Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1667/2022 31.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı X4, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Heydərli adına üzümçülük sovxozunda fəhlə işləməyinə dair iş illərinin əmək stajına daxil edilməsi və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Ağdam rayonu Səfi Heydərli adına üzümçülük sovxozunda fəhlə işləmişdir və xx.xx.2005-ci il tarixdən hal-hazıra kimi Ağdam rayon 2 saylı köçkün tam orta məktəbində müəllim işləyir. Hazırda yaşa görə əmək pensiyasına çıxmağı ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərkən cavabdeh əmək pensiyası təyin edilməsindən imtina edərək xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Ağdam rayonu Səfi Heydərli adına üzümçülük sovxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Ağdam rayonu Səfi Heydərli adına üzümçülük sovxozunda fəhlə işləmişdir və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun bu imtinası əsassızdır. Ona görə də hesab edir ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Ağdam rayonu Səfi Heydərli adına üzümçülük sovxozunda fəhlə işləməyinə dair iş illərinin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı X7 məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialından daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi filialı tərəfindən İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İs materiallarında olan iddiacıva məxsus sənədlərin surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək təhsil illəri, eyni zamanda əmək kitabçasında qeyd edilən dövrləri nəzərə alınmaqla) 17 il 11 ay təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 3 il sığorta stajına uyğun olaraq 2.286.21 manat, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək 15.525.48 manat olmaqla ümumilikdə 17.811.69 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq, xx.xx.2022-ci tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 34.560 manat, minimum əmək pensiyasının məbləği isə 240 manat manat müəyyən edilmişdir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək haqqı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan Səfi Heydərli adına sovxozdakı əmək fəaliyyəti dövrünü araşdırmaq mümkün olmamışdır. Belə ki, həmin dövrləri araşdırmaq üçün bir sıra dövlət orqanlarına sorğular göndərilmişdir. Azərbaycan Respublikası Dövlət X5 26 iyul 2022-ci il tarixli, 23 nömrəli cavab məktubuna əsasən “S.Heydərli” adına üzümçülük sovxozunun arxiv sənədləri Filiala təhvil verilmədiyindən İddiaçı işləməsi barədə heç bir məlumat mümkün olmamışdır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının adına aktiv əmək müqaviləsi olduğun üçün (2 saylı tam orta məktəb) İddiaçı yaşa görə müavinətin təyin edilməsi qanunauyğun hesab edilmir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.2012-ci il tarixli, AZ-İİ 942497 nömrəli, xx.xx.1985-ci il tarixli, Xİ-JQ 336309 nömrəli, xx.xx.1987-ci il tarixli, X-JQ 296207 nömrəli, xx.xx.1991-ci il tarixli, XV-JQ 418258 nömrəli və xx.xx.1989-cu il tarixli, XİV 438548 nömrəli “Doğum haqqında şəhadətnamələrin surətləri, iddiaçıya məxsus əmək kitabçasının surəti, xx.xx.2000-ci il tarixli, AA 029987 nömrəli vəsiqənin təsdiqlənmiş surəti, xx.xx.2022-ci il tarixli, 211 nömrəli və xx.xx.2021-ci il tarixli, 551 nömrəli arayışlar, xx.xx.1981-ci il tarixli, İT-İ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2022-ci il tarixli, 22 nömrəli mktubu, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 03..02.2022-ci il tarixli, **********0 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmişdir. Məhkəmə iddia tələbinin xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “S.Heydərli” adına sovxozda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “S.Heydərli” adına sovxozda fəhlə işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, “S.Heydərli” adına üzümçülük sovxozunun arxiv sənədləri arxivə təhvil verilmədiyindən, İddiaçı sovxozdakı əmək fəaliyyəti dövrünü araşdırmaq mümkün olmamışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “S.Heydərli” adına sovxozda fəhlə işlədiyi dövr iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmışdır və cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Belə ki, işdə olan xx.xx.1981-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən məlum olur ki, iddiaçı X7 xx.xx.1981-ci il tarixli, 437 nömrəli əmrlə işə girmiş və xx.xx.1993-cü il tarixli, 687 nömrəli əmrlə sovxozun ərazisi ermənilər tərəfindən işğal olunduğu üçün işdən azad edilmişdir. Məhkəmə iddiaçının “S.Heydərli” adına sovxozda əmək fəaliyyəti ilə bağlı əmək kitabçasının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X9) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının “S.Heydərli” adına sovxozda işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Bundan başqa, iddiaçı X7 iddia ərizəsində ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu müddə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.1.5. bəndində nəzərdə tutulmuşdur. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Lakin hazırkı iş üzrə iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmış və xx.xx.2021-ci il tarixdə 57 yaş 6 ayı tamam olduğundan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “S.Heydərli” adına sovxozda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. X1 xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “S.Heydərli” adına sovxozda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov