Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1664/2024 22.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində notariat konturunun xüsusi notarisuna qarşı qətnamənin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və qətnamənin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1656/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X5 miras qalmış Bərdə şəhəri, X11 küçəsi, 4/1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin miras olaraq İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və həmin miras əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-5592/2023 nömrəli məktubunda bildirilmişdir ki, ərizəyə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1656/2023 nömrəli qərarına baxılarkən məlum olmuşdur ki, həmin qətnamə ilə X5 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməsi və həmin miras əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən vərəsəlik hüququnun tanınması ilə bağlı xüsusi icraat qaydasında baxılan işlərlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra vərəsələr notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsi almalıdır. Odur ki, notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsi aldıqdan sonra Bərdə regional “Asan xidmət” mərkəzinə rəsmi müraciət edəcəyi təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxılacaqdır.
3. Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli 37/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Qeyd olunanları nəzərə alaraq miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş edilmişdir. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1656/2023 nömrəli qətnaməsinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, atası X6, anası isə X7r. Onlar 6 uşaq olmuşlar. X8 24 iyun 1985-ci il tarixdə, anası Kubra Ağayeva isə 31 may 2021-ci il tarixdə, bacısı X1 24 oktyabr 1994-cü il tarixdə, bacısı X2 isə 01 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etməmişdən öncə onun xüsusi mülkiyyətində Bərdə şəhəri, X11 küçəsi, 4/1 ünvanında fərdi yaşayış evi vardı. Bərdə şəhəri, X11 küçəsi, 4/1 ünvanında yerləşən fərdi yaşayış evinə 08 dekabr 2017-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Seriya RX № ******* saylı çıxarış da verilmişdir. Qeyd etdiyi fərdi yaşayış evində anası vəfat etməmişdən öncə də, anası vəfat etdikdən sonra da o ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Hal-hazırda o, Bərdə şəhəri, X11 küçəsi, 4/1 ünvanında yerləşən fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirib öz adına sənəd almaq istəyirdi. Ailə üzvlərinin hər biri fərdi yaşayış evini rəsmi olaraq onun adına sənədləşdirməyə razıdırlar. Bunun üçün də məhkəməyə müraciət edərək “Miras qalmış Bərdə şəhəri, X11 küçəsi, 4/1 ünvanında yerləşən torpaq sahəsinin və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və miras əmlakın miras kimi onun qəbul etməyinə dair qətnamə çıxarılması” barədə iddia ərizəsi vermişdir. Vermiş olduğu iddia tələbinə hakim Fuad Babaşovun sədrliyi ilə baxılaraq 19 iyun 2023-cü il tarixli 2(021)-1656/2023 saylı qətnamə qəbul olunmuşdur. Qətnaməyə əsasən Bərdə şəhəri, X11 küçəsi, 4/1 ünvanında yerləşən torpaq sahəsinin və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinin mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilmiş və miras əmlak olaraq onun qəbul etməsi qət edilmişdir. Qətnamənin icra olunması üçün Bərdə regional ASAN xidmət mərkəzinə müraciət etdikdə isə Bərdə şəhəri, X11 küçəsi, 4/1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin onun adına sənədləşməyin mümkün olmadığını bildirmişlər. Daha sonra bununla bağlı o, Daşınmaz əmlaka müraciət etmişdir. Oradan onun ünvanına gələn məktuba əsasən Notariat ofisinə müraciət etməyini və müraciət əsasında vərəsəlik şəhadətnaməsi almağını daha sonra onlara müraciət etməyini bildirmişlər. Yenidən ASAN xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə qətnaməni icra edə bilmədiklərini bildirmişlər. Hazırda isə Bərdə Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(021)- 1656/2023 saylı qətnaməsi icra olunmadan qalıbdır. Dəfələrlə notariat ofisinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Bunun üçün də məhkəməyə müraciət edərək vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə Rayon Məhkəməsinin 19 iyun 2023-ci il tarixli 2(021)-1656/2023 saylı qətnaməsinin icra edilməsi öhdəliyinin Bərdə regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusunun üzərinə qoyulmasını istəyir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. İddia ərizəsindən məlum olur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1656/2023 nömrəli qətnaməsi ilə X5 miras qalmış Bərdə şəhəri, X11 küçəsi, 4/1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin miras olaraq İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və həmin miras əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi qət edilmiş və iddiaçı həmin qətnaməni Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisinə təqdim edərək, ona sözügedən miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 37/2024 nömrəli cavab məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Qeyd olunanları nəzərə alaraq miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş edilmişdir.
10. Hazırda iddiaçı iddia tələbində vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1656/2023 nömrəli qətnaməsinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etsə də, əslində Bərdə Regional "Asan xidmət" mərkəzində notariat ofisinin ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən, yəni notariat hərəktlərini aparmaqdan imtina etməsini mübahisələndirir.
11. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.
12. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına görə: Bənd 8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.
14. Məhkəmə yuxarıda adıçəkilən Plenum qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq, hesab edir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
16. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
17. İddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmənin yardım etmə vəzifəsi ilə bağlı qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 48-ci maddəsi məhkəmə icraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Belə ki, həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
18. Baxılan iş üzrə isə iddiaçının məqsədinə hazırkı iddia vasitəsilə çatmaq mümkün olmadığına görə “prosessual qənaət” prinsipinə müvafiq olaraq məhkəmə tərəfləri dinləmədən iddianın mümkünsüz sayılmasını məqsədəuyğun hesab etmişdir.
19. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hüquqi marağına uyğun tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva