi-həkim komissiyasının (həkimuçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. -həmin bəndin 1-ci hissəsində qeyd olunmuşdur ki, yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. -həmin bəndin 2-ci hissəsində qeyd olunmuşdur ki, hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. -həmin bəndin 3-cü hissəsində qeyd olunmuşdur ki, əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin “34a” maddəsinin İ qrafasına əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. Xəstəliklər cədvəlinin 34-cü maddəsinin “a” bəndinə əsasən refraksiyanın və akkomodasiyanın pozulma dərəcəsi “hər hansı gözün meridianlardan birində 12,0 DPTRdən artıq yaxıngörməsi və ya uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 6,0 DPTR-dən artıq refraksiya fərqi ilə hər növ astiqmatizm” kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş tibbi arayışla müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2018ci il tarixdə “eximer laser” korreksiyası icra olunmuş və korreksiya ilə onun görmə itiliyində əhəmiyyətli fərq yaranmışdır. Qeyd olunan hal isə mövcud qanunvericiliyin tələblərinə əsasən onun təkrar şəhadətləndirilməsi üçün əsas hesab edilir. Odur ki, məhkəmə tələbi bu hissədə əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlir. Tələbin “hərbi xidmətə göndərilmə” hissəsi isə hazırki vəziyyətdə təmin edilə bilməz. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. -15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə əsasən tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətlərə çağırılırlar. Hazırki halda iddiaçı müvafiq komissiyadan keçdikdən sonra tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi xidmətə çağrılmanın tələblərinə cavab verəcəyi halda həqiqi hərbi xidmətə göndərilə bilər. Odur ki, iddiaçı barəsində komissiyanın qəbul edəcəyi müvafiq qərarı əvvəlcədən təxmin etmək mümkün olmadığı üçün tələbin “hərbi xidmətə göndərilmə” hissəsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən isə iddiaçı hərbi xidmətə “yaralı” hesab ediləcəyi təqdirdə onun hərbi xidmətə göndərilməsi müddəti və tarixi məhkəmə qaydasında həll edilə bilməz, bu cavabdeh orqanın bilavasitə səlahiyyətindədir. Beləliklə məhkəmə iddiaçının yenidən tibbi müayinədən keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qənatinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı yenidən tibbi müayinədən keçirilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar