Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1668/2021 23.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X7 və X4, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X23 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X24, X11, X16, X17 və X27) fərdi yaşayış evinin və torpaq sahəsinin vahid əmlak kimi qeydə alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 22.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququnun tanınması və mərhum atasının adına zəbtə salınmış 0.25 ha torpaq sahəsinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Aşağı-Öysüzlü kəndində 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 67 kv.m, ümumi sahəsi, 45 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi var. X2 onun evini və torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə edir və mülkiyyətinə çıxarış almasına mane olur. Həmin fərdi yaşayış evinə çıxarış almaq üçün cavabdehə müraciət etmiş, lakin 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşları ölçü işləri aparmaq üçün gələn zaman qardaşı Çingiz Zeynalov onlara ciddi müqavimət göstərmiş və onları təhqir edərək həmin ərazidə mülkiyyətinin olmadığını bildirmişdir. İddiaçı kənd icra nümayəndəsinə və kənd bələdiyyəsinə müraciət edən zaman ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair onda kadastr sənədi olduğu halda torpaq sahəsi mərhum atası X12 adına zəbtə salınmışdır. Məhkəmənin 11.03.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “ona məxsus evin və evin yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak kimi ailə üzvləri – arvadı X11, oğlu X27, qızları X17 və X16 daxil olmaqla adlarına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin 17.11.2020-ci il tarixli qərardadı ilə X24, 08.09.2021-ci il tarixli qərardadı ilə X11, X16, X17 və X27 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ataları Yusif Zeynalov 2017-ci ildə vəfat etmişdir, onun adına verilmiş plan ölçü sənədi saxtadır, hazırda özü mübahisəli evdə, yəni atasına verilmiş torpaqda yerləşən evdə yaşamır, 3 km aralıda başqa evdə yaşayır. Cavabdehin nümayəndəsi X32 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən sahə ilə bağlı qardaşlar arasında mübahisə olduğuna görə cavabdeh orqan iddiaçının tələb etdiyi sahəni dəqiqləşdirə bilmir, bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Üçüncü şəxs X24 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, Yusif Zeynalovun adına verilmiş 096828 nömrəli plan ölçü sənədi ilə müəyyən edilmiş, atasına məxsus torpaq sahəsində yerləşən evdə doğulmuş və həmin vaxtdan 54 ildir ki, orada yaşayır, hazırda da ailəsi ilə birgə orada yaşayır, iddiaçı isə öz evində yaşayır. Ona görə də sözügedən evin və evin yerləşdiyi torpaq sahəsinin iddiaçının, yəni qardaşının və onun ailə üzvlərinin adına qeydə alınmasına etiraz edir. Üçüncü şəxslər X11, X16 və X27 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı müdafiə edərək, sözügedən evin və evin yerləşdiyi torpaq sahəsinin iddiaçının və onların adına qeydə alınmasını xahiş etmişlər. Üçüncü şəxs X17 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, mübahisəli torpaq sahəsində yerləşən evdə doğulub yaşamışdır, uşaq vaxtdan valideynləri ilə əmisi Çingiz Zeynalov arasında münaqişələr olduğuna görə onlar valideynləri ilə birlikdə təqribən 18 il öncə başqa ev tikib ora köçmüşlər, əmisi Çingiz isə orada yaşamağa davam etmişdir, bu günədək də həmin evdə yaşayır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tovuz rayon Dövlət Arxivinin 15.01.2020-ci il tarixli 13 nömrəli məktubundan görünür ki, Dövlət Arxivində saxlanılan 1996-2000-ci il tarixli 02 nömrəli təsərrüfatbaşına kitabın 189-cu şəxsi hesabında təsərrüfat vətəndaş İddiaçı adına olmaqla adına 0.25 ha torpaq sahəsi, o cümlədən ümumi sahəsi 67 kv.m, yaşayış sahəsi 45 kv.m olan yaşayış evi göstərilmişdir. -surəti işə əlavə edilmiş 15.11.1989-cu il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən fərdi yaşayış evinin sahibi kimi İddiaçı qeyd edilmişdir. -Tovuz rayonu İHB-nin Aşağı Öysüzlü kənd İcra nümayəndəliyinin 16.10.2020-ci il tarixli, 967 nömrəli arayışdan görünür ki, Tovuz rayon İƏD-nin Aşağı Öysüzlü kəndində yerləşən 03 saylı 2011-2015-ci il Təsərrüfatbaşına kitabda 198 nömrəli şəxsi hesabın 12-ci səhifəsində qeyd olunmuş 0.25 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 67 kv.m, yaşayış sahəsi 45 kv.m olan yaşayış evi olmuşdur, həmin torpaq sahəsində 2011-2013-cü illərdə 0.25 ha həyətyanı torpaq sahəsi qeyd olunmuş, 2014-2015-ci illərdə Tovuz rayon DNK-nın AN-İ ******* nömrəli 29.11.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 0.05 ha hissəsini X1. -Tovuz rayon Dövlət Arxivinin 05.05.2021-ci il tarixli 86 nömrəli arxiv arayışından görünür ki, Aşağı Öysüzlü kənd XDS İcraiyyə Komitəsinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1983-1985-ci il tarixli 02 nömrəli təsərrüfatbaşına kitabın 135-ci şəxsi hesabında təsərrüfat X12 adına olmaqla adına 0.12 ha torpaq sahəsi olması göstərilmiş və ailə üzvləri olaraq arvadı X25, övladları- X28, X18, X26 və X24 qeyd olunmuşdur. -Tovuz rayon Dövlət Arxivinin 27.12.2018-ci il tarixli 514 nömrəli arxiv arayışından görünür ki, Aşağı Öysüzlü kənd icra nümayəndəliyinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1996-2000-ci il tarixli 02 nömrəli təsərrüfatbaşına kitabın 190-cı şəxsi hesabında təsərrüfat X12 adına olmaqla adına 0.12 ha torpaq sahəsi, ümumi sahəsi 57 kv.m, yaşayış sahəsi 30 kv.m olan yaşayış evi göstərilmişdir. -surəti işə əlavə edilmiş A 096828 nömrəli dekabr 2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd Tovuz rayon Aqrar İslahat Komissiyasının 05.02.2004-cü il tarixli 02 nömrəli qərarı ilə X19 verilmiş 3198.08 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.11.2021-ci il tarixli **********58 nömrəli məktubuna əlavə edilmiş Tovuz rayonunun Aşağı Öysüzlü kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən çıxarışdan görünür ki, X12, X3, X5, X4 və X14 adına ümumilikdə 0.12 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. -DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 19.11.2020-ci il tarixli **********92 nömrəli məktubundan görünür ki, İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 27.11.2010cu il tarixində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində 0.230817 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır, sözügedən torpaq sahəsinin 0.05 ha hissəsi Tovuz rayon Notariat kontorunun 29.11.2010-cu il tarixli 4Ə/3-401 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X8 və 0.09 ha hissəsi isə eyni müqavilə əsasında kamalov Kamal Məcid oğluna satılmış və həmin mülkiyyətçilərin mülkiyyət hüquqları müqavilə əsasında dövlət reyestrində qeydiyyatı aparılmışdır, eyni zamanda İddiaçı adına 15.11.1989-cu il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fərdi yaşayış evinə texniki pasport tərtib edilmiş və sözügedən yaşayış evinə dair 1 nömrəli qeydiyyat kitabının 97-ci səhifəsində 386 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir, bundan əlavə X12 və ailə üzvlərinin adına DT və XKnin Tovuz rayon şöbəsi tərəfindən təqdim edilən elektron siyahıda 0.32 ha torpaq sahəsinin olması qeyd edilmiş, lakin plan və ölçü sənədi idarənin arxivinə təhvil verilməmişdir. -DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 10.03.2021-ci il tarixli **********64 nömrəli məktubundan görünür ki, idarənin elektron məlumatlarında İddiaçı ailə üzvləri ilə mülkiyyətində adlarına Tovuz rayonu, Aşağı Öysüzlü kəndində JN-1591 nömrəli Dövlət Aktı ilə 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmiş, həmçinin onun adına ********** qeydiyyat vəsiqəsi 27.11.2010-cu il tarixində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində 0.9 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır, bundan əlavə onun mülkiyyətində adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 386 nömrəli qeydiyyat vəsiqəsi ilə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fərdi yaşayış evi qeydiyyata alınmış və həmin evə 503-5/1195 inventar nömrəsi ilə texniki pasport tərtib edilmişdir. -surəti işə əlavə edilmiş A 096828 nömrəli dekabr 2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, 3198,08 ha torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının 05.02.2004-cü il tarixli 02 nömrəli qərarı ilə verilmiş, sahənin texniki göstəriciləri X15 adına işlənmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.11.2021-ci il tarixli **********58 nömrəli məktubuna əlavə edilmiş Tovuz rayon Aqrar İslahat Komissiyasının 05.02.2004-cü il tarixli 02 nömrəli qərarı ilə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində həyətyanı torpaq sahəsi verilən subyektlərin siyahısından görünür ki, sözügedən sahə X20, X6, X9, X10 və X21 verilmişdir. -surəti işə əlavə edilmiş DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 21.01.2020-ci il tarixli **********71 nömrəli bildirişindən görünür ki, əmlak üzərində mübahisə olduğuna görə iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Tovuz rayonu Aşağı- Öysüzlü kəndində 3198,08 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddia olunan əmlak üzərində mübahisə olması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının qeydə alınmasını tələb etdiyi 3198.08 ha torpaq sahəsinə dair A 096828 nömrəli dekabr 2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən, həmçinin həyətyanı torpaq payı almaq hüququ olan subyektlərin siyahısından görünür ki, həmin sahə Tovuz rayon Aqrar İslahat Komissiyasının 05.02.2004-cü il tarixli 02 nömrəli qərarı ilə X19, eləcə də X6, X9, X10 və X22 verilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin iş materiallarında olan məktublarına əsasən müəyyən olunur ki, həmin sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.11.2021-ci il tarixli **********58 nömrəli məktubuna əlavə edilmiş Tovuz rayonunun Aşağı Öysüzlü kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən çıxarışdan görünür ki, həmin sahə X29 ilə birlikdə 5 nəfərə verilmişdir. Həmin şəxslərdən Yusif Zeynalov iddiaçının atası, Bağdagül Zeynalova arvadı, Samirə Zeynalova, Səadət Zeynalova və Sahib Zeynalov isə övladlarıdır. Beləliklə araşdırılmış sübutlarla müəyyən olunur ki, sözügedən sahə 5 nəfərin ümumi birgə mülkiyyətinə verilmiş, onlardan Yusif Zeynalov vəfat etsə də, onun payı vərəsəlik qaydasında hüquqlu subyektlər arasında bölünməmiş və ümumiyyətlə həmin paya dair vərəsəlik açılsa da, hüquqi həllini tapmamışdır. Odur ki, həmin sahənin hazırki vəziyyətdə məhkəmə qaydasında müvafiq reyestrdə vahid əmlak kimi qeydə alınması tələbi əsaslı sayıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin vahid əmlak kimi qeydə alınması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1668/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1668/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver