Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1664/2025 28.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Qızılca” çınqıl zavodunda xopper-dozator maşinist köməkçisi vəzifəsində işlədiyi dövrlərin güzəştli pensiya hüququ verən əmək stajına hesablanaraq, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Qızılca” çınqıl zavodunda xopperdozator maşinist köməkçisi və xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Şəmkir Dəmiryol stansiyasında qatar tərtibçisi vəzifəsində işlədiyi dövrlərin güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanmasının cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1964-cü ildə anadan olmuş, 01 mart 1982-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsi 164 saylı texniki məktəbə daxil olmuş, 18 oktyabr 1982-ci ildə “avtomobil təmir edən çilingər” peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. 20 oktyabr 1982-ci ildə müddətli hərbi xidmətə getmiş və 30 oktyabr 1984-cü ilə qədər hərbi xidmətdə olmuşdur. O, 16 sentyabr 1985-ci ildən 01 iyun 2012-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu müddətin ərzində 16 sentyabr 1985-ci ildən 16 dekabr 1992-ci ilə qədər Qızılca çınqıl zavodunda xopper-dozator maşinist köməkçisi, həmçinin, xx.xx.1999-cu ildən xx.xx.2009-cu ilədək Şəmkir Dəmiryol stansiyasında qatar tərtibçisi vəzifələrində işləmişdir. İddiaçı hesab edir ki, bu vəzifələr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən əmək fəaliyyətinə aiddir. Onun işlədiyi “xopper-dozator maşinist köməkçisi” peşəsi üzrə əmək funksiyası üyüdülmüş çınqıl daşlarının karxanalarda xopper-dozator vaqonlarına dolduraraq təmir-tikinti işləri gedən sahələrdə dəmir yoluna tökülməsinin təmin edilməsi, “qatar tərtibçisi” peşəsinin əsas funksiyası isə hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsindən, yükləmə, boşaldılma və digər xüsusi yollara verilməsindən, habelə mənzildə dayanan qatarların və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsindən və onların vaqonların altından götürülməsindən ibarət olmuşdur. İddiaçı cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın onun güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa hüquq verən əmək funksiyalarının yalnız adlarına istinad edərək, ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, qeyd edilən siyahıda konkret olaraq vəzifə adı deyil, əmək funksiyaları öz əksini tapmışdır ki, bu da iddiaçının yerinə yetirdiyi əmək funksiyaları ilə eyniyyət təşkil edir. Bu da "xxxx" QSC-nin verdiyi arayışla tam təsdiq olunur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1664/2025 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Qızılca” çınqıl zavodunda xopper-dozator maşinist köməkçisi vəzifəsində işlədiyi dövrlərin güzəştli pensiya hüququ verən əmək stajına hesablanaraq, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Dövlət Sosial Müdafiə Fonudunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər güzəştli iş stajına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı M.X4 Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajiına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qrandioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2- ci sinif təhlükəli zərərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) kəsmələrdə, karxanalarda və laylarda məşğul olan xopper-dozatorların maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı M.X2 təqdim etdiyi "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-M-2289/1- 42/2024 nömrəli iddiaçıya dair arayışında xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Qızılca çınqıl zavodunda xopper-dozator maşinist köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi sahə və vəzifə sözügedən arayışda istinad edilən, Siyahıda nəzərdə tutulan sahə və vəzifəyə uyğun deyildir. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay 20 gün (xx.xx.1999-xx.xx.2009-cu il və xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz etdi, iddiaya qarşı etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AZE № ******** seriyalı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Azərbaycan SSR X7 Təhsili Komitəsi tərəfindən verilmiş Б 691744 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Şamxor rayon Kür qəsəbəsi 164 nömrəli texniki məktəbdə avtomobil təmir edən çilingər peşəsi üzrə təhsil almışdır. НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984cü il tarixədək hərbi qulluq keçmişdir. Azərbaycan SSR X7 Təhsili Komitəsi tərəfindən verilmiş Б 465866 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Şamxor rayon Kür qəsəbəsi 164 nömrəli OTPM-də rəngsaz (inşaatçı) peşəsi üzrə təhsil almışdır. Yanvar 1994-cü il tarixli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2012-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qızılca çınqıl zavodunda xopper-dozator (XDV) maşinist köməkçisi, xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Şəmkir stansiyasında qatar tərtibçisi vəzifəsində işləmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qızılca çınqıl zavodunda xopper-dozator (XDV) maşinist köməkçisi, xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək isə Şəmkir stansiyasında qatar tərtibçisi vəzifələrində işləmişdir. İşlədiyi xopper-dozator (XDV) maşinist köməkçisi peşəsinin əsas xüsusiyyətləri üyüdülmüş çınqıl daşlarının karxanalarda xopper-dozator vaqonlarına dolduraraq təmir-tikinti işləri gedən sahələrdə dəmir yoluna tökülməsinin təmin edilməsi, qatar tərtibçisi peşəsinin əsas xüsusiyyətləri isə hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsindən, yükləmə, boşaldılma və digər xüsusi yollara verilməsindən, habelə mənzildə dayanan qatarların və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsindən və onların vaqonların altından götürülməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında müvafiq olaraq 1.2.1-ci bəndin a) yarımbəndinin 83-cü və 21.4cü bəndin 21-ci abzaslarına uyğundur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 sentyabr 2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: Qadınların yaş Dövr Kişilərin yaş həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Qızılca” çınqıl zavodunda xopper-dozator maşinist köməkçisi vəzifəsində işlədiyi dövrlərin güzəştli pensiya hüququ verən əmək stajına hesablanaraq, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin qeyd olunan normalarına əsasən, kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 60 yaşına çatmalı, 25 il ümumi stajı, 12 il 6 ay isə güzəştli stajı olmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi cavabdeh qeyd etmişdir ki, "xxxx" QSC tərəfindən verilmiş arayışında göstərilən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qızılca çınqıl zavodunda xopper-dozator (XDV) maşinist köməkçisi vəzifəsində işləməsi güzəştli hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında xopper-dozator (XDV) maşinist köməkçisi vəzifəsi yoxdur. Cavabdeh tərəfindən iddiaçının ümumi stajı və Şəmkir stansiyasında xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək qatar tərbiyəçisi işlədiyi dövrün güzəştli staja aid olması mübahisələndirilmir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına və "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qızılca çınqıl zavodunda xopper-dozator (XDV) maşinist köməkçisi vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək isə Şəmkir stansiyasında qatar tərtibçisi vəzifələrində işləmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında dağ-mədən işləri arasında xopper-dozator maşinisti vəzifəsi qeyd olunsa da, xopper-dozator maşinist köməkçisi vəzifəsi qeyd olunmamışdır. Ona görə də iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qızılca çınqıl zavodunda işlədiyi xopper-dozator (XDV) maşinist köməkçisi işlədiyi dövrün güzəştli iş stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin qeyd olunmalıdır ki, "xxxx" QSC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışında qeyd olunan iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Şəmkir stansiyasında qatar tərtibçisi vəzifəsində işlədiyi dövr 10 il 1 ay 20 gün təşkil edir ki, bu da qanunvericilikdə nəzərdə tutulan 12 il 6 ay güzəştli iş stajı tələbindən azdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1664/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1664/2025
28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver