Məhkəmə qərarları › İş №2-1(114)-1667/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1667/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1667/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 Gəncə-X1rşı təhsildən ayrılmadan işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 Gəncə-X1rşı təhsildən ayrılmadan işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 X2 Filialına etdiyi müraciətə, həmin Filialın xx.xx.2024-cü il tarixli 3-17-2/2-M-44903/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, müraciətinin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Filialın əməkdaşı tərəfindən onunla əlaqə (***-***-**-**) saxlanılmışdır. Məlumat üçün bildirir ki, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs münasib iş (işaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedibgəlməsi mümkünlüyü nəzərə alınan iş) üçün müraciət edə, həmin şəxsə münasibətdə münasib iş təklif edilə bilər. Nəzərinə çatdırılır ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası"na uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) 1 avqust 2024-cü il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. Qeyd edilir ki, Filialın əməkdaşı tərəfindən ona MEİS-də formalaşdırılmış vakansiya bankından münasib iş ("EZ Group 2023" şirkətində fəhlə, əməkhaqqı vaxtamuzd) təklif olunmuş və bu barədə məlumatlar şəxsi kabinetinə yerləşdirilmişdir. O, təklif edilən münasib işi qəbul etdiyi üçün həmin vakansiyaya göndəriş və fərdi məşğulluq vərəqindən (işaxtaran və işsiz şəxsə dair fərdi məlumatlardan, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlardan, məşğulluq tarixçəsi, habelə təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyətinə dair məlumatlardan ibarət elektron sənəd) çıxarış MEİS tərəfindən elektron qaydada işəgötürənə göndərilmiş, həmçinin bu barədə məlumatlar şəxsi kabinetinə yerləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, vakant iş yerlərinə işçi qəbulu işəgötürənlərin səlahiyyətləri daxilindədir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək və əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. II. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 Gəncə-X1rşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun təhsildən ayrılmadan işlə təmin olunmaq vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibindən Füzuli, Xocavənd istiqamətində döyüşlərdə Azərbaycan ərazi bütövlüyü uğrunda iştirak etmişdir. Füzulinin azad olunmasına görə, Zəngilanın azad olunmasına, Xocavəndin azad olunmasına görə medallarla təltif olunmuşdur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 74 saylı sərəncamı ilə ünvan 1 ünvanında qeydiyyatda olan müharibə veteranı İddiaçı Gəncə şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Hazırda onun yaşayış şəraiti həddən artıq bərbaddır. Onun işə ehtiyacı var. Ozü Gəncə şəhəri 2 saylı Peşə Məktəbində təhsil alır. Həftənin 5 günü günortaya qədər dərsdə olur. Sonra isə müxtəlif yerlərdə ofisiant kimi işləyir. Cavabdehə işlə təmin olunmağı barədə etdiyi müraciətə formal, şablon bir cavab verilmişdir. Həmin cavabda ona hansı işin təklif olunması öz əksini tapmamışdır. O, həmin orqana gedib hansı işi ona təqdim etdiklərini soruşduqda aqressiya ilə qarşılanır.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, iş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmamışdır.

8. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə axan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

11. Hazırki tələbində iddiaçı onun təhsildən ayrılmadan işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

12. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, tələbinin dəqiqləşdirilməsinə zərurət vardır. Belə ki, cavabdeh orqana əvvəlki müraciəti işlə təmin edilmə ilə bağlı olsa da, sonuncu müraciət kiçik foto atelye istiqaməti üzrə özünəməşğulluğa cəlb edilmək barədədir. Odur ki, cavabdeh orqandan tələbiniz üzrə hansı istiqamətdə - işlə təmin edilmə yaxud özünəməşğulluğa cəlb edilməsi üzrə tələbini dəqiqləşdirməyi və bununla əlaqədar dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ona təklif edilir. Həmçinin, orta ixtisas təhsil müəssəsində təhsil almağına dair sənədin də məhkəməyə təqdim edilməsi təklif edilmişdir.

13. İddiaçı məhkəmənin xx.xx.2025-ci il tarixli iclası zamanı tələbinin işlə təmin olunmaq olduğunu, özünəməşğulluğa cəlb olunma ilə bağlı mübahisəsinin olmadığını bildirmişdir.

14. İşin faktiki halları ondan ibarət olmuşdur ki, iddiaçının müraciətinə əsasən o, Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) 1 avqust 2024-cü il tarixdən işsiz kimi qeydiyyata alınmış və bundan sonra MEİS-də formalaşdırılmış vakansiya bankından münasib işlər təklif olunmaqla, bu barədə məlumatlar onun şəxsi kabinetinə yerləşdirilmişdir. İddiaçı təklif edilən münasib işləri qəbul etdiyi üçün həmin vakansiyaya göndərişlər və fərdi məşğulluq vərəqindən (işaxtaran və işsiz şəxsə dair fərdi məlumatlardan, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlardan, məşğulluq tarixçəsi, habelə təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyətinə dair məlumatlardan ibarət elektron sənəd) çıxarış MEİS tərəfindən elektron qaydada işəgötürənlərə göndərilmiş, həmçinin bu barədə məlumatlar şəxsi kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçının işə qəbul edilməsi baş verməmişdir ki, bunun nəticəsi olaraq iddiaçı hazırkı iddia ilə məhkəmədə çıxış edərək, cavabdeh orqanın onu işlə təmin etməsini tələb etmişdir.

15. Halbuki, cavabdeh orqanın səlahiyyətinə aid edilən məsələ aktiv məşğulluq tədbirlərinin təşkili, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı və bu kimi, öz Nizamnaməsində və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlərin təşkilini həyata keçirməkdir.

16. Cavabdeh orqan öz səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə iddiaçının tələbini təmin etmiş, onu işsiz kimi qeydiyyata almış, barəsində fərdi məşğulluq proqramı tərtib etmiş, vakansiya bankından ona münasib işlər təklif etmiş və işəgötürənə müvafiq göndərişlər vermişdir.

17. İddiaçının işə qəbul edilməsi, onunla əmək bağlanması isə cavabdeh orqanın deyil, işəgötürənin səlahiyyətlərinə aid məsələdir, onun hüququdur. Müqavilə azadlığı prinsipi isə əmək müqaviləsinin məcburi bağlanmasına yol vermir.

18. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X4 Nizamnaməsinə görə: Bənd 1.1. X7 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bənd 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək; 2.1.6. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək; 2.1.10. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.7. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları vakansiya bankına daxil etmələri üçün tədbirlər görmək, o cümlədən məlumatlandırma, təbliğat və təşviqat işini təşkil etmək; 3.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək;...

19. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. aktiv məşğulluq tədbirləri – işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna kömək göstərilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlər;...

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə: Maddə 3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək;...

21. Göründüyü kimi, hazırki işdə cavabdeh orqanın hər hansı hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı mövcud deyildir.

22. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

23. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının tələbi üzrə onların hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

24. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar