Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-166/2025 16.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 28 mart 2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının ləğvinə dair xx.xx.2022-ci il tarixli və sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi, həmin qərarlar üzrə tutulmuş və əvəzləşdirilmiş məbləğlərin ona geri ödənilməsi, yaşa görə əmək pensiyasının ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işindən müəyyən edilir ki: - İddiaçı 60.5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2022-ci il tarixədək ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 108489 nömrəli qərarı ilə iddiaçının yaşa görə əmək pnesiyası ləğv edilmiş və bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. - Nəticədə ona ödənilmiş əmək pensiyası üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək 10882,63 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 37361 nömrəi qərarına əsasən İddiaçı xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. - İddiaçı təyin edilmiş yaşa görə sosial müavinət üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 4603,00 manat məbləğində vəsait ona artıq ödənilmiş 10882,63 manatla əvəzləşdirilmiş, qalıq 6279,63 manat müəyyən edilmişdir. Həmin qalıq məbləğ vətəndaşa təyin edilmiş sosial müavinətdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 36,00 manat olmaqla, 216,00 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 44,00 manat olmaqla 880,00 manat məbləğində tutulmuşdur. xx.xx.2024-cü il tarixinə qalıq borc 5183,63 manat təşkil etmişdir. - İddiaçı cavabdeh orqana müraciət edərək, pensiyadan tutulması məsələsinə baxılmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17- 1/2-Q-416937/2023 nömrəli məktubda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək qadınların pensiya yaş həddi 60 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi əmək kitabçasının surətinə və xx.xx.2018-ci il tarixli akta əsasən sığorta stajı 22 il 6 ay 28 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2019-cu il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Xidməti yoxlama zamanı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan (fiziki şəxs X1 (VÖEN:**********) işçisi olduğu dövrdə) əmək fəaliyyəti üzrə ona əmək haqqı hesablanmamış və məcburi dövlət sosial sığorta haqqı tutulmamışdır. Qeyd olunan müəssisə Dövlət Sosial Müdafiə Fondunda 2006-cı il tarixində qeydiyyata alınmışdır. Bu səbəbdən onun xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildirili ki, 25 il sığorta stajı olmadığı halda (faktiki staj: 22 il 6 ay 28 gün) sizə 28 il 2 ay sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə sosial ödənişinin məbləğində xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
2. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-27850/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X2 (VÖEN: **********) xx.xx.2006-cı il tarixdən vergi orqanında uçotdadır. Ünvanı AZ2005, Gəncə şəhəri, Hərbi Şəhərcik 83 ev.390 m.31-dir. Fəaliyyəti hazırda dayandırılmış vəziyyətdədir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən “Qənd istehsalı müəssisəsi” adlı hüquqi şəxsin vergi orqanında uçotda olması barədə məlumat aşkar edilməmişdir.
3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17- 5/2-75352/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək dövr aralığında əmək münasibətlərinə dair məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmadığından İddiaçı həmin dövr ərzində əmək fəaliyyəti barədə “Əmək və Məşğulluq” altsistemindən məlumatlar əldə edilməsi mümkün olmamışdır.
4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-266487/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlanıldığından İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-269213/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Fondun keçmiş Nizami Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan (fiziki şəxs X1 (VÖEN:**********) işçisi olduğu dövrdə) əmək fəaliyyəti üzrə ona əmək haqqı hesablanmadığı və məcburi dövlət sosial sığorta haqqı tutulmadığı müəyyən olunmuşdur. Qeyd olunan müəssisə Dövlət Sosial Müdafiə Fondunda 2006-cı il tarixində qeydiyyata alınmışdır. Bu səbəbdən onun xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası hüququ olmadığı müəyyən edilmişdir. Nəticədə ona ödənilmiş əmək pensiyası üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 10882,63 manat artıq ödənilmiş vəsait aşkar edilmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli 37361 nömrəli qərarına əsasən İddiaçı yaşa müavinət təyin edilmişdir. İddiaçı təyin edilmiş yaşa görə sosial müavinət üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 4603,00 manat məbləğində vəsait ona artıq ödənilmiş 10882,63 manatla əvəzləşdirilmiş, qalıq 6279,63 manat müəyyən edilmişdir. Həmin qalıq məbləğ vətəndaşa təyin edilmiş sosial müavinətdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 36,00 manat olmaqla, 216,00 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 44,00 manat olmaqla 880,00 manat məbləğində tutulmuşdur. xx.xx.2024-cü il tarixinə qalıq borc 5183,63 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, pensiya işinin tərkibində vətəndaşın razılıq ərizəsi aşkar edilməmişdir. II. Məhkəmədə icraat
6. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdən ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırılmasına (ləğv edilməsinə) dair faktiki xarakterli hərəkətlərin qanunsuz hesab edilməsi və əmək pensiyasının dayandırıldığı (ləğv edildiyi) tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, o, 28 aprel 2000-ci ildə Gəncə şəhərində "Qənd istehsalı " müəssisəsində qənd doğrama vəzifəsinə təyin edilmişdir. 01 dekabr 2005-ci ilədək adı çəkilən müəssisədə işləmişdir. 2018-ci ildə o da qeyriləri kimi yaşa görə əmək pensiyasına çıxmışdır. O, adı çəkilən qənd istehsalı müəssisəsində əmək haqqı da almışdır. 30 iyun 2022-ci ildə ona bildirilmişdir ki, Qənd istehsalı müəssisəsindəki işlədiyi dövr əmək stajına daxil edilmədiyi üçün, təyin edilmiş yaşa görə əmək pensiyasınin ödənişi dayandırılmışdır. Nəticədə sosial ödənişin məbləğində xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Yuxarıda göstərilənlərin günahı onda deyil. Çünki o, həmin müəssisədə işləmişdir. Müəssisəsin vergidən yayınması onun günahı deyil axı. Məcburi dövlət sosial sığorta haqqı tutlmaması onun günahı ucbatından deyil ki, o, hər ay razılaşdırılmış maaşı cədvəllə almışdır. Ona görə də işlədiyi dövrün əmək kitabçasına qeyd etdirmişdir. Odur ki, Azərbaycan Respublikası ƏƏSMN-yi tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş qərardan narazı olduğu üçün, "İnzibati İcraat Haqqında" Azərbaycan Respublikası Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərardan şikayət etmək hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətindədir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddi tələbi “sosial müavinət təyinatı üzrə xx.xx.2022-ci il tarixli qərarının ləğvi, xx.xx.2018-ci il tarixdən ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırılmasına (ləğv edilməsinə) dair faktiki xarakterli hərəkətlərin qanunsuz hesab edilməsi və əmək pensiyasının dayandırıldığı (ləğv edildiyi) tarixdən bərpa edilməsi, artıq ödəmə kimi müəyyən edilmiş məbləğin sosial müavinətdən tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilməklə dayandırılması və həmin qərar əsasında tutulmuş məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
10. İddiaçının nümayəndəsi X8 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 28 mart 2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının ləğvinə dair xx.xx.2022-ci il tarixli və sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi, həmin qərarlar üzrə tutulmuş və əvəzləşdirilmiş məbləğlərin ona geri ödənilməsi, yaşa görə əmək pensiyasının ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
12. Hazırkı iddia İPM-in həm 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə, həm də 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. Belə ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi tələbi mübahisələndirmə, həmin qərarlar üzrə üzrə tutulmuş və əvəzləşdirilmiş məbləğlərin ona geri ödənilməsi, yaşa görə əmək pensiyasının ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi isə öhdəliyin icrası iddia növlərinə aiddir.
13. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).
14. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilmişdir.
16. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarların iddiaçıya rəsmi qaydada göndərilməsini təsdiq edən sübut növü cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Ona görə də müddətin ötürülmədiyi müəyyən edilir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilən dəlillərlə əsaslandırılmışdır.
23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işindəki sənədlər; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q- 416937/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-27850/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17- 5/2-75352/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-266487/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-269213/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, xx.xx.2018-ci il tarixdən İddiaçı yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2022-ci il tarixədək ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 108489 nömrəli qərarı ilə iddiaçının yaşa görə əmək pensiyası ləğv edilmiş və bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Nəticədə ona ödənilmiş əmək pensiyası üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10882,63 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 37361 nömrəi qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı təyin edilmiş yaşa görə sosial müavinət üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 4603,00 manat məbləğində vəsait ona artıq ödənilmiş 10882,63 manatla əvəzləşdirilmiş, qalıq 6279,63 manat müəyyən edilmişdir. Həmin qalıq məbləğ vətəndaşa təyin edilmiş sosial müavinətdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 36,00 manat olmaqla, 216,00 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 44,00 manat olmaqla 880,00 manat məbləğində tutulmuşdur. xx.xx.2024-cü il tarixinə qalıq borcu 5183,63 manat təşkil etmişdir.
28. Hazırda iddiaçı cavabdeh orqanın 28 mart 2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının ləğvinə dair xx.xx.2022-ci il tarixli və sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli qərarlarını mübahisələndirir.
29. Cavabdeh orqanın həmin qərarları qəbul edərkən istinad etdiyi hallar ondan ibarətdir ki, xidməti yoxlama zamanı İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan (fiziki şəxs X1 (VÖEN:**********) işçisi olduğu dövrdə) əmək fəaliyyəti üzrə ona əmək haqqı hesablanmadığı və məcburi dövlət sosial sığorta haqqı tutulmadığı müəyyən olunmuşdur. Qeyd olunan müəssisə Dövlət Sosial Müdafiə Fondunda 2006-cı il tarixində qeydiyyata alınmışdır. Bu səbəbdən iddiaçıya pensiya təyinatı zamanı onun sosial sığorta stajına daxil edilmiş xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan əmək fəaliyyəti dövrü onun sığorta stajında nəzərə alınmamışdır.
30. Məhkəmə qeyd edir ki, qanunverici inzibati orqana səlahiyyətinə aid məsələ üzrə əvvəlki qərarının düzgünlüyünü, əsaslılığını yenidən yoxlamaq, qanunsuz olduğu halda ləğv etmək imkanını tanımışdır, lakin bu imkan da müəyyən edilmiş prosessual qaydalara tabedir.
31. Yəni, cavabdeh orqan iddiaçıya əvvəllər pensiya təyinatı apardığı qərarın əsaslılığına şübhə doğuran halları aşkar etdiyi təqdirdə, həmin qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onun mülahizələrini dinləməli, onun sübutlar təqdim etməsinə şərait yaratmalı, zəruri hallarda özü əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir.
32. Lakin hazırkı iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat aparmamış, iddiaçının dinlənilməsini təmin etməmiş, ona sübutlar təqdim etmə imkanı yaratmamış, pensiya təyinatı barədə qüvvədə olan qərarı ləğv etməmiş, yalnız əmək pensiyasının təyin edilməsi adlı xx.xx.2022-ci il tarixli qərar qəbul etməklə, pensiya hüququnu ləğv etmiş və nəticədə 10782.73 manat məbləğində artıq ödəmə vəsaiti müəyyən etmişdir. Bundan sonra isə sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli 37361 nömrəli qərarla İddiaçı yaşa görə sosial müavinət təyin etməklə, ona təyin edilmiş yaşa görə sosial müavinət üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 4603,00 manat məbləğində vəsaiti ona artıq ödənilmiş 10882,63 manatla əvəzləşdirmiş və qalıq borc olan 6279,63 manat məbləği sosial müavinətdən tutmağa başlamışdır.
33. Lakin cavab orqan tərəfindən həmin vəsaitin tutulması ilə bağlı da inzibati akt qəbul edilməmiş, pensiyaçının yazılı razılığı alınmamış və davamlı olaraq müavinətdən vəsait tutulmuşdur. Ümumiyyətlə isə cavabdeh orqan iddiaçıya pensiya təyinatı barədə qərarın əsaslılığının yenidən yoxlanılmasının səbəb və əsaslarına dair hər hansı sənəd təqdim etməmiş, bu halın xidməti yoxlama zamanı aşkara çıxardığına istinad etmişdir.
34. Halbuki, “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
35. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
36. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin imperativ tələbindən göründüyü kimi, yalnız pensiyaçının razılığı olduqda pensiya təyin edən orqan ondan artıq pulun tutulması barədə qərar qəbul edir, digər hallarda isə bunun üçün məhkəmə qərarı tələb olunur.
37. Yəni, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.
38. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
39. Mübahisənin maddi-hüquqi əsasına gəldikdə isə, məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında cavabdeh orqandan tələb edilərək, əldə edilmiş pensiya işindəki sənədlərlə müəyyən edilir ki, iddiaçının hazırda mübahisələndirilən - xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan əmək fəaliyyəti dövrü ona Fondun keçmiş Nizami Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilən zaman həmin şöbə tərəfindən Fondun Kəlbəcər rayon şöbəsi ilə qarşılıqlı yoxlama aparması nəticəsində akt tərtib edilməklə, sosial sığorta stajı kimi nəzərə alınmışdır.
40. Belə ki, tərtib edilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli aktlarda İddiaçı fiziki şəxs (fərdi qaydada sahibkar) X1 (VÖEN:**********) işçisi olaraq əmr kitablarına əsasən İddiaçı xx.xx.2000-ci il tarixli 1 nömrəli əmrlə işə qəbul edildiyi, xx.xx.2005-ci il tarixli əmrlə işdən azad edildiyi müəyyən edildiyi qeyd edilmişdir.
41. İddiaçının əmək kitabçasında da onun işə daxil olma və işdən azad edilmə əmrləri X1 (VÖEN:**********) möhürü ilə təsdiq edilmişdir.
42. Cavabdeh orqan isə iddiaçının xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Qənd İstehsalı" müəssisəsində olan (fiziki şəxs X1 (VÖEN:**********) işçisi olduğu dövrdə) əmək fəaliyyəti üzrə ona əmək haqqı hesablanmadığı və məcburi dövlət sosial sığorta haqqı tutulmadığı, "Qənd İstehsalı" müəssisəsinin Dövlət Sosial Müdafiə Fondunda 2006-cı il tarixində qeydiyyata alındığını halını əsas gətirməklə, həmin dövrü sosial sığorta stajına daxil etmir.
43. Lakin qeyd edilməlidir ki, xx.xx.2000-xx.xx.2005-ci illərdəki iş fəaliyyəti dövrünün nəzərə alınması üçün tələb olunan əsas sənəd əmək kitabçasıdır (həm SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə, həm də 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır).
44. Sözügedən əmək fəaliyyəti dövrləri də iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır.
45. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
46. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
48. Ona görə də, iddiaçıya 28 mart 2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının ləğvinə dair cavabdeh orqanın xx.xx.2022-ci il tarixli və sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli qərarları ləğv edilməlidir.
49. Eyni zamanda, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, ona ödənilməli məbləğlə qismən əvəzləşdirərək yerdə qalan məbləği onun sosial müavinətindn tutmağa başlamışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.
50. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya 28 mart 2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının ləğvinə dair xx.xx.2022-ci il tarixli və sosial müavinət təyinatı barədə xx.xx.2022-ci il tarixli qərarları ləğv edilsin. Həmin qərarlar üzrə İddiaçı əmək pensiyasından tutulmuş və əvəzləşdirilmiş məbləğlərin ona geri ödənilməsi, yaşa görə əmək pensiyasının ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva