Məhkəmə qərarları › İş №2-1(114)-1669/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1669/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1669/2020 13.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X2rşı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 1.36 ha torpaq sahəsinin (tam) və müqavilə əsasında satdığı 0.248 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 saylı X3 həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X3 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 1.36 ha torpaq sahəsinin (tam) və müqavilə əsasında satdığı 0.248 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Dövlət Reyestrindən çıxarışa əsasən Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən 1.3510 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Ailə üzvləri ilə birlikdə həmin torpaqda kənd təsərrüfatı məhsullarını yetişdirib satmaq üzrə kiçik sahibkarlıqla məşğul olurlar. Şəmkir rayonunun ərazisindən keçən Gəncə-Qazax-Qırmızı körpü avtomobil yolundaki yenidən qurma və yeni ipək yolunun çəkilişi nəticəsində onun torpağının bir hissəsi yol planına düşmüş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin adından ona müraciət edilmiş və həmin torpağa görə bank vasitəsi ilə ona 5800 (beş min səkkiz yüz) manat ödənilmişdir. Tikinti işləri başlanarkən o görmüşdür ki, yol çəkən podratçı təşkilatın işçiləri tərəfindən onun torpağının qalan hissəsidə qanunsuz olaraq zəbt edilir, onlara etirazını bildirdikdən sonra müəyyən müddətdə işlər dayandırılmış, lakin sonradan onun torpağının qalan hissəsi qanunsuz olaraq zəbt edildiyi üçün müxtəlif səlahiyyətli dövlət qurumlarına müraciətlər etsədə onun torpağını zəbt edənlər torpaq sahəsindən çıxmamışlar və əlavə olaraq torpaq sahəsinin 0.21 ha yaxın hissəsi qeyri-qanuni olaraq zəbt edilmişdir. Onun razılığı olmadan mülkiyyət hüquqlarına müdaxilə edilməsi onun mülkündən istifadəsinə məhdudiyyətlər yaratmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş Dövlət Reyestrindən çıxarışdan göründüyü kimi qeyd edilən torpaq sahəsi onun mülkiyyətidir. Azərbaycan Abvtomobil Yolları Dövlət Agentliyi tərəfindən onun torpağının 0.21 ha yaxın hissəsi qeyri qanuni olaraq zəbt edilmişdir. Hal-hazırda o öz torpağından istifadə edə bilmədiyi üçün onun ailəsinə maddi sıxıntılar yaradır. Halhazıradək o, öz hüquqlarını bərpa edə bilməmişdir. Ona görədə maddi və mənəvi sıxıntılara məruz qalır. O, mülkiyyətində olan torpaq sahəsinin (tam) və müqavilə əsasında satdığı torpaq sahəsinin naturada yerinin müəyyən edilərək döngə nöqtələrinin göstərilməsinə dair ərizə ilə cavabdehə müraciət edərək, ərizəsində bildirmişdir ki, icazəsi olmadan mülkiyyət hüquqlarına müdaxilə edilmiş və onun mülkündən istifadə hüquqlarına məhdudiyyətlər yaranmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən onun torpağı qeyri qanuni olaraq zəbt edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020ci il tarixli RX seriyalı ******* nömrəli Dövlət Reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən 1.3510 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada yerinin göstərilməsinə dair ərizəsinə cavabdehin xx.xx.2020-ci il tarixli **********23 saylı cavab məktubu ilə torpaq sahəsinin elektron bazası üzrə mövcud koordinatları naturaya uyğun gəlmədiyi üçün imtina edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış, xx.xx.2013-cü il tarixli AA 000350 nömrəli torpaq sahəsinin planı və ölçüsü və cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********23 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də qismən əsaslıdır. Göründüyü kimi iddia tələbi iki hissədən, çıxarışa əsasən iddiaçının mülkiyyətdə olan 1.36 ha torpaq sahəsinin (tam) və müqavilə əsasında satdığı 0.248 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisində olan kənd təsərrüfatı təyinatlı 1.3510 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AA 000350 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, (Şəmkir rayon 1 saylı DNK) xx.xx.2013-cü il tarixli 4Ə-02-209 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisində yerləşən 1.3510 ha torpaq sahəsinin planı və ölçüsü **********15 reyestr nömrəsi ilə İddiaçı adına tərtib edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********23 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya məxsus Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsinin elektron bazası üzrə mövcud koordinatları naturaya uyğun gəlmədiyi üçün torpaq sahəsinin yerinin göstərilməsi cavabdeh tərəfindən mümkün deyil. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli fərmanı ilə yaranmış problemin həlli ilə bağlı Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi, o cümlədən torpaqlar barəsində yeni elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Odur ki, yeni elektron baza formalaşdığı təqdirdə iddiaçıya məxsus torpaq sahəsinin yerinin göstərilməsi təmin ediləcək. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 1.3510 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X1 mülkiyyətinə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.50-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin xidməti vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı və X1 adına verilmiş çıxarışda qeyd olunan 1.3510 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi tələbinə dair hissədə iddia təmin edilməli, müqavilə əsasında satdığı 0.248 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi tələbinə dair hissədə iddiaçı məhkəməyə hər hansı bir sübut təqim etmədiyi üçün rədd edilməlidir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X3 RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə İddiaçı və X1 ümumi birgə xüsusi mülkiyyətinə verilmiş 1.3510 ha kənd təsərrüfatlı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi vəzifəsi həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar