Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1670/2022 25.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyanın 2011-ci ildən indeksləşdirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1973-cü il təvəllüdlü olmaqla, hazırda ünvan 1 ünvanında yaşayır. Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə İş Departamentinin xx.xx.2011-ci il tarixli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı zamanı təqdim olunan məlumat vərəqinə əsasən iddiaçının vəzifə maaşı 415 manat, rütbə maaşı 130 manat, 23 il xidmət illərinə görə 136,25 manat, ərzaq payı kompensasiyası isə 64 manat, cəmi pul təminatı 807,50 manat müəyyən edilmişdir. Həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinin redaksiyasına əsasən hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla, 807,50 manat pul təminatının 59 faizi – 476,43 manat məbləğində pensiya məbləği hesablanmışdır. Pensiya uçot vərəqəsində iddiaçının fərdi hesabının baza hissəsi 85 manat, sığorta hissəsi 42,56 manat, qulluq stajına görə əlavə 348,87 manat olmaqla, əmək pensiyasının ümumi məbləği 476,43 manat müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdən iddiaçının pensiyası yenidən hesablanmış, bu zaman vəzifə maaşı 505 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 158,75 manat, ərzaq payı kompensasiyası isə 64 manat, cəmi pul təminatı 933,50 manat müəyyən edilərək, 933,50 manat pul təminatının 59 faizi – 550,77 manat məbləğində pensiya məbləği hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) müraciət edərək 2013-cü ildən ərzaq payı əvəzinə kompensasiyanın dövlət pərakəndə satış qiymətlərinə uyğunlaşdıralaraq pensiyasına hesablanmasına, həmçinin ona pensiya təyin olunan tarixdən etibarən ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyasının indeksləşdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla bildirmişdir ki, Nazirlər Kabinətinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fonda təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Fonda göndərilməlidir. Qeyd edilənləri nəzərə alaraq, müvafiq pul kompensasiyasının artırılması ilə əlaqədar Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hər hansı məlumat daxil olmadığından həmin pul vəsaitinin əmək pensiyası ödənilən hərbi qulluqçuların və ya onlara bərabər tutulan şəxslərin təminat xərcliyinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq "bu Qanunun 20-ci maddəsində (qulluq stajına görə əmək pensiyalarına əlavələr müəyyən edilmiş şəxslər) nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda (indeksləşdirildikdə) və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır". Göründüyü kimi, əmək pensiyasına qulluq stajına əlavələr müəyyən edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək artırıldıqda qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artımlar qədər azaldılır. Yəni, əmək pensiyalarının indeksləşməsi nəticəsində qulluq stajına görə əlavələr müəyyən edilmiş şəxslərin əmək pensiyasının ümumi məbləği dəyişmir, yalnız əmək pensiyasının tərkibi dəyişir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 2013-cü ildən etibarən dövlət pərakəndə satış qiymətlərinə uyğun müəyyən olunaraq pensiyanın hesablanması, orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyanın 2011-ci ildən etibarən indeksləşdirilməsi və cənab Prezidentin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən aylıq vəzifə maaşın 20%-i məbləğində artımın (əlavənin) pensiyaya hesablanması dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulmasını xahiş etmişdir. İddiaçı daha sonra “iddia tələbinin yönəldiyi orqanın dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filial kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddianın “ərzaq payı əvəzinə verilən kompensasiyanın 2013-cü ildən etibarən dövlət pərakəndə satış qiymətlərinə uyğun müəyyən olunaraq pensiyaya hesablanması, aylıq vəzifə maaşının 20% məbləğində artımın (əlavənin) pensiyaya hesablanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” hissəsi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı tələbin “orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyanın 2011-ci ildən indeksləşdirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” hissəsini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası alır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu məqsədlə Cənab Prezident tərəfindən 2017-ci ildən etibarən hər il müvafiq Sərəncamlar imzalanır. Həmin Sərəncamlarda bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə tapşırıq verilməsinə baxmayaraq cavabdeh onun pensiyasının hər il indeksləşdirilməsindən qanunsuz şəkildə imtina edir. Deməli, həm "Əmək pensiyaları haqqında Qanun"un, həm də cənab Prezdinetin hər il imzaladığı Sərəncamlara görə pensiyamın indeksləşdirilməsini tələb etmək onun hüququdur, cavabdehin bundan imtina etməsi isə qanunsuz və əsassızdır. Cavabdehin isə ona göndərdiyi şablon xarakterli cavab məktubu isə qanun normalarını sadalamaqdan ibarətdir və başa düşülmür ki, o hansı səbəbdən hər il pensiyanı indeksləşdirmək istəmir. Cavabdehin öz qanunsuz cavabında "Əmək pensiyaları haqqında Qanun"un 29.1-ci maddəsinə birtərəfli istinad edərək özünəməxsus hesablama apararaq guya pensiyanın ümumi məbləğinin dəyişilməməsini bildirməsi qanunsuzdur, əsassızdır və ədalətsizdir. Çünki, hər il ölkədə milli valyuta dəyərini itirir, qiymətlər qalxır, ərzaq məhsulları bahalaşır və iddiaçının da aldığı pensiya öz dəyərini itirdiyindən alıcılıq qabiliyyəti azalır. Ona görə də cavabdehin mövqeyi absurd və qanunsuzdur. Cavabdeh "Əmək pensiyaları haqqında" Qanunun 29.1-1-cı maddəsinə özünəməxsus və birtərəfli şəkildə istinad edərək qeyd edir ki, göründüyü kimi, əmək pensiyasına qulluq stajına əlavələr müəyyən edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək artırıldıqda qulluq stajına görə əmək pensiyasına əlavəinin məbləği həmin artımlar qədər azaldılır.Yəni, əmək pensiyalarının indeksləşməsi nəticəsində qulluq stajına görə əlavələr müəyən edilmiş şəxslərin əmək pensiyasının ümumi məbləği dəyişmir, yalnız əmək pensiyasının tərkibi dəyişir. Bu mücərrəd cavabdan aydın olmur ki, cavabdeh iddiaçının pensiyasını təyin olunan 2011-ci ildən etibarən orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirib, ya indeksləşdirməyib? Əgər indeksləşdiribsə bunu necə hesablayıb və hesablamanın nəticələri haradadır? Qüvvədən düşmüş "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin müddəaları xx.xx.2006-ci ildən etibarən hazırda qüvvədə olan «Əmək pensiyaları haqqinda" Qanunun 20-ci maddəsinə daxil edilmişdir. Həmin Qanunun 13-cü maddəsi "pensiya məbləği" adlanırdı və "qulluq stajina görə əlavə" deyə heç bir müddəa həmin maddədə yox idi, eyni zamanda həmin qüvvədən düşmüş "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 15-ci maddəsi xidmət illərinə görə pensiyaya əlavələr adlanırdı. Orada həmin maddədə təminat xərcliyi barədə heç bir söz fikir yoxdur. xx.xx.2006-ci ildən etibarən bütün pensiyalar sığorta və yığım hissələrindən ibarət oldu. Deməli, əgər iddiaçı xx.xx.2006-dan əvvəl pensiyaya çıxsa idi, onun xx.xx.2006-cı ilə qədər aldığı pensiyası xx.xx.2006-dan etibarən onun pensiyasının sığorta hissəsi olurdu. Əks halda, belə bir nəticə yaranır ki, hazırda hərbi qulluqçulara xx.xx.2006-dan sonra təyin olunan pensiyalar tamamilə qulluq stajına görə əlavədən ibarətdir, sığorta hissəsi yoxdur. Bu da absurddur, çünki pensiyaya qulluq stajina görə əlavənin hesablanmasi üçün ilk öncə pensiyanin özü mövcud olmalidir. Hazirda qüvvədə olan Qanunun 20.14-cü maddəsinə görə guya onun pensiyası tamamilə qulluq stajina görə əlavədən ibarətdir. Pensiyası 20.14-cü maddəyə görə qulluq stajina görə əlavədirsə, deməli pensiyanın siğorta hissəsi sıfırdır. Bu isə absurddur. Çünki əks halda indeksasiya baş verə bilməz. Çünki sığorta hissə sıfırdır və indeksasiya pul məbləğinin faizi nisbətində hesablandığı üçün mövcud olmayan pul məbləğinin faizi hesablana bilməz. Eyni zamanda təminat xərcliyi sosial siğortaya cəlb edilmiş pul olduğu üçün, onun faizi də sosial siğortaya cəlb edilmiş pul deməkdir. Qulluq stajına görə əlavə isə sosial siğortaya cəlb edilməyən puldur. Nəticə etibarilə təminat xərcliyinə faiz nisbətində hesablanan qulluq stajina görə əlavə sosial sığortaya cəlb edilmiş puldur, hansi ki, faktiki aldığı pensiya deməkdir. Buna görə də sual yaranır, DSMF aldığı pul məbləğinin, pensiya məbləğinin müəyyən hissəsinin pensiyanın sığorta hissəsinə və müəyyən hissəsinin pensiyanın əlavələrinə aid olduğunu necə müəyyən etdi? "Əmək pensiyaları haqqında Qanun"un 20.14-cü maddəsinə görə, hərbi qulluqçunun aldığı pensiya bütünlüklə qulluq stajina görə əlavə deməkdir, belə olan halda pensiyanın sığorta hissəsi hanı? Eyni zamanda onun təminat xərcliyi sosial sığortaya cəlb edilmiş puldur. Deməli onun ödənilən faizi də sosial sığortaya cəlb edilmiş puldur Deməli pensiyası tamamilə siğorta hissəsindən ibarətdir! Deməli təminat xərcliyinin 100 faizi pensiyanın sığorta hissəsi deməkdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda imtinadakı əsasları təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 da imtina əsaslarını müdafiə edərək iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia “orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyanın 2011-ci ildən indeksləşdirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” hissəsində mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia mümkün iddia olsa da, əsaslı deyildir. İddiaçı tələbində qeyd edir ki, Prezident tərəfindən 2017-ci ildən etibarən hər il müvafiq Sərəncamlar imzalanır. Həmin Sərəncamlarda bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə tapşırıq verilməsinə baxmayaraq cavabdeh onun pensiyasının hər il indeksləşdirilməsindən qanunsuz şəkildə imtina edir. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. Mövcud qanunvericiliyin tələblərinə görə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafıq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafıq qurumlar tərəfindən tərtib edilmiş məlumat vərəqindəki təminat xərcliyinə əsasən təyin edilir və hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində qeyd edildiyi kimi hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təyinatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qeyd olunan qanunvericilik normanın tələblərindən də göründüyü kimi, hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirildikdə, əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılır. Başqa sözlə, belə olan halda pensiya məbləği dəyişmir. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin ikinci cümləsində qeyd olunur ki, həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yəni, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçuların tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda əmək pensiyasına əlavələrin məbləği artırıla bilər. Bu hal iddiaçının pensiya işindən də görünür. Belə ki, 2016-cı ildə qeyd olunan sonuncu normaya uyğun olaraq vəzifə maaşı (505 manat) və xidmət illərinə görə verilən pul məbləği (158,75 manat) artırıldığı üçün onun pensiya məbləği də artırılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyanın 2011-ci ildən indeksləşdirilməsinə dair tələbin hüquqi əsası olmadığından qanunvericiliyin tələblərinə əsasən, cavabdehin imtina etməsi qanuni olmuşdur. Digər tərəfdən, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsinə əsasən hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən təyin edilmiş pensiyanın yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyanın 2011-ci ildən indeksləşdirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1670/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1670/2022
25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver