Məhkəmə qərarları › İş №2-1(114)-1669/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1669/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1669/2025 04.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı müddətsiz üçüncü dərəcə əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi və əlilliyinin səbəb əlaqəsinin xx.xx.2021-ci il tarixdən dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 88 nömrəli qərarına iddiaçının “Sol ayağın İİ-İİİ-İV-V barmaqlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ-İİİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası funksiyasının mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İİ mərhələ angiotrofonevrozu funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı xx.xx.2013-cü il tarixdə ümumi xəstəliklə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Daha sonra İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş üzrə onun əlillik vəziyyəti xx.xx.2020-ci il tarixdə qiymətləndirilərək, göndərişin natamam doldurulması barədə qərar verilmişdir.

4. İddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2021-ci il tarixdə baxılaraq, “Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, Sol ayaq İ, İİ, İİİ, İV, V barmaqlarının amputasion güdülü. Hərəkətin və yerişin pozulmaları, Kəskin yeriş pozğunluğu” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdə əyani müayinəsi nəticəsində əlilliyin səbəb əlaqəsi və dərəcəsi dəyişdirilərək ona ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik (2.5.4. baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası Z89.8, Z9...) diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən hissəvi reabilitasiya olunaraq ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə **********4 nömrəli qərar qəbul edilmişdir.

5. İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar yenidən Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli 0236003AAK9K nömrəli göndəriş rəsmiləşdirilmiş və “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması. Sol ayaq İİ, İİİ, İV, V barmaqları İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ-İİİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri. Bifazik, trifazik axım” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

6. İddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxılaraq, “Tam reabilitasiya olunması” barədə xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərar qəbul edilmişdir.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-8042/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində Qazax Rayon Mərkəzi Xəstəxanasının 0236003AAK9K nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq "Tam reabilitasiya olması" barədə qərar qəbul edilmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T385/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçı adına tərtib edilmiş qiymətləndirmə üzrə məlumatda qeyd edilmiş "Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, sol ayaq İİ, İİİ, İV, V barmaqların İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ, İİİ, İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, bifazik, trifazik axın" diaqnozuna onda hazırda da rast gəlinir. İddiaçı hal-hazırkı əyani müayinəsini və tibbi sənədlərində qeyd edilən diaqnozu nəzərə alaraq onun əlavə bərpa müalicəsinə zərurət yoxdur.

9. Məhkəmənin sorğusuna “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 5114 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı adına tərtib edilmiş T385/2023 saylı rəydə göstərilən “Aşıq-baldır oynağı və ayağın yumşaq toxumalarının donvurma nəticəsində nekrozlaşması, sol ayağın İİ, İİİ, İV, V barmaqlarının İV dərəcəli, V barmağın eksartikulyasiyası; İİ, İİİ, İV barmaqların əsas falanqaların distal ucları səviyyəsindən amputasiyasından sonrakı güdülləri, bifazik, trifazik axın” diaqnozu məhkəmə-tibbi ekspertiza aparılarkən öz təsdiqini tapmış və güdüllər tam formalaşdığından ekspert komissiyası tərəfindən hal-hazırda hər-hansı əlavə müalicəyə ehtiyacın olmaması düzgün olaraq müəyyən edilmişdir.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-16955/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2013-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi məqsədilə vətəndaşa dair Ağstafa Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0221003AAJFZ nömrəli göndəriş rəsmiləşdirilmiş, xx.xx.2020-ci il tarixdə elektron şəkildə qiymətləndirilərək natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Belə ki, həmin göndərişdə xəstəliyin başlanması 1994-cü ildə aldığı donvurma ilə əlaqələndirilmiş, ağırlaşma kimi hər iki aşağı ətrafda barmaqların travmatik amputasiyası qeyd olunmuşdur. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq göndərişdə qeyd olunmuş amputasiya səviyyəsi əlillik təyinatına əsas verməmişdir. Həmçinin, donvurmanın aşağı ətraflarda verə biləcəyi digər ağırlaşmalar (arterial, venoz çatışmazlıqlar) göndərişdə öz əksini klinik, instrumental tapmadığından vətəndaşın əlillik vəziyyəti ilə əlaqədar yekun qərar vermək mümkün olmamışdır. Bundan irəli gələrək, İddiaçı təyin olunmuş xx.xx.2013cü il tarixli ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı qüvvədə saxlanılaraq natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Nəzərinizə çatdırırıq ki, göndəriş natamam və ya yanlış doldurulduqda, Agentlik tərəfindən hər hansı bir qərar qəbul edilmədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.9-cu bəndinə uyğun olaraq TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1766 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2003-cü il tarixli 129 nömrəli qərar hal-hazırda qüvvədədir.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-30829/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi məqsədilə vətəndaşa dair Ağstafa Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0221003AAJFZ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq, xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan İddiaçı dair əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi məqsədilə yenidən Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0236003AAK9K nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında vətəndaş xx.xx.2022-ci il tarixində Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşlara SMS vasitəsilə məlumat göndərilir. Nəzərinizə çatdırırıq ki, İddiaçı əlillik təyinatınin səbəb əlaqəsinin dəyişdirilməsi barədə müraciət ərizəsi xx.xx.2022-ci il tarixində Agentliyə daxil olmuş və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubla cavablandırılmışdır. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş əlilliyin statusunda olan uyğunsuzluğun aradan qaldırılması və “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin tərkibində siravi (kəşfiyyatçı-pulemyotçu) əsgər kimi hərbi xidmət keçmişdir. xx.xx.1994-cü il tarixdə Tonaşen yaşayış məntəqəsində düşmən mövqeyinin arxasında döyüş tapşırığını yerinə yetirdiyi zaman hər iki ayağının donması nəticəsində xx.xx.1994-cü il tarixdə Tərtər hərbi hissə hospitalının göndərişi ilə "Hər iki ayağın İİ-İİİ dərəcəli donması" diaqnozu ilə Mingəçevir şəhər Birləşmiş Xəstəxanasının LOR şöbəsinə qəbul edilmiş, stasionar şəraitdə müalicə olunmuş və xx.xx.1994-cü il tarixdə "Hər iki ayaq barmaqlarının İİ-İİİ dərəcəli donvurması" diaqnozu ilə xəstəxanadan çıxarılmışdır. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 129 saylı, xx.xx.2003-cü il tarixli protokolu ilə xəstəliyinin səbəbli əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi yazılsa da, ona ümumi xəstəliyə görə 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. Əlilliyinin statusunda (səbəbəlaqəsində) olan uyğunsuzluğun aradan qaldırılması məqsədilə cavabdeh təşkilata müraciət etmiş və ona imtina cavabı verilmişdir. Səbəb də bu olmuşdur ki, tam reabilitasiya olunmağı barədə qərar qəbul edilmişdir. Ona görə də, iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş əlilliyin statusunda olan uyğunsuzluğun aradan qaldırılması, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması və əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1448/2023 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir.

17. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi «ona üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-62/2024 nömrəli qərarı ilə (hakim Emin Axundov) iddia təmin edilmiş, İddiaçı əlilliyin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-604/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-62/2024 nömrəli qərarı ləğv edilmiş və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

20. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi və əlilliyinin səbəb əlaqəsinin xx.xx.2021-ci il tarixdən dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

21. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

22. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

23. İPM-ə görə: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

24. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərar xx.xx.2022-ci il tarixdə sistemə daxil edilməklə, iddiaçıya qəbul edilmiş qərar barədə məlumat da həmin tarixdə sms-bildiriş vasitəsilə göndərilmişdir. İddiaçı tərəfindən isə hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir ki, bununla da müddətin ötürülmədiyi müəyyən edilir.

25. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

26. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

27. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

28. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

29. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

30. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il tarixdən ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlilliyi olan Ağstafa rayon sakini İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar əlillik vəziyyəti tibb müəssisəsinin 0221003AAVFZ nömrəil göndərişi əsasında xx.xx.2020ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətandaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.20085-cü il tarixli 88 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol ayağın İİ,İİİ,İV və V barmaqlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası İl-İİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İl mərhələ angiotrofonevrozu funksi yanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol ayağın İİ, İİİ, İV və V barmaqlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası İl-İİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İl mərhələ angiotrofonevrozu funksiyanın cüzi dərəcədə pozulması ilə” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Nəticədə diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin xx.xx.2021-ci il tarixdən hissəvi reabilitasiya olunaraq ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiya (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Ağstafa rayon sakini xx.xx.19785-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş və ona Ümumi səbəbdən müddətsiz ikinci dərəcə təyin edilmişdir. Lakin səbəb əlaqədən narazı olan vətəndaş təkrar müraciət etmiş və əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində Əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun “ müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.4. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (Hissəvi Reabilitasiya). Daha sonra vətəndaşın verilmiş qərarının səbəbəlaqəsini dəyişmək üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş və qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 88 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol ayağın İİ-İİİ-İV-V barmarlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİİİİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İl mərhələ angiotrofonevrozu. Funksiyanın mülayim dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda İV, V barmaqların tam, İİ-İİİ barmaqların əsas falanqadan amputasiyası qeyd olunmuş, hər iki ayaqarxasında pulsasiya müəyyən edilmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli aşağı ətraf arteriaların dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların divarında tək-tək kalsifik, diffuz aterosklerotik plaklar izlənilir. Bifazik, trifazik axımlar” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmağı meyarlarına dair Əsasnamə”yə və 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlar”ına uyğun olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

31. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 88 nömrəli qərarı; - Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0236003AAK9K nömrəli göndərişi; - xx.xx.2022-ci il tarixdə tam reabilitasiya olunması barədə **********8 nömrəli qərar; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-8042/2023 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T385/2023 nömrəli ekspert rəyi; - Məhkəmənin sorğusuna “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 5114 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-16955/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1766 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-30829/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

34. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

35. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 88 nömrəli qərarına iddiaçının “Sol ayağın İİ-İİİ-İV-V barmaqlarının İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ-İİİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri, İ barmağın varus deformasiyası funksiyasının mülayim dərəcədə pozulması ilə. Hər iki ayağın İİ mərhələ angiotrofonevrozu funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Lakin İddiaçı xx.xx.2013-cü il tarixdə ikinci dərəcə əlillik ümumi xəstəlik səbəbi ilə təyin edilmişdir.

36. İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş üzrə onun əlillik vəziyyəti xx.xx.2020-ci il tarixdə qiymətləndirilərək, göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2021-ci il tarixdə baxılaraq, “Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, Sol ayaq İ, İİ, İİİ, İV, V barmaqlarının amputasion güdülü. Hərəkətin və yerişin pozulmaları, Kəskin yeriş pozğunluğu” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdə əyani müayinəsi nəticəsində əlilliyin səbəb əlaqəsi və dərəcəsi dəyişdirilərək ona ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik (2.5.4. baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası Z89.8, Z9...) diaqnozu üzrə xx.xx.2021-ci il tarixdən hissəvi reabilitasiya olunaraq ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə **********4 nömrəli qərar qəbul edilmişdir.

37. İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar yenidən Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli 0236003AAK9K nömrəli göndəriş rəsmiləşdirilmiş və “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması. Sol ayaq İİ, İİİ, İV, V barmaqları İV dərəcəli donvurmasına görə V barmağın ekzartikulyasiyası, İİ-İİİ-İV barmaqların əsas falanqalarının distal ucları səviyyəsində amputasiyasından sonrakı güdülləri. Bifazik, trifazik axım” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxılaraq, “Tam reabilitasiya olunması” barədə xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərar qəbul edilmişdir.

38. İddiaçı məhkəmə iclası zamanı cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə, yəni əlillik dərəcəsinin ikincidən üçüncüyə dəyişdirilməsi ilə razılaşdığını bildirərək, cavabdehin onun əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsindən imtina barədə hərəkətlərini və tam reabilitasiya olunması barədə qərarını mübahisələndirir.

39. Məhkəmə aşağıdakı səbəblərdən iddiaçının tələbini əsaslı, cavabdeh orqanın hərəkətlərini və qərarını isə qanunsuz hesab edir.

20. Belə ki, iddiaçının cavabdehə müraciəti, yəni yeni göndərişin rəsmiləşdirilməsi onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı deyil, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı olmuşdur. Hərçənd ki, iddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün qanunvericiliyin tələbi göndərişin rəsmiləşdirilməsini deyil, əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlərin ya şəxsin özü yaxud aidiyyəti orqanlar tərəfindən Agentliyə təqdim olunmasını tələb edir.

21. Bu halda da cavabdeh orqanın qanunla etməli olduğu hərəkət, iddiaçının əlillik vəziyyətini yoxlamaq deyil, onun əlilliyinin səbəbinin dəyişdirilib-dəyişdirilməməsi barədə qiymətləndirmə aparmaqla, müvafiq iki qərardan (əlilliyinin səbəbinin dəyişdirilməsi yaxud dəyişdirilməsindən imtina olunması barədə qərar) birini qəbul etməkdir.

22. Cavabdeh orqan isə xx.xx.2022-ci il tarixdə iddiaçının əlillik vəziyyətini qiymətləndirməklə, onun tam reabilitasiya olunması barədə qərar qəbul etmişdir.

23. Hansı ki, cavabdeh orqan iddiaçının əlilliyinin səbəb-əlaqəsinin dəyişdirilməsi məsələsinə baxarkən onun cavabdeh orqanın qərarı ilə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyi mövcud olmuşdur.

24. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçının barəsində göndəriş rəsmiləşdirilsə də, həmin göndərişi iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi kimi qəbul etmək, yaxud iddiaçının məsuliyyət dairəsinə aid etmək düzgün deyildir. Ona görə ki, ən azından, iddiaçı həmin niyyətlə tibb müəssisinə müraciət etmiş olsaydı belə, belə bir göndərişin rəsmiləşdirilməsdən imtina edilməklə, ona müvafiq sənədlərlə cavabdeh Agentliyə müraciət etmək hüququ izah edilməli, yaxud həmin sənədlər Agentliyə təqdim edilməli idi.

25. Digər tərəfdən, bu göndərişin rəsmiləşdirilməsinin səbəbinin iddiaçının əlillik vəziyyətinin yoxlanılması üçün deyil, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün olması cavabdeh orqana məlum və aşkar idi.

26. Qanunvericilik cavabdeh Agentliyə, şəxsin əlillik təyinatı barədə qərarı qüvvədə olduğu zaman yalnız həmin qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməklə, müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək səlahiyyətini vermişdir.

27. Hazırkı işdə isə iddiaçının əlillik təyinatı barədə qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olması, cavabdehin inzibati icraat başlamaqla, iddiaçını əyani müayinəyə cəlb etməsi və bunun nəticəsində həmin təyinat qərarının ləğv edilməsi barədə qərar qəbul etməsi halları mövcud deyildir.

28. Bütün bu hallar isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tam reabilitasiya olunması barədə qərarı ilə əlilliyinin ləğv edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir .

29. Bundan başqa, iddiaçıya əlilliyin təyin edilməsi əsas olmuş travmanın (diaqnozun) səbəb əlaqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 88 nömrəli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilməsinə və bu məqsədlə iki dəfə göndəriş rəsmiləşdirilməsinə baxmayaraq, cavabdeh orqan ümumiyyətlə iddiaçının əlilliyinin səbəb əlaqəsini dəyişməklə bağlı hər hansı qərar qəbul etməmişdir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

40. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a görə: Bənd 2.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa.

41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

42. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi və əlilliyinin səbəb əlaqəsinin xx.xx.2021-ci il tarixdən dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “Tam reabilitasiya olunması”na dair xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi və əlilliyinin səbəb əlaqəsinin xx.xx.2021-ci il tarixdən dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar