Məhkəmə qərarları › İş №2-1(114)-166/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-166/2022

14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-166/2022 14.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı şəhid status verilməsi üçün müvafiq arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olduğundan ona şəhid statusunun verilməsi ilə bağlı müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum qardaşı-X7 15.06.1992-ci il tarixdə könüllü olaraq Bərdə hərbi komissarlığı tərəfindən Qarabağ müharibəsinə getmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində döyüşmüş, 02.02.1993-cü il tarixdə Ağdam RPİ-nin əməkdaşları ilə birlikdə kəşfiyyat zamanı tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Bu halı məhkəməyə təqdim etdiyi sənədlər təsdiqləsə də, arayışın verilməsi barədə etdiyi müraciətə cavabdeh tərəfindən əsassız olaraq imtina cavabı verilmişdir. Şifahi məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh iddiaçıya ünvanlandığı 10.08.2021-ci il tarixli 3/644 nömrəli imtina məktubunda bildirmişdir ki, X3 rayonunda hərbi qeydiyyatda olmadığına görə şəhidlik statusunun verilməsi üçün onun Birinci Qarabağ müharibəsinin iştirakçısı olması barədə arayış vermək mümkün deyil. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini X6 aid 25.12.1966-cı il tarixli AZ ******* nömrəli doğum haqqında şəhadətnamə; İddiaçı məxsus 25.01.1970-ci il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamə; X4 axırıncı yaşayış yeri barədə Bərdə rayon Kələntərli kənd İƏD tərəfindən verilmiş 27.12.2021-ci il tarixli, 2193 nömrəli arayış; Ağdam Rayon Daxili İşlər İdarəsi tərəfindən verilmiş 20.03.1993-cü il tarixli, 117 nömrəli arayış; X6 aid 18.02.1993-cü il tarixli, 346147 nömrəli ölüm haqqında şəhadətnamə; Ağdam Rayon Polis İdarəsi tərəfindən verilmiş arayış; Gəncə İnzibati Məhkəməsinin 02.09.2020-ci il tarixli 2-1(114)-1121/2020 nömrəli Qərardadı; cavabdehin 10.08.2021-ci il tarixli 3/644 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. X7 04.12.1966-cı il tarixdə Bərdə rayonu, Kələntərli kəndində doğulmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 28.12.1966-cı il tarixdə 111 nömrə ilə qeyd aparılmış, uşağın ana və ata haqqında məlumat qrafasında atası X8, anası X2 qeyd edilmişdir. 18.02.1993-cü il tarixli 4-JQ 346147 nömrəli ölüm haqqında şəhadətnamədə X4 ölümünün səbəbi kimi 02.02.1993-ci ildə Ağdam rayonu Gülablı kənd ərazisində kəşfiyyat tapşırıqlarını yerinə yetirərkən həlak olduğu göstərilmişdir. Ağdam Rayon Polis İdarəsi tərəfindən verilmiş 17.02.1993-cü il tarixli, 72 nömrəli arayışda “Boz qurd” dəstəsinin sıravi üzvü X4 02.02.1993-cü il tarixdə ermənilərin zəbt etdiyi Ağdam rayonunun Gülablı kəndində kəşfiyyat tapşırığı yerinə yetirərkən qəhramancasında həlak olduğu qeyd edilmişdir. Ağdam Rayon Daxili İşlər İdarəsi tərəfindən verilmiş 20.03.1993-cü il tarixli, 117 nömrəli arayışda göstərilir ki, Bərdə rayon Kələntərli kənd sakini X7 02.02.1993-cü il tarixdə “Boz qurd” dəstəsi ilə Ağdam RPİ-nin PPX-ti alayı ilə birgə keçirdiyi kəşfiyyat vaxtı erməni quldurları tərəfindən atılan tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının” (bundan sonra mətndə Qaydalar) 1.2.4-cü bəndinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin şərh edilməsi haqqında” 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarına, habelə istinad olunan maddi hüquq normalarına əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçının qardaşı kəşfiyyat tapşırığınıl yerinə yetirərkən minanın partlaması nəticəsində həlak olduğundan cavabdehin imtinası “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsinin tələbinə görə əsassız olmuşdur. Odur ki, X1 şəhid statusunun verilməsi ilə bağlı müvafiq arayışın verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. X1 şəhid statusunun verilməsi ilə bağlı müvafiq arayışın verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar