Məhkəmə qərarları › İş №2-1(114)-167/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-167/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-167/2021 04.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Şəmkir filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Şəmkir rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdən 1982-ci il tarixədək Şəmkir rayonu «1 may» adına kolxozda və 1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Şəmkir rayonu «1 may» adına sovxozda sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-1982-ci illərdə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən «1 may» adına kolxozda, 1982-ci ildən 1998-ci il tarixədək Şəmkir rayonunun «1 may» adına sovxozda sürücü işləmişdir. xx.xx.1975-xx.xx.1977-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illəridə daxil edilməklə cəmi 25 il 03 ay 13 gün sığorta stajı və fərdi hesabın sığorta hissəsində 18718.02 manat pensiya kapitalı var. «1 may» adına kolxoz və sovxozda islahat aparılan zaman xx.xx.1998-ci il tarixli 17 nömrəli əmrlə işdən azad olunmuş, lakin savadsızlığından həmin vaxt işlədiyi illərə dair əmək kitabçasını almamışdır. Lakin Dövlət Arxivinin Şəmkir filialında aparılan qarşılıqlı yoxlama zamanı onun 1971-ci ildən 1982-ci ilədək «1 may» adına kolxozda, 1982-ci ildən 1998-ci ilədək «1 may» adına sovxozun əmr və əmək haqqı kitablarında işlədiyi illər təsdiq olunsada cavabdeh həmin illərin sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, «1 May» adına kolxozun kolxozçularına aid şəxsi hesab kitablarında kişilər üçün müəyyən olunmuş minumum adam günü norması barədə qeydiyyatlar yoxdur. Lakin müvafiq dövrdə Şəmkir rayonunda fəaliyyət göstərən digər kolxozlarda kişilər üçün minumum adam günü norması 240 gün müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli arxiv arayışından göründüyü kimi iddiaçı tərəfindən minumum adam günü normasının ödənildiyi illər 1974, 1975, 1979, 1980, 1981, 1982-ci illərdir. Bütün digər illərdə o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bunları nəzərə alaraq kolxozda ümumilikdə 8 il 1 ay 15 gün işləmişdir. (91+26+133+33+228=511:240x12=2 il 1 ay 15 gün+6 il= 8 il 1 ay 15 gün). «1 May» adına sovxozda isə işlədiyi ümumilikdə müddət 13 il 10 ay təşkil edir. Əmək haqqı ödənilməyən aylar nəzərə alınmamışdır. Hərbi xidmət illəridə daxil olmaqla (1 il 10 ay 09 gün) İddiaçı ümumilikdə sosial sığorta stajı 23 il 09 ay 24 gün təşkil edir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının qeyd etdiyi müddətin sosial sığorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. İş materiallarında olan Dövlət Arxivinin Şəmkir rayon filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli k-1-601 və k-1-64 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı 1971-ci ildən 1982-ci ilə qədər «1 may» adına kolxozda, 1983-cü ildən 1996-cı ilə qədər «1 may» adına sovxozda işləyərək əmək günü və əmək haqqı qazanmışdır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci il tarixdə (65 yaş) pensiya yaşına çatmışdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya təyin olunması üçün azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmət illəri, 1971-ci ildən 1982-ci ilə qədər «1 may» adına kolxozda və 1983-1996-cı illərdə «1 may» adına sovxozda işlədiyi müddət cəmi 23 il 09 ay 24 gün təşkil edir, bu isə 25 ildən azdır. Belə olan halda onun pensiya hüququ yaranmış olmur. Belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Şəmkir rayon filialına qarşı xx.xx.1971-ci il tarixdən 1982-ci il tarixədək Şəmkir rayonu «1 may» adına və 1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Şəmkir rayonu «1 may» adına sovxozda sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar