Məhkəmə qərarları › İş №2-1(114)-1661/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1661/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1661/2025 02.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə (üçüncü şəxs “Datis MMC-ti) qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişini X1 sisteminə daxil edilməsi və əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə iclasında baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişini X1 sisteminə daxil edilməsi və əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, işəgötürənlərlə əsas iş yeri olaraq əmək müqaviləsi bağlaya bilmir. Səbəb isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı kimi görünməyidir. Necə və hansı yol ilə həmin müəssisənin əməkdaşı olduğundan məlumatı yoxdur və həmin müəssisə tərəfindən bu günə qədər ona heç bir zaman əmək haqqı ödənilməmişdir. İnternet vasitəsilə axtarış edərək qeydiyyat ünvanına 08 avqust 2024-cü il tarixində ərizə ünvanlamış məktub poçt vasitəsilə 09 avqust 2024-cü il tarixdə geri qaytarılmışdır. Buna baxmayaraq həmin ünvana gedib özü də müəyyən etmişdir ki, müəssisənin həmin yerdə fəaliyyəti yoxdur. Eyni zamanda, 08 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ərizə ünvanlamış, məktub 11 sentyabr 2024-cü il tarixdə poçt qutusuna salınmışdır. Lakin hazırki günə kimi cavab ünvanlanmamışdır. Bu isə, mülki icraat çərçivəsində qəbul olunacaq məhkəmə aktının icrasının qeyri-mümkünlüyünün bundan sonra da illərcə davam etməsi deməkdir. Bu baxımdan hazırki inzibati iddia icraatı çərçivəsində iddiaya baxılması həm obyektiv həqiqət, həm də prosessual qənaət baxımından düzgün hesab edilməlidir. İddiaçı hesab edir ki, "xxxx"MMC ilə bağlanılmış əmək müqaviləsi üzrə X1 Sistemində qeydə alınmış bildirişin etibarsız hesab edilərək qüvvədən düşməsi ilə işəgötürənin hərəkətləri nəticəsində uğradığı hüquq pozuntusunun, maddi və mənəvi itkilərinin ən qısa zamanda aradan qaldırılması mümkün olacaqdır. Məhkəmə iclasının vaxtı barədə tərəflər məlumatlandırılmış, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iddiaçının məqsədi əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati iddianın ilkin ümumi mümkünlük şərti mübahisənin inzibati hüquq münasibətləri ilə əlaqədar yaranmış olmasıdır. Lakin hazırkı halda inzibati mübahisə mövcud olmadığından iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və buna görə iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir ( 5-1. bəndinə). Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin h) bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın: 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 3.2-ci bəndinə əsasən Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Beləliklə, qeyd olunan qanunvercilik normalarına əsasən əmək müqaviləsi bildirişi elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə yalnız işəgötürən tərəfindən yerləşdirilir. Həmin məlumatların düzgünlüyünə görə məsuliyyəti isə işəgötürən özü daşıyır. Elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi barədə məlumatlara kənar şəxslərin müdaxilə etməsi isə qeyrimümkündür. Belə olan halda isə cavabdeh qismində işəgötürən çıxış etməli və iddia tələbinə ona qarşı yönəlməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 7-ci bəndinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə (üçüncü şəxs “Datis MMC-ti) qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişini X1 sisteminə daxil edilməsi və əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunsun ki, işəgötürənə qarşı hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar