Məhkəmə qərarları › İş №2-1(114)-1658/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1658/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1658/2025 01.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydiyyatının ləğv edilməsi tələbinə dair, qarşlıqlı iddia üzrə iddiaçı X3 cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsinə qarşı icarə müqavilələrinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının vəkil olan nümayəndəsi X1, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X21, X10, X17 və X19 və Şəmkir rayonu Keçili bələdiyyəsi) qarşı reyestr qeydiyyatının ləğv edilməsi tələbinə dair, qarşlıqlı iddia üzrə iddiaçı X3 cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsinə qarşı icarə müqavilələrinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Şəmkir rayonu Keçili bələdiyyəsi ilə İddiaçı arasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2019-cu il tarixdən, xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2030-cu il tarixinədək olan İddiaçı icarəyə verilməsi barədə müqavilələr bağlanılmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3209 ha torpaq sahəsi üzərində X14 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli A 443950 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamələrə əsasən X9, X21, X10, X17 və X19 xx.xx.2018-ci il tarixdə vəfat etmiş X14 qanun üzrə vərəsələri hesab edilmişlər.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3209 ha torpaq sahəsi üzərində hər birinin payı 1/5 hissə olmaqla, X9, X21, X10, X17 və X8 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli A 855948 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-275/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçı X3 və digər ailə üzvlərinin paylı mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdeh İddiaçı zəbtindən azad edilməsi, həmin torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınn xx.xx.2025-ci il tarixli 2(104)- 282/2025 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 275/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-2068/2025 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-282/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı Şəmkir rayonu, Keçili kəndində yerləşən torpaq sahəsi üzərində mülkyyət hüququna dair qeydiyyatın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətə, həmin orqanın xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-M-01xx-xx/2025 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, müraciətdə qeyd etdiyi Şəmkir rayonu, Keçili kəndində yerləşən torpaq sahəsinə dair qeydiyyatın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Məlumat üçün bildirilir ki, 29 iyun 2004cü il tarixli 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində göstərilir ki, “Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Odur ki, sözügedən çıxarışın ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəmüvafiqdir və bununla bağlı məhkəmə tərəfindən hər hansı bir xeyrinə qanuni qüvvəsini allmış məhkəmə qərarı təqdim edildikdən sonra, qəbul edilmiş qərarın məzmunu üzrə 29 iyun 2004-cü il tarixli 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qanunamüvafiq qaydada baxıla bilər.

7. Şəmkir rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, Şəmkir rayonu, Keçili kəndində yaşayan X3 əri X14 adına olan JN-723 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı Şəmkir RPŞ-də itirilmiş və tapılmış sənədlərin siyahısında qeydə alınmamışdır.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli k-3-48-13F/3-103/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şəmkir rayon Keçili bələdiyyəsinin 2000-09-cu illərə dair protokollar kitablarında İddiaçı adına icarəyə torpaq sahəsi verilməsi barədə heç bir qərar aşkar edilmədi. Qeyd: 2009-cu ildən sonrakı illərin protokolları hələlik Filiala dövlət mühafizəsinə verilməmişdir.

9. Məhkəmənin sorğusuna Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 93 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı adına olan 0.32 ha torpaq sahəsi müqavilə əsasında bələdiyyənin büdcəsinə pul ödəmək məqsədi ilə 2001-ci ildən bələdiyyə ilə müqavilə bağlanmışdır. Həmin ərazi uzun müddət boş olduğu üçün texniki səhv olaraq həmin ərazi icarəyə verilmişdir. Həmin 0.32 ha torpaq sahəsini icarəyə verilən zaman bələdiyyə tərəfindən protokol yazılmamışdır. Həmin 0.32 ha torpaq sahəsi islahat gedən zaman mərhum X20 723 nömrəli dövlət aktı ilə verilmişdir. Həmin torpaq sahəsi mərhum X22 rəhmətə gedəndən sonra həyat yoldaşı X9 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınnmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsindən çıxarış almışdır. II. Məhkəmədə icraat

10. İlk iddia üzrə İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Keçili kəndində yerləşən, istifadəsində olan sahəsi 0.32 ha olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Keçili kəndində yaşayır. Çoxdandır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənddə yaşadığından kənd təsərrüfatıyla məşğul olmağa üstünlük vermişlər. Təxminən 15 ildən çoxdur ki, kənddə mülkiyyətində olan 2.0 ha torpaq sahəsində istilikxana qurmuş, həmin vaxtdan bu günə kmi torpaq sahəsi və istilikxana ilə bağlı ona hər hansı vətəndaşın yaxud bələdiyyənin iradı olmamışdır. Topaq sahəsinə bitişik ərazisi 0.32 ha torpaq sahəsini də becərmək niyyəti olduğundan kənd bələdiyyəsinə müraciət etmişdir. Həmin vaxt Keçili kənd bələdiyyəsinin sədri X15 və müavini ona bildirmişlər ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğundan onun adına sənədləşdirilməsinin heç bir problemi yoxdur. Bundan sonra bələdiyyənin müavini, mütəxəssislərin və onun iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, sahəsi 0.32 ha olan torpaq sahəsi bələdiyyə müliyyətindədir, aktda o da qeyd edilmişdir ki, iddiaçı Ağayeva Xəyalənin əri olmuş Ağyev Vüqarın 0.32 ha torpaq sahəsi ayrılmış və Vüqara təhvil verilmişdir. Vüqara verilmiş torpaq sahəsi ona icarəyə verilmiş 0.32 ha torpaq sahəsindən 1000 metr aralıda yerləşir. Bildirilir ki, Ağayev Vüqara ayrılmış sahəsi 0.32 ha olan torpaq sahəsi onların ailə üzvlərinə birlikdə 3 nəfərə, cəmi 0.96 ha torpaq sahəsi olmaqla vahid əmlak kimi ayrılmışdır. Həmin vaxt Vüqarın adına texniki səhvə görə iki dəfə dövlət aktı verilmişdir. Həmin aktlardan biri JN seriyalı sahəsi 0.32 ha olan torpaq sahəsi (onun torpağına bitişik olan) bələdiyyənin dediyinə görə ehtiyyat fondunda saxlanılmışdır. Təxminən 2015-ci ildən o, torpağına bitişik sahəsi 0.32 ha olan torpaq sahəsinin icarəyə verilməsinə dair Keçili bələdiyyəsi ilə müqavilənamələr bağlamışdır. Həmin müqavilənamələr əsasında o, icarəyə götürülmüş torpaq sahəsi də daxil omaqla istilikxana tikmişdir. Müqavilə bağlandığı vaxtdan bu günə kimi tərəfindən icarə haqları mütəmadi olaraq vaxtında ödənilmişdir. Həmin dövrdə Keçili bələdiyyəsinin bir neçə sədrləri olmuşdur. Bələdiyyənin bütün sədrləri həmin torpağın onun icarəsində olduğunu qəbul edirdilər. Oktay müəllimdən sonra 15 il müddətində bələdiyyənin sədri İnqilab müəllim olmuşdur. İnqilab müəllimin dövründə bələdiyyə ilə müqavilənamələr bağlanmış və yenilənmişdir. Bələdiyyə onunla icarə müqavilələri bağlayıb ondan 23 il müddətində icarə haqları almışdır (icarə haqlarının ödənilməsinə dair arayışlar əlavə edilir). O, Kamal müəllimə torpaq sahəsinin onun adına satılmasını xahiş etdikdə, o, müxtəlif bəhanələr gətirərək tələsməməyini tövsiyyə edirdi. Düşünür ki, həmin torpaq sahəsi 23 il onun istifadəsində olduğundan onun müəlikiyyətinə verilməliydi. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. 11 Saylı Şəmkir Ərazi İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-M-03xx-xx/2024 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan torpaq sahəsinə çıxarış verilmişdir. Bu səbəbdən qeyd olunan uyğunsuzluğu nəzərə alaraq, sözügüdən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti işin faktiki halları ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, həmin torpaq sahəsi 23 ilə yaxındır ki, onun fasiləsiz sahibliyindədir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “X3 adına Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

14. Qarşılıqlı iddia üzrə iddiaçı X9 məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, ünvan 1 sahəsi üzrə Şəmkir rayon Keçili bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə hərəyə 1/5 hissə olmaqla, X3, X16, X5, X7 və X8 adına qeydiyyata alınmışdır. Şəmkir rayonu Keçili kəndində yerləşən 0.32 ha torpaq sahəsi Şəmkir rayonu Keçili bələdiyyəsi ilə bağlanmış müqavilə əsasında İddiaçı istifadəsinə verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-275/2024 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-282/2025 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 275/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin iş cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəmənin icraatındadır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayonu, Keçili kəndində yerləşən, istifadəsində olan sahəsi 0.32 ha olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir və e-2-1(114)-4350/2024 saylı inzibati iş Gəncə İnzibati Məhkəməsinin icraatındadır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1658/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayonu, Keçili kəndində yerləşən, istifadəsində olan sahəsi 0.32 ha olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə X9 zəruri cəlbetmə qaydasında, Şəmkir rayon Keçili bələdiyyəsi isə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində iddiaçının adına qeydə alınmasını tələb etdiyi Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2019-cu il tarixdən, xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2019cu il tarixdən xx.xx.2030-cu il tarixinədək olan icarə müqavilələri İddiaçı ilə Şəmkir rayon Keçili bələdiyyəsi arasında müqavilələr bağlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Həmin Qərarda vurğulanır ki, inzibati müqavilələr də inzibati hüquq münasibətlərini əmələ gəldiyinə görə, bu hal belə müqavilələrdən yaranan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını zəruri edir. Hazırki halda da, mübahisəli (icarə) müqavilə-bələdiyyə ilə vətəndaş arasında bağlanılıb, müqavilənin məqsədi məhz dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə əlaqədardır. Beləliklə, Şəmkir rayonu, Keçili bələdiyyəsi tərəfindən mülkiyyətində olan torpaq sahəsi üzrə bağlanmış icarə müqaviləsi onun mülki hüquqlarına birbaşa və mənfi təsir göstərdiyindən, mülkiyyət hüququnu məhdudlaşdırdığı üçün bu müqavilənin etibarsızlığına dair qarşılıqlı iddianın inzibati məhkəmə baxılması tam əsaslı və qanunauyğundur. Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə ona (əvvəllər də mərhum həyat yoldaşı Vüqar Ağayevə) məxsus olduğundan bələdiyyənin bu torpaq üzərində üzərində icarə vermək səlahiyyəti olmamışdır. Başqa sözlə deyilsə, icarə predmeti olan torpaq bələdiyyənin mülkiyyət və sərəncamında olmayan əmlak olmuşdur. Bu səbəbdən bələdiyyə tərəfindən bağlanmış müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığından etibarsızdır. Bu müqavilə nəticəsində onun mülkiyyət hüququ pozulmuş, torpaq sahəsindən istifadə və faydalanmaya imkanları məhdudlaşdırılmışdır. Eyni zamanda qeyd edilir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin AR Dövlət X6 xx.xx.2024-cü il tarixli məktubunda Şəmkir rayon Keçili bələdiyyəsinin 2000-09-cu illərə dair protokollar kitablarında İddiaçı adına icarəyə torpaq sahəsinin verilməsi barədə heç bir qərar aşkar edilməmişdir. Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubuna görə də İddiaçı adına 0.32 ha torpaq sahəsinin texniki səhv olaraq icarəyə verilmiş və bələdiyyə tərəfindən protokol yazılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 və 329-cu maddələrinə əsasən, icarəyə verilən əmlak üzərində qanuni sərəncam hüququ olmayan şəxs tərəfindən bağlanmış icarə müqaviləsi etibarsızdır. Yuxarıda göstərilənlərlə yanaşı onu da vurğulamaq lazımdır ki, qüvvədə olan İPM-in XV- XİX fəsillərində nəzərdə tutulmuş icraat istisna olmaqla, digər hallarda işlərə qısa müddətə (qısaldılmış qaydada) baxılması ilə bağlı qaydalar nəzərdə tutulmamışdır. Bununla belə, hazırki iş üzrə iddianın ümumi qaydada baxılması və qısa müddətdə baxılmaması mülkiyyətçinin hüquq və azadlıqlarının pozulması nəticəsində ona ağır və bərpaedilməz zərərin vurulmasına səbəb ola bilər. Çünki cavabdeh faktiki olaraq öz əmlakına sahiblikdən məhrum etməsi, başqa sözlə desək əşyasına qanunsuz sahiblik etməsi hüquq pozuntusudur. Ona görə də qanunverici qanunsuz sahiblik dövründə hüquq sahibi olan mülkiyyətçinin məhrum olduğu gəlir, bəhər və digər zərərlərin qanunsuz sahib tərəfindən əldə edilməsinin, sahənin yararsız vəziyyətə salınması və aşınma nəticəsində əmlakın baxar dəyərinin düşməsinin qarşısının alınması üçün qısa müddətdə işə baxılaraq qərar qəbul etməlidir. Xüsusilə qeyd edilməlidir ki, hətta “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.5-cü maddəsi hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulması halını şikayətin bilavasitə Konstitusiya Məhkəməsinə verilməsinə imkan verən hal kimi nəzərdə tutur.

16. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9, X21, X10, X17 və X19 zəruri cəlbetmə qaydasında, Şəmkir rayonu Keçili bələdiyyəsi isə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X19 və X5 üçüncü şəxs kimi icraata cəlb edilmələri barədə vəsatətləri baxılmadan geri qaytarılmışdır.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

20. İlk iddia üzrə iddiaçının vəkil olan nümayəndəsi X1, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X11 məhkəmə iclasına gəlmişlər, lakin ilk iddia üzrə üçüncü şəxslər, qarşılıqlı iddia üzrə iddiaçı isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişlər.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının gəlməyən şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir.

22. İlk iddia üzrə iddiaçının vəkil olan nümayəndəsi X1, hazırkı iddia tələbini müdafiə etdiklərini və iddiaçının hüquqi marağının üçüncü şəxslərin adına aparılmış reyestr qeydinin ləğv edilməsi olduğunu bildirməklə, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. İlk iddia iddiaçının nümayəndəsi X2 ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. İlk iddia üzrə cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında ilk iddia tələbinə etiraz edərək, Ərazi İdarəsi tərəfindən çıxarışın qanuni əsaslarla verildiyini bildirərək, ilkin iddianın rədd edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

25. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri mümkün sayılmamalıdır.

26. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

27. İlk iddia üzrə iş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3209 ha torpaq sahəsi üzərində hər birinin payı 1/5 hissə olmaqla, X9, X21, X10, X17 və X8 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli A 855948 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

28. Hazırki tələbində iddiaçı Şəmkir rayonu Keçili bələdiyyəsi ilə arasında bağlanmış müqavilənamələr əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ona icarəyə verildiyini əsas gətirərək, X3 adına Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsini xahiş edir.

29. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsinə üçüncü şəxslərin adına aparılmış xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli reyestr qeydinin aparılması xx.xx.2022-ci il tarixli 2V-1337, 2V-1338, 2V-1339, 2V-1340 və 2V-1341 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin əsasında həyata keçirilmişdir.

30. Belə ki, həmin reyestr qeydinin aparılmasına əsas olmuş bütün hüquqmüəyyənedici sənədlər cavabdeh orqandan əldə edilərək, müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi Torpağa mülkiyyət hüququna dair JN-724 nömrəli dövlət aktı ilə X14 mülkiyyətinə verilmiş, daha sonra mülkiyyət hüququna dair sonuncunun adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış tərtib edilməklə, adına qeydiyyat aparılmışdır. X14 vəfatından sonra isə həmin torpaq sahəsinə Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 2V-1337, 2V-1338, 2V-1339, 2V-1340 və 2V-1341 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərək, mərhumun vərəsələri X9, X21, X10, X17 və X19 müəyyənləşdirilərək, onların hər biri miras əmlak olan - Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3209 ha torpaq sahəsindən 1/5 hissədə miras payı almışlar. Bundan sonra isə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3209 ha torpaq sahəsi üzərində hər birinin payı 1/5 hissə olmaqla, X9, X21, X10, X17 və X8 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

31. İclas zamanı sədrlik edən tərəfindən iddiaçının vəkil olan nümayəndəsinin diqqətinə işin həmin faktiki halları sadalanmaqla, iddiaçının hüquqi marağına uyğun olaraq mübahisələndirilən reyestr qeydinin aparılmasına əsas olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mülki mühakimə icraatında mübahisələndirilməsi yaxud ilkin torpaq ayırma sənədlərinin inzibati icraatda mübahisələndirilməsi təklif edilmiş, iddiaçının vəkil olan nümayəndəsi X1 iddiaçının hüquqi marağının X3 adına Şəmkir rayonu Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsini tələb etdiyini və hazırkı iddia tələbini müdafiə etdiklərini bildirmişdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında göstərilmişdir ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. - Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

33. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

34. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi çıxarış (reyestr qeydi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında tərtib edildiyindən və həmin şəhadətnamələr ləğv edilmədiyindən (hazırda qüvvədə olduğundan) hazırkı iddia da mümkün sayıla bilməz.

35. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı müəyyən etmə və tanınma haqqında iddia növü ilə çıxış edərək, ünvan 1 sahəsi üzrə Şəmkir rayon Keçili bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

36. Lakin İPM-nin 36-cı maddəsinə müvafiq olaraq. müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə şəxs inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər ki, Xəyalə Ağayevanın etibarsızlığının tanınmasının xahiş etdiyi Şəmkir rayon Keçili bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış icarə müqavilələri inzibati akt deyildir. Eyni zamanda, məhkəmənin sorğusuna Şəmkir rayonu Keçili bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 93 nömrəli cavab məktubunda bildirilmişdir ki, həmin ərazi uzun müddət boş olduğu üçün texniki səhv olaraq həmin ərazi icarəyə verilmişdir. Həmin 0.32 ha torpaq sahəsini icarəyə verilən zaman bələdiyyə tərəfindən protokol yazılmamışdır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.

38. Məhkəmə qeyd edir ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

39. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

40. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır.

41. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.

42. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.

44. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

45. Beləliklə, hazırkı qarşılıqlı iddia üzrə mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından qarşılıqlı iddia mümkün sayılmamalı və iddiaçıya həmin tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

47. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İlk iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X9, X21, X10, X17 və X19 və Şəmkir rayonu Keçili bələdiyyəsi) qarşı reyestr qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsinə qarşı icarə müqavilələrinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar