Məhkəmə qərarları › İş №2-1(114)-1651/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1651/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1651/2022 15.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl rayonu, Qızılca kəndində 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: DT və XK-nin Xanlar rayon şöbəsinin müdir əvəzi H.C.Rzayev, rayon Dövlət yanğın təhlükəsizliyi xidmətinin rəisi Məhərrəmov, rayon Dövlət Sanitar həkimi Kərimov, Qızılca bələdiyyəsinin üzvü F.Zeynalov və İddiaçı (bundan sonra mətndə - iddiaçı) tərəfindən xx.xx.2002-ci il tarixdə Xanlar rayonu Qızılca kəndində tərtib edilmiş akta əsasən Qızılca bələdiyyəsinin daşlı sahəsindən 0,10 hektar ayrılıb iddiaçıya sex tikintisi üçün daimi istifadəyə verilməsi məqsədəuyğun hesab edilmişdir. Xanlar Rayon Qızılca bələdiyyə başçısının xx.xx.2002-ci il tarixli 01 nömrəli qərarı ilə qərara alınmışdır: 1) Xanlar rayonu, Qızılca kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı daşlı örüş sahəsindən alqı-satqı qaydasında iddiaçıya seüx tikintisi məqsədilə 0,10 ha torpaq sahəsinin satılması barədə rayon torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlər alınsın; 2) İddiaçıya Qızılca kəndinin bələdiyyə ehtiya fondunun alqı-satqı predmeti olan daşlı örüş torpaq sahəsindən sex tikintisi məqsədilə 0,10 ha torpaq sahəsi satılsın; 3) Daşlı örüş sahəsinin normativ qiyməti xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Konitəsindən xahiş edilsin; 4) İddiaçıya tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini bələdiyyənin bankdakı xüsusi hesabına ödəsin və ödəmə barədə qəbzi rayon Torpaq şöbəsinə təqdim etsin; 5) Rayon Torpaq şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilən nümunə əsasında “torpaqların alqı-satqısına” dair üç nüsxədən ibarət akt tərtib edilsin....... Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 90 nömrəli sərəncamı ilə iddiaçıya Xanlar rayon Qızılca bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarı ilə sex tikintisi aparmaq məqsədilə satılmış 0,10 ha torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 593,0 kv.m və 163,8 kv.m olan iki daşkəsmə sexi, 89,9 kv.m emalatxanadan və 20,8kv.m anbardan ibarət dəzgah sexi, 12,0 kv.m xidmət otağından, ümumi sahəsi 18,6 kv.m sanitar qovşağından ibarət köməkçi bina, ümumi sahəsi 26,6 kv.m vaqon-ev və 21,1 kv.m müdir otağından, 9,2 kv.m mühasibatxanadan, 8,1 kv.m xidmət otağından, 6,1 kv.m dəhlizdən və 1,6 kv.m sanitar qovşağından ibarət idarə binası rəsmiləşdirilmişdir. İddiaçı Göygöl rayonu, Qızılca qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli, **********İ-0055 nömrəli müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubla bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciətinə əlavə edilmiş sənədlər torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas olmadığı müəyyən edilmiş, bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu, Qızılca kəndində 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********68 nömrəli etirazla bildirmişdir ki, parılan araşdırma zamanı ərizəyə əlavə edilmiş Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli qeydiyyata alınmış torpaqların alqı-satqısına dair Aktın, yerquruluşu planından çıxarışın və Göygöl (Xanlar) rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 01 qərarının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Təqdim olunan sənədlər əsasında qeydiyyata alınmalı olan torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, torpaq sahəsinin şimal-şərq tərəfindən 2-3 m məsafədə torpaq sahəsinin cənuba uzanan hissəsi boyu 6-10 kV-luq yüksək gərginlikli elektrik xətti keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən, gərginliyi 6-10 kV olan elektrik xətlərinin mühafizə zonası 10 m müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs Göygöl rayonu Qızılca bələdiyyəsi xx.xx.2022-ci il tarixli 220 nömrəli məktubu ilə bildirmişdir ki, “bələdiyyənin xx.xx.2002-ci il tarixli 01 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi İddiaçı satılmışdır. Bələdiyyə arxivində bu barədə heç bir sənəd olmadığından vətəndaşa alqı-satqı etdiyi torpaq sahəsinə dair sənəd verilməsi imkan xaricindədir. Göründüyü kimi, alqı-satqı edilmiş torpaq sahəsinə dair vətəndaş tərəfindən Bələdiyyəyə ödəniş edilməzdisə hüquqverici sənədlər təqdim edilməzdi” (olduğu kimi köçürülmüşdür). Üçüncü şəxs şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2002-ci il tarixdə Xanlar rayonu Qızılca kəndində tərtib edilmiş aktın notariat qaydada təsdiq edilmiş surəti, Xanlar Rayon Qızılca bələdiyyə başçısının xx.xx.2002-ci il tarixli 01 nömrəli qərarının təsdiqlənmiş surəti, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 90 nömrəli sərəncamının təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2022-ci il tarixli **********97 imtinası, xx.xx.2022-ci il tarixli, **********68 nömrəli etirazı, bələdiyyənin xx.xx.2022-ci il tarixli, 103 nömrəli məktubu, xx.xx.2022-ci il, 220 nömrəli münasibəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilibedilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırma aparılmalıdır. Yəni, təkcə bələdiyyə qərarının mövcudluğu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına əsas verməməlidir. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Lakin belə bir müqavilə iş materiallarında mövcud deyildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Hazırkı iş materialları ilə müəyyən edilir ki, xx.xx.2002-ci il tarixdə tərtib edilmiş aktla bələdiyyənin mülkiyyətində olan daşlı örüş torpaq sahəsindən 0,10 ha torpaq sahəsinin iddiaçıya daimi istifadəyə verilməsini məqsədəuyğun hesab etmişdir. Sözügedən Akt torpaq sahəsinin daimi verilməsi barədə olsa da, bələdiyyə həmin torpaq sahəsinin satılması barədə qərar qəbul etmişdir. Lakin torpağın satılması barədə bələdiyyə tərəfindən qərar qəbul edilsə də, iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilməsi – qərarın 3-cü, 4-cü və 5-ci bəndlərinə əsasən torpaq sahəsinin normativ qiymətinin müəyyən edilməsi, iddiaçı tərəfindən torpağın dəyərinin ödənilməsi və Torpaqların alqı-satqısına dair aktın tərtib edilməsi müəyyən olunmur. Ümumiyyətlə, iş materiallarında iddiaçının iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeyd alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməli idi. Sözügedən sənədlərlə bağlı Milli Arxiv İdarəsinin müvafiq idarəsinə və bələdiyyəyə sorğular göndərilsə də, qeyd olunan sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.5ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl rayonu, Qızılca kəndində 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar