Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-166/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı prezident təqaüdü fərqinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: «Əlilliyinin qiymətləndirilməsinə» dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 2712003AACKR saylı qərarı ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) “Hərbi əməliyyatlar. Hər iki budun dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sağ aşağı ətrafın arteriya və venalarının hissəvi bağlama. XVCİİİ dərəcə. Sağ bud sümüyünün posttravmatik nevriti. QDÇ İİB, ürək çatmamazlığı İİ f/s. Kəskin və ya xroniki olması dəqiqləşdirilmədən bronxit ÜİX, gərginlik stenokardiyası İİİ f/s. Sağ aşağı ətrafın arteriya və venalarının hissəvi bağlama. XVCİİİ dərəcə. Hipertoniya xəstəliyi İİİ mərhələ” diaqnozu qoyulmuş, müddətsiz olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” təyin edilmişdir. Bundan sonra, iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli 823 nömrəli fərmanının 1.2-ci bəndinə uyğun olaraq Prezident təqaüdü ödənilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(083)-3165/2017 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməmiş Prezident təqaüdünün ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin ödənilməyən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarına və digər normativ hüquqi aktlara əsasən əlillik müəyyən edilməyən müddətə əlilliyə görə sosial müavinət, təqaüd və ya əmək pensiyası təyin olunması nəzərdə tutulmadığını bildirərək xx xxxxxx 2020-ci il tarixli elektron məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ona Azərbaycan Respublikası Prezidentinin ödənilməyən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iki il Sovet Ordusunda, 1988-ci ildən fevral 1992-ci il tarixədək isə N saylı hərbi hissədə (Xocalı şəhər özünümüdafiə dəstəsinin tərkibində) xidmət etmiş, xx.xx.1992-ci ildə Xocalı şəhəri ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. xx.xx.2017-ci il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmiş, hal hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsindən Prezident təqaüdü alır, lakin qanunla müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 2008-ci il tarixdən Prezident təqaüdü almaq hüququ yarandığı gündən «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. O, xx.xx.2017-ci il tarixdə verilmiş müayinə aktına əsasən təqaüd alır və bu hal mübahisələndirilmir. Yəni hazırki iş üzrə mübahisə predmeti onun hansı orqan tərəfindən yenidən müayinə edilməyi və təqaüdün təyin edilməsi üçün əsas olan sənədin hansı orqan tərəfindən verilməsi yox, onun əlilliklə bağlı hüququnun nə vaxtdan yaranmasıdır. Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən ona təqaüd verilməsi, cavabdeh tərəfindən onun təqaüd alması üçün əsas olan əlillik vəziyyətinin müəyyən edən arayışın qəbul edilməsinə dəlalət edir. Lakin bu arayış onun 2017-ci ilin iyun ayından əlil olmağını təsdiq etmir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olduğunu müəyyən edir ki, o, hərbi xidmət vəzifələrinə 1994-cü ildə son qoymuş, 2003-cü ildən müddətsiz əlil olmuşdur. Belə olan halda, cavabdehin 2008-ci ilin yanvar ayından etibarən təqaüd verməsindən imtina etməsi əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK’) xx.xx.2017-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla xx.xx.2017-ci il tarixdən etibarən ömürlük İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. İddiaçı öz tələbini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinad etmişdir. Konustitusiyanın 149cu maddəsinin Vİİ hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçı Konstitusiyanın bu müddəalarını əsas gətirib prezident təqaüdünün fərmanın qüvvəyə mindiyi vaxtdan (xx.xx.2008-ci il tarixdən) hesablanıb ödənilməsini onun “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi məhkəmə tərəfindən nəzərə alınmasının və iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı fərmanın qüvvəyə mindiyi vaxtdan prezident təqaüdünün hesablanıb ödənilməsi onun Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Bundan əlavə, iş materiallarından göründüyü kimi iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK”) xx.xx.2017-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla ömürlük İİ dərəcəli əlillik müəyyən edilmişdir. Bundan sonra iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli, 823 saylı fərmanının 1.2-ci bəndinə uyğun olaraq 143 manat məbləğində aylıq Prezident təqaüdü təyin edilmişdir. Daha sonra İddiaçı 2018-ci ilin mart ayından 2019-cu ilin aprel ayına kimi 158 manat, 2019-cu ilin aprel ayından 2021-ci ilin yanvar ayına kimi 230 manat ödənilmiş və 2021-ci ilin yanvar ayından hal-hazıradək 350 manat məbləğində prezident təqaüdü ödənilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 yuxarıda qeyd edilən etiraza uyğun izahat verdi, tələbin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, təqdim edilmiş sənədlərdən də məlum olduğu kimi iddiaçıya ilkin olaraq xx.xx.1993-cü ildə ümumi xəstəliyə görə əlillik təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə «Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» qərarı qəbul edildiyindən, xx.xx.2017-ci il tarixdə iddiaçının əlliyinin səbəb və əlaqəsi dəyişdirilərək «Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» müəyyən edilmiş və həmin tarixdən şəxsə Prezident təqaüdü təyin edilərək ödənilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli 2712003AACKR saylı qərarı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 849 nömrəli qərarı; - İddiaçıya məxsus M/V 069525 nömrəli xx.xx.2005-ci il tarixli müharibə veteranı vəsiqəsinin surəti; - İddiaçıya məxsus 045420 nömrəli xx.xx.2017-ci il tarixli əlillik vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, elektron imtina məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubu; - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinin 400006 nömrəli pensiyaçının uçot vərəqinin surəti; - Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan MN-08876 nömrəli məlumat vərəqi; - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-3165/2017 nömrəli qərarının surəti. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin hallarından müəyyən olunduğu kimi İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1992-ci il tarixdə ağır yaralanmış və “Hərbi xidmət keçmə haqqına” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən tərxis olunmuşdur. Bundan sonra İddiaçı İİ qrup əlilliyə görə xx.xx.1993-cü il tarixdə pensiya təyin edilmişdir (ilkin təyinat). Sonradan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş, nəticədə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli 2712003AACKR saylı qərarı ilə İddiaçı əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş, ona müddətsiz olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” təyin edilərək “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli 823 nömrəli fərmanının 1.2-ci bəndinə uyğun olaraq Prezident təqaüdü təyin edilmişdir. Daha sonra Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(083)- 3165/2017 nömrəli qərarı ilə İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməmiş Prezident təqaüdünün ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçı hazırkı inzibati iş üzrə Azərbaycan Respublikası Prezidentinin ödənilməyən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi ilə bağlı məsələni mübahisələndirməkdədir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli Fərmanında qeyd edilir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: - 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; - 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Həm iddiaçının ərizəsindən, həm də cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci ildən Azərbaycan Respublikasının müdafiəsi zamanı 2-ci qrup əlilliyə görə Prezident təqaüdü verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli 2712003AACKR saylı qərarı ilə iddiaçının Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlil olması qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinin 400006 nömrəli pensiyaçının uçot vərəqindəki məlumatlardan görünür ki, İddiaçı ilkin pensiya təyinatı xx.xx.1993-cü il tarixdə aparılmış, İİ qrup (ümumi) əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı qeyd olunan təyinatdan məlumatlı olmuş, lakin onun tərəfindən əlillik səbəbi mübahisələndirilməmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliy”in təyin edildiyi 2017-ci il 22 iyun tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin (2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarla ləğv edilmişdir) 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Həmin Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (Əsasnamənin 4.26-cı bəndi). “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliy”in təyin edildiyi 2017-ci il 22 iyun tarixdə qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza – orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, əlilliyin səbəbini TSEK müəyyən etdiyindən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri TSEK tərəfindən müəyyən edildiyindən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçı tərəfindən isə əvvəllər əlilliyin səbəbi mübahisələndirilmədiyindən ona xx.xx.2017-ci ildən Azərbaycan Respublikasının müdafiəsi zamanı 2-ci qrup əlilliyə görə Prezident təqaüdü verilməsi qanuni olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 10.1. maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2. maddələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənilməyən prezident təqaüdü fərqinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-166/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-166/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver