Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1658/2021 07.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinin nümayəndəsi (sədri) X2 iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı torpaq sahəsinin daxili su arxının bərpa edilməsi və torpağa giriş-çıxış yolunun açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı 22.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Qızılhacılı qəsəbəsində ona məxsus 0.08 ha torpaq sahəsində yerləşən təsərrüfatını su ilə təmin edən daxili su arxının bərpa edilməsi və həmin torpağa giriş-çıxış yolunun açılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 16 may 2001-ci il tarixli 16 saylı qərarı ilə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-900A kod 50904018 saylı şəhadətnamə əsasında iddiaçının mərhum atası X3, anası X5, qardaşı X4 və iddiaçının mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla onların birgə mülkiyyəti kimi qeydiyyata alınmış və torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçının Goranboy rayon Qılhacılı qəsəbə Bələdiyyəsinə və adiyyatı üzrə digər dövlət orqanlarına ona məxsus həyətyanı torpaq sahəsini suvarmaq üçün daxili su arxının verilməsinə və həmin torpaq sahəsinə giriş-çıxış yolunun açılmasına dair dəfələrlə müraciətlər etsə də, ona həmin torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün su arxının bir neçə vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsindən keçməli olduğu bildirilmiş, bununla da öz vəzifə borclarini bitmiş hesab edərək məhkəməyə müraciət etməsi töhvsiyyə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ümumi su arxı onun torpaq sahəsindən təxminən 200-300 metr aralıdan keçir, həmin kanaldan onun sahəsinə su arxı çəkmək üçün Elxan adlı şəxsə bələdiyyə tərəfindən satılmış torpaq sahəsi mane olur. Onun torpaq sahəsindən kəndə getməyə və asfalt yola başqa yol var, lakin Elxana məxsus mağaza olmasaydı oradan daha yaxın yol ola və su arxı çəkilə bilərdi. Bundan başqa onun torpaq sahəsinə başqa bir nəfərin torpağından keçməklə su gəlir, lakin həmin şəxs nə vaxtsa buna qadağa qoysa onun torpaq sahəsi susuz qala bilər. Cavabdehin nümayəndəsi (sədri) X6 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yol və su arxı kimi tələb etdiyi sahədən xəritəyə əsasən yol və su arxı nəzərdə tutulmamışdır, ona görə də iddiaçının müraciəti bələdiyyə tərəfindən təmin edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 01.06.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi X3, İddiaçı, X4 və X5 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Goranboy rayon Qızılhacılı bələdiyyəsinin 08.06.2021-ci il tarixli, 163 nömrəli məktubdan görünür ki, Qızılhacılı Bələdiyyəsində olan həyətyanı torpaq sahələrinin xəritəsində bir neçə vətəndaşın həyətyanı torpaq sahəsinə təsərrüfatın daxili su arxı işlənməmişdir, İddiaçı həyətyanı torpaq sahəsinə su arxı verilməsi üçün bir neçə vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahələrindən keçməlidir, xəritədə həmin torpaq sahələrindən su arxı göstərilmədiyi üçün bələdiyyənin həmin sahələrdən məcburən su arxı açması mümkün deyil. -surəti işə əlavə edilmiş Goranboy rayon Qızılhacılı bələdiyyəsinin 09.06.2021-ci il tarixli, 34 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus torpaq sahəsinə su xəttinin çəkilməsi bələdiyyənin səlahiyyətinə aid deyil. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı Goranboy rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin daxili su arxının bərpa edilməsi və torpağa giriş-çıxış yolunun açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, cavabdeh orqan bütün bunların bələdiyyənin səlahiyyətində olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquq münasibətləri Azərbaycan Respublikasının Su Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin:- -11-ci maddəsinə əsasən su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. Bələdiyyələr su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər. Azərbaycan Respublikasında bələdiyyələrin ərazilərində yerləşən su təsərrüfatı obyektlərinin istifadəsi və onların mühafizəsi ilə əlaqədar bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər arasında münasibətlərin hüquqi əsasları “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bələdiyyələrin su münasibətlərinin obyektinə bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə, habelə X1 istifadəsində olmayan yerli əhəmiyyətli su obyektləri və su fondunun torpaqları daxildir. İş materialları ilə müəyyən olunur ki, sözügedən torpaq sahəsi Goranboy rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə iddiaçıya və ailə üzvlərinə verilmişdir və hazırda həmin torpaq sahəsi onların xüsusi mülkiyyətindədir. Yuxarıda istinad olunan Qanunun tələbinə əsasən bələdiyyələrin su münasibətlərinin obyektinə bələdiyyə torpaqlarında yerləşən su obyektləri və su fondunun torpaqları aiddir. Bu səbəbdən də qeyd olunan torpaq sahəsi bələdiyyə tərəfindən verilmədiyinə görə həmin torpaq sahəsinin daxili su arxının bərpa edilməsi, həmçinin torpağa giriş-çıxış yolunun açılması da bələdiyyədən tələb edilə bilməz. Qeyd edilən məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 175-ci maddəsinə əsasən (özgənin sahibliyində olan sahədən zəruri yol və keçid) tənzimlənə bilər. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı özü də izahatında bildirmişdir ki, hazırda ona məxsus sahəyə su gəlir, həmçinin yol da vardır, buna baxmayaraq iddiaçı əsas yola yaxın daha qısa yol açılmasına nail olmaq niyyətindədir, eləcə də su arxı ilə bağlı qabaqlayıcı tədbir kimi əlavə su arxının verilməsini tələb edir. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı torpaq sahəsinin daxili su arxının bərpa edilməsi və torpağa giriş-çıxış yolunun açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1658/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1658/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver