Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1665/2023 24.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi və vətəndaşlıq mənsubiyyətinin tanınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh orqan və ya Xidmət) qarşı cavabdeh orqanın xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur.
2. İddiaçı Kirovabad şəhər Hərbi Komissarlığı tərəfindən xx.xx.1978-ci il tarixdə hərbi xidmətə çağırılmış və xidmətini xx.xx.1980-ci il tarixdə başa vurmuşdur.
3. Kirovabad şəhəri, Nalbandyan küçəsi (hazırda Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi) 54 ünvanında yerləşən daşınmaz əmlaka dair xx.xx.1989-cu il tarixdə iddiaçının adına texniki pasport tərtib edilmişdir.
4. 66№1962885 saylı pasporta əsasən iddiaçı Rusiya Federasiyası vətəndaşıdır.
5. Məhkəmənin sorğusuna AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, iddiaçı xx.xx.1989-cu il tarixdən hazırkı vaxtadək Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, 54 ünvanında qeydiyyatdadır.
6. İddiaçının ünvan 2 Azərbaycan Respublikasının vətəndaşı Nümayəndə xx.xx.2022-ci il tarixində notariat qaydasında verdiyi etibarnamədə də iddiaçının xx.xx.2014-cü ildə Rusiya FMXİ Moskva vilayəti üzrə Reutov şəhər dairəsi tərəfindən verilmiş 4613 326448 saylı pasporta əsasən Rusiya Federasiyasının vətəndaşı olduğu, Moskva vilayəti, Reutov şəhəri, Novaya küçəsi, ev 10, mənzil 115 ünvanında qeydiyyatda olduğu göstərilmişdir.
7. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, və həmin Xidmətin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu səbəbindən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. II. Məhkəmədə icraat
8. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, o, 06 aprel 1960-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Nümayəndə Aman oğlu və anası X2 milliyyətçə azərbaycanlı olaraq Azərbaycan SSR-nin vətəndaşı, SSRİ dağıldıqdan sonra isə Azərbaycan Respublikasının vətəndaşları olmuş və daim Gəncə şəhərində yaşamışlar. O da Azərbaycan SSR-nin vətəndaşı olmuş və 1997-ci ildə müvəqqəti olaraq Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Həmin zaman Azərbaycan Respublikasının vətəndaşı olmuş, heç bir zaman Azərbaycan Respublikasının vətəndaşlığından çıxmamış və imtina etməmişdir. Eləcə də mütamadi olaraq Azərbaycan Respublikasına vaxtaşırı gəlmişdir. Həmçinin Gəncə şəhərində mülkiyyətində fərdi yaşayış evi var. Buna baxmayaraq hazırda ona məlum olmuşdur ki, heç bir əsas olmadan qanunsuz olaraq onu Azərbaycan Respublikasının vətəndaşlığından çıxartmışlar. Ona görə də Azərbaycan Respublikasının vətəndaşlığına məsubiyyətinin tanınması barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 24 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına məsubiyyəti tanınmaması qərara alınmışdır. Hesab edir ki, həmin qərar qanunsuzdur.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Baxmayaraq ki, iddiaçı iddia tələbində cavabdeh orqanın xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulu ondan imtina barədə qərarın ləğvi ilə mümkündür.
13. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).
14. İPM-ə görə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətinə (30 günlük) riayət edilmişdir.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının müvəqqəti yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmuş, cavabdehin nümayəndəsi isə gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü və ya üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
21. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
23. İddiaçının nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra atası Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almamışdır. Atasının Azərbaycan SSR-nin pasportu olmuş və o daha sonra RF vətəndaşının pasportunu almışdır. O, hesab edir ki, atası Azərbaycan SSR-nin vətəndaşı olduğundan və heç vaxt vətəndaşlıqdan imtina etmədiyindən, yəni RF vətəndaşlığını alarkən Azərbaycan Respublikası vətəndaşı olduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməsinə dair cavabdeh orqanın imtinası əsassızdır. O, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçu kimi xidmət edir və atasının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması onun üçün mənfi nəticələr doğurur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AM ******* nöməli hərbi biletin surəti; - iddiaçıya məxsus 66 № ******* nömrəli pasportun surəti; - yaşayış evinin texniki pasportu; - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmiş və cavabdeh orqanın xx.xx.2022ci il tarixli ******* nömrəli qərarı ilə digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu səbəbindən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmışdır.
28. İddiaçı həmin qərarla razılaşmayaraq, 06 aprel 1960-cı il tarixdə Gəncə şəhərində doğulduğunu, atası Nümayəndə Aman oğlu və anası X1 milliyyətcə azərbaycanlı olaraq Azərbaycan SSR-nin vətəndaşı, SSRİ dağıldıqdan sonra isə Azərbaycan Respublikasının vətəndaşları olduğunu və daim Gəncə şəhərində yaşadıqlarını, onun da Azərbaycan SSR-nin vətəndaşı olduğunu və 1997-ci ildə müvəqqəti olaraq Rusiya Federasiyasının Moskva şəhərinə getdiyini, həmin zaman Azərbaycan Respublikasının vətəndaşı olduğunu, heç bir zaman Azərbaycan Respublikasının vətəndaşlığından çıxmadığını və imtina etmədiyini, Gəncə şəhərində mülkiyyətində fərdi yaşayış evinin olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
29. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına məsubiyyətinin tanınmasından imtina barədə 24 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarı əsaslı və qanuni olmuşdur.
30. Belə ki, mövcud qanunvericilik şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsasların dairəsini konkret müəyyən etmişdir və onun Azərbaycan Respublikasının ərazisində doğulması, Azərbaycan Respublikasının vətəndaşının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaq şərtilə Azərbaycan Respublikasının vətəndaşlığında olması bu əsaslar sırasına daxildir. İddiaçının tələbinin maddi-hüquqi əsasını da məhz həmin hal təşkil edir.
31. Lakin məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində doğulmuş və Azərbaycan SSR-nin vətəndaşı olmuşdur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra isə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almamış və 1997-ci ildə qazanc məqsədilə Rusiya Federasiyasına gedərək, həmin ölkənin vətəndaşlığını almış və hazırda da 66№1962885 saylı pasporta əsasən Rusiya Federasiyası vətəndaşıdır.
32. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 1. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Maddə 16. Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. Maddə 18. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na görə: Bənd 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Bənd 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa. Bənd 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda. Bənd 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Bənd 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
34. Göründüyü kimi, iddiaçı adı çəkilən Qanunun qüvvəyə minməsinədək Azərbaycan Respublikası SSR-nin vətəndaşı kimi Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, 1997-ci ildə Rusiya Federasiyasına gedərək həmin ölkənin vətəndaşlığını qəbul etdiyinə görə ona münasibətdə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndi ona şamil edilə bilməz. Belə ki, həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır və bu halda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva