Məhkəmə qərarları › İş №2-1(114)-1664/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1664/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1664/2023 24.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı şəhadətnamədə dəyişiklik edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı xx.xx.2007-ci il tarixli 2665 nömrəli xəstəlik haqqında şəhadətnamənin məzmununda dəyişiklik edilərək, aldığı zədənin “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qorunmasında iştirak zamanı alınmış hərbi travma” kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xəstəlik haqqında xx.xx.2007-ci il tarixli 2665 nömrəli şəhadətnaməyə əsasən İddiaçı N saylı hərbi hissənin hospitalının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və “Mina partlayış yaralanması (xx.xx.2007) sağ baldırın yuxarı 1/3-nin dağılmasına görə yuxarı 1/3-i səviyyəsindən amputasiyası (xx.xx.2007) reamputasiyasından (xx.xx.2007) sonrakı güdülü, sol baldırın və budun orta 1/3-nin və sol əlin bayır səthinin yumşaq toxumalarının çoxsaylı qəlpə yaranmasından sonrakı dəri çapıqları. Hərbi travma, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” diaqnozu qoyulmuşdur.

2. İddiaçı şəhadətnamədə dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məkəzi Hərbi Həkim Komissiyasına etdiyi müraciətinə xx.xx.2023-cü il tarixli 142 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı şəhadətləndirilən zaman “Mina partlayış yaralanması (xx.xx.2007) sağ baldırın yuxarı 1/3-nin dağılmasına görə yuxarı 1/3-i səviyyəsindən amputasiyası (xx.xx.2007) reamputasiyasından (xx.xx.2007) sonrakı güdülü, sol baldırın və budun orta 1/3-nin və sol əlin bayır səthinin yumşaq toxumalarının çoxsaylı qəlpə yaranmasından sonrakı dəri çapıqları” diaqnozu N nömrəli hərbi hissə komandirinin xx.xx.2007-ci il tarixli, 865 nömrəli arayışa əsasən “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi təsdiq olunmuşdur”. Verilmiş qərar düzgündür, dəyişdirilməsi üçün heç bir əsas yoxdur.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona verilmiş 2665 nömrəli, 19 avqust 2007-ci il tarixli Xəstəlik haqqında şəhadətnamənin məzmununda dəyişiklik edilərək aldığı zədənin “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qorunmasında iştirak zamanı alınmış hərbi travma” göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarlmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, Goranboy rayonu ərazisində erməni işğalçıları ilə təmas təşkil edən ön xəttdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda işğalçılara qarşı gizir hərbi rütbəsində mübarizə aparmışdır. Hərbi xidmətdə olarkən 2007-ci ilin avqust ayında mina partlayışı nəticəsində travma almışdır. Nəticədə N saylı hərbi hissənin hərbi həkim komissiyası ona 19 avqust 2007-ci il tarixdə 2665 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamənin anomnez bölməsində qeyd edilir ki, xx.xx.2007-ci il tarixdə ön mövqedə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşüb. Onu da qeyd edir ki, o, erməni işğalçılarının yerləşdirdiyi minaya, yəni düşmən minasına düşmüşdür. Ancaq şəhadətnamədə elə qeyd edilib ki, elə bil sülh dövründə təsadüfən minaya düşmüşdür. Bundan sonra həmin şəhadətnamə ilə ona Prezident təqaüdü və İİ qrup hərbi əlil statusu verilmişdir. Ancaq şəhadətnamənin məzmununda onun “Azərbycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda” xidmət aparmağı qeyd edilməmişdir. Bu səbəbdən də o, müharibə əlili, hərbi əlil olaraq dövlət tərəfindən müəyyən edilmiş imtiyazlardan tam istifadə edə bilmir. Bu isə onun hüquqlarını pozur.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

6. İşin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir.

7. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

8. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, eyni zamanda iclas zamanı yazılı ərizə təqdim edərək, iddia qaldırmaq üçün buraxılmış prosessual müddətin bərpası olunmasını və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o xəstəlik haqqında şəhadətnaməni elə 2007-ci ildə də almışdır. Hazırda iddia qaldırıb şəhadətnamədə qeyd edilmiş travmanın səbəb-əlaqəsinin dəyişdirmək istəməsində məqsəd müharibə veteranı kimi evlə təmin olunmaq üçün uçota götürülməsi istəyidir. Belə ki, o, əvvəllər mənzil uçotuna götürülmüş olsa da, sonradan – təxminən keçən ilin sonları ona bildirmişlər ki, şəhadətnamədə xəsarətinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qorunmasında iştirak zamanı alınmış hərbi travma” kimi qeyd edilmədiyindən, yəni şəhadətnamədə “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi göstərildiyindən onu mənzil uçotundan çıxarmışlar.

10. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, 2006-cı ildə Goranboy RHK tərəfindən hərbi xidmətə çağırılmış gizir İddiaçı xx.xx.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Mina partlayış yaralanması (xx.xx.2007) sağ baldırın yuxarı 1/3-nin dağılmasına görə yuxarı 1/3-i səviyyəsindən amputasiyası (xx.xx.2007) reamputasiyasından (xx.xx.2007) sonrakı güdülü, sol baldırın və budun orta 1/3-nin və sol əlin bayır səthinin yumşaq toxumalarının çoxsaylı qəlpə yaranmasından sonrakı dəri çapıqları” diaqnozu ilə olan travmanın, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 70 “b” maddəsi ilə ”Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilmişdir. İddiaçı aldığı xəsarətlə əlaqədar xidmət etdiyi N saylı hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 865 nömrəli travma haqqında arayışda onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən sözlərinin üstündən xətt çəkilmişdir. Bu səbəbdən də MN MHHK İddiaçı verilmiş xx.xx.2007-ci il tarixli 2665 nömrəli Xəstəlik haqqında şəhadətnamədə Əsasnamənin tələblərini əsas tutaraq İddiaçı aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır kimi düzgün təyin edilmişdir və bunun dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən də vətəndaş İddiaçı təyin edilmiş xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2-ci maddəsinin “a” bəndinin və 7.3cü maddəsinin tələblərinə ziddir. Vətəndaş İddiaçı təyin edilmiş xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz.

Əsaslandırma hissəsi:

12. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

14. İş materiallarından görünür ki, iddiaçı tələbində xx.xx.2007-ci il tarixli 2665 nömrəli xəstəlik haqqında şəhadətnamənin məzmununda dəyişiklik edilərək, aldığı zədənin “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qorunmasında iştirak zamanı alınmış hərbi travma” kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

15. Məhkəmə qeyd edir ki, iddiaçıya xəstəlik haqqında şəhadətnamə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı əsasında verilmişdir və iddiaçının hüquqi marağı həmin qərarn dəyişdirilməsinə yönəlmişdir. Həmin qərar isə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

17. “İnzibati icraat haqqında” Qanuna görə : Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

18. Göründüyü kimi, iddiaçıya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə « Mina partlayış yaralanması (xx.xx.2007) sağ baldırın yuxarı 1/3-nin dağılmasına görə yuxarı 1/3-i səviyyəsindən amputasiyası (xx.xx.2007) reamputasiyasından (xx.xx.2007) sonrakı güdülü, sol baldırın və budun orta 1/3-nin və sol əlin bayır səthinin yumşaq toxumalarının çoxsaylı qəlpə yaranmasından sonrakı dəri çapıqları” diaqnozu qoyulmuş, xəstəliyin səbəbli əlaqəsi “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçı isə xəsarətin səbəbli əlaqəsinin “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilməsindən narazı qalaraq xx.xx.2023-cü tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli qərarının iddiaçıya təqdim edilməsi barədə işdə məlumat olmasa da, iddiaçıya həmin qərarla bağlı əlillik təyin edildiyindən aşkar surətdə o, bundan məlumatlı olmuş, bununla bağlı, yəni cavabdehin qərarının dəyişdirilməsi ilə bağlı isə yalnız 16 il sonra - xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir.

20. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

22. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

24. Göründüyü kimi, iddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək təqribən 16 ildən də artıq ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir

25. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

26. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

27. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

28. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur. Eyni zamanda, inzibati prosessual qanunvericilik təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilməsinin qeyri-mümkünlüyünü təsbit etmişdir.

29. İPM-ə görə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

30. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

31. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi mümkün sayılmamalıdır.

32. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar