Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1666/2021 13.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 22.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci il tarixdə hərbi xidmətə çağrılmış, döyüş zonasında hərbi xidmət keçərkən 03.07.1992-ci il tarixdə yaralanmış və 03.07.1992-ci il tarixdən 21.07.1992-ci il tarixədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. İddiaçı müvafiq sənədlərlə cavabdeh orqana müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 20.08.2021-ci il tarixli, 11/3959 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 01.06.2021-ci il tarixli 9/2-4206 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyul, sentyabr-noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin avqust-dekabr 1992-ci il tarixli, yanvar-dekabr 1993-cü il tarixli, yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması və hospitala göndərilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçının 28.08.1992-ci il tarixdən sonra xidməti və ehtiyyata buraxılması barədə məlumat olmadığından ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İddiaçı məxsus 02.12.1989-cu il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətində sonuncunun 03.05.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət etməsi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivinin 21.05.2000-ci il tarixli 26/2-3986 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 01.06.1992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissəyə qəbul edilmiş, 28.08.1992-ci il tarixədək adı şəxsi heyət siyahısında göstərilmişdir. -surəti işə əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Hərbi Komissarlığının 18.12.2000-ci il tarixli 4/992 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 03.07.1992-ci il tarixdən 21.07.1992-ci il tarixədək N nömrəli hərbi hospitalda “baş beyin silkələnməsi” ilə əlaqədar müalicə olunmuş, travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 01.08.2019-cu il tarixli 63N nömrəli qərarının surətindən görünür ki, Gəncə şəhəri Kəpəz RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 03.07.1992-ci ildə aldığı və 03.07.1992-ci il tarixdən 21.07.1992-ci il tarixədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz “Alının kor qəlpə yarası, baş beyinin orta dərəcəli silkələnməsi” “Hərbi travmadır” və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 01.06.2021-ci il tarixli 9/2-4206 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin iyul, sentyabr-noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1992-ci il, yanvardekabr 1993-cü il, yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti, yaralanması və hospitala göndərilməsi barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24.06.2021ci il tarixli, 1/İ-13926 nömrəli məktubunda qeyd olunmuşdur ki, döyüş əməliyyatlarında aparılan zaman 28.08.1992-ci il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumat olmadığına görə İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivinin 04.08.2021-ci il tarixli 4/2- 104 nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin 01.06.1992-ci il tarixli N nömrəli əmri ilə 01.06.1992-ci il tarixdən şəxsi heyətin siyahısında İddiaçının adı qeyd edilmiş, N nömrəli hərbi hissə komandirinin 26.06.1992-ci il tarixli 15 nömrəli əmrində döyüş əməliyyatlarında iştirak etmədiklərinə və həmin əməliyyatlarda iştirak etməkdən boyun qaçırdıqlarına görə hərbi tribunala cəlb edilmiş şəxsi heyətin siyahısında onun adı qeyd edilmiş, N nömrəli hərbi hissə komandirinin 28.08.1992-ci il tarixli 56 nömrəli əmrində onun “hesablayıcı” vəzifəsində adı qeyd edilmiş, N nömrəli hərbi hissə komandirinin iyul, sentyabr-noyabr 1992-ci il və N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin 01.06.1992-ci il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınmışdır, onun döyüş zonasında hərbi xidmət keçərkən 03.07.1992-ci ildə aldığı və 03.07.1992-ci il tarixdən 21.07.1992-ci il tarixədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz (“Alının kor qəlpə yarası, baş beyinin orta dərəcəli silkələnməsi”) hərbi travma olsa da, 28.08.1992-ci il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumat yoxdur. Halbuki, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1666/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1666/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver