Məhkəmə qərarları › İş №2-1(114)-1665/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1665/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1665/2025 14.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Doğum haqqında xx.xx.1957-ci il tarixli 187 nömrəli akt qeydinə və Doğum haqqında xx.xx.1957-ci il tarixli İ-ИЕ 237327 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.1957-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1957-ci il tarixdə 187 nömrə ilə qeyd aparılmışdır.

2. Ölüm haqqında xx.xx.1992-ci il tarixli 23 nömrəli akt qeydinə və Ölüm haqqında xx.xx.1992-ci il tarixli İV-ЖГ 356480 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.1992-ci il tarixdə ölmüş, bu barədə öülm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 23 nömrə ilə qeyd edilmişdir.

3. Ölüm haqqında xx.xx.2001-ci il tarixli 01 nömrəli akt qeydinə və Ölüm haqqında xx.xx.2001-ci il tarixli AZ-İ 004499 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.2001-ci il tarixdə ölmüş, bu barədə öülm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Mollacəlilli kəndi, X15 kəndi, ev (Yeni qaydalarla: AZ 2521, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 129.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,21 ha torpaq sahəsi üzərində İddiaçı və digərlərinin ümumi birgə müıkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin orqanın xx.xx.2024-cü il tarixli 3-16-5/8-Ə-688/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, təqfim etdiyi sənədlərdə adı “Kəpəz” göstərilsə də, doğum haqqında akt qeydində adı “Kəfəz” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, onun doğum haqqında təkrar şəhadətnaməsinin istənilməsi barədə müraciəti tərəflərindən təmin dilə bilməz. Bununla bağlı tərəflərindən hüquqi yardım təklif edilərək yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq bildirilir ki, düzəlişə əsas olan sənədləri qeydiyyatı üzrə qeydiyyat şöbəsinə təqdim etməyi, əsas olmadığı təqdirdə məhkəməyə müraciət etməyi tövsiyyə olunur.

6. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Mollacəlilli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 260 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Göygöl rayonunun Mollacəlilli kəndində yaşayır.

7. İddiaçı doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin orqanın xx.xx.2025-ci il tarixli 3-16-5/8-Ə/1-10/2025 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, onun doğum haqqında təkrar şəhadətnaməsinin istənilməsi barədə müraciəti tərəflərindən təmin dilə bilməz. Bununla bağlı tərəflərindən hüquqi yardım təklif edilərək yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq bildirilir ki, düzəlişə əsas olan sənədləri qeydiyyatı üzrə qeydiyyat şöbəsinə təqdim etməyi, əsas olmadığı təqdirdə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. II. Məhkəmədə icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun yəni, İddiaçı aid doğum haqqında akt qeydində düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 aprel 1970-ci ildə Göygöl (Xanlar) rayonun Mollacəlilli kəndində anadan olmuşdur. Atası mərhum X6, anası isə mərhum X5r. Onun adına yazılan və qeydə alınan AZE 0*******, FİN xxxxxxx AA1938594, olan X3 Kəpəz Cahangir oğlu olması təsdiq olunur. Mərhum X1 20 avqust 1992-ci il tarixdə, mərhum anası X7 isə 01 yanvar 2001-ci il tarixdə vəfat etmişdirlər. Mərhum X1ndan Göygöl rayonun Mollacəlilli kəndində miras yaşayış və torpaq sahəsi qalmışdır. Göstərilən mirası qanun üzrə qəbul olunması ilə əlaqədar Gəncə "ASAN xidmət" mərkəzinin Notariat ofisinə müraciət edərək, Vərəsəlik Şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Gəncə "ASAN xidmət" mərkəzinin Notariat ofisi, X4 soyadı X9 göstərildiyi üçün vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və Cavabdehnə müraciət olunması məsləhət olunmuşdur.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Xanlar rayon şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 187 saylı doğum akt qeydində düzəliş edilərək “Kəfəz” adının “Kəpəz” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdehin yerləşdiyi yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.1957-ci il tarixli 187 nömrəli akt qeydi və Doğum haqqında xx.xx.1957-ci il tarixli İ-ИЕ 237327 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.1992-ci il tarixli 23 nömrəli akt qeydi və Ölüm haqqında xx.xx.1992-ci il tarixli İV-ЖГ 356480 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.2001-ci il tarixli 01 nömrəli akt qeydi və Ölüm haqqında xx.xx.2001-ci il tarixli AZ-İ 004499 nömrəli şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-Ə-688/2024 nömrəli imtina məktubu; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Mollacəlilli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 260 nömrəli arayışı; - Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/8-Ə/1-10/2025 nömrəli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materiallarından müəyyən olur ki, İddiaçı ona məxsus Doğum haqqında xx.xx.1957-ci il tarixli 187 nömrəli akt qeydinə adının texniki səhv olaraq “Kəfəz” kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində adına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə imtina məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir.

27. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

30. Məhkəmənin sorğusu əsasında Cavabdehndən əldə edilmiş xx.xx.1957-ci il tarixli 187 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1957-ci il tarixdə 187 nömrə ilə qeyd aparılmışdır. X1, anası isə X5r. Həmin akt qeydində iddiaçının adı, soyadı və ata adı “X8” kimi qeyd edilmişdir.

31. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının adı Kəpəz kimi qeyd edilmişdir.

32. Bu isə o deməkdir ki, həqiqətən də İddiaçı doğum akt qeydində səhvə yol verilmiş və iddiaçının adı barəsində məlumat düzgün qeyd edilməmişdir.

33. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur.

34. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Xanlar rayon şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 187 saylı doğum akt qeydində düzəliş edilərək “Kəfəz” adının “Kəpəz” kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmalıdır.

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Xanlar rayon şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 187 saylı doğum akt qeydində düzəliş edilərək “Kəfəz” adının “Kəpəz” kimi qeyd edilməsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar