Məhkəmə qərarları › İş №2-1(114)-1671/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1671/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1671/2021 08.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Qazax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı özünün, X3 və X4 məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və qeyd olunan müavinətin hüququ yarandığı gündən hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Qazax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün, X3 və X4 məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və qeyd olunan müavinətin hüququ yarandığı gündən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Qazax rayonunun Bərxudarlı kəndi Ermənistanın təcavüzü nəticəsində işğal olunduqdan sonra məcburi köçkün kimi Qazax şəhərində məskunlaşmış, 2012-ci ildə evləndikdən sonra X1 ilə birlikdə kirayəyə çıxmışdır. X1 da Qazax rayonunun Aşağı Əskipara kəndindən məcburi köçkündür. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Qazax rayonunun Qazaxbəyli kəndində salınmış 304 ailəlik yeni qəsəbədə onunla 21.10.2016-cı il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanaraq 2 otaqlı mənzil ayrılmış, həmin vaxtdan arvadı və 2 uşağı ilə birlikdə həmin mənzildə yaşayırlar. Ona və ailə üzvlərinə verilən aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli, 11 nömrəli «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi» Qaydasının təsdiq edilməsi haqqında qərarından sonra dayandırılmışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin Qazax Rayon İcra Hakimiyyətinin Ə-33/4-073-t/2 saylı 31 may 2020-ci il tarixli məktubunda həmin Qaydanın 2.1-ci bəndinə əsasən (aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə şamil olunmur) iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinin qanunamüvafiq olmadığı bildirilmişdir. Həmçinin iddiaçı Qazax Rayon İcra Hakimiyyətinə dəvət olunduğu zaman ona şifahi olaraq qardaşı Əmiraslanov Aslanın mülkiyyətində ev olduğu üçün siyahıdan çıxarıldıqlarını bildirmişlər. İddiaçı hesab edir ki, 2012-ci ildən etibarən faktiki olaraq ayrı təsərrüfatda öz ailəsi ilə birlikdə yaşayır və qardaşının ev almasının ona heç bir aidiyyəti yoxdur. Ona görədə cavabdeh tərəfindən tələbi təmin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli 2-1(114)-1550/2020 nömrəli qərarı ilə İddiaçı cavabdehlər Qazax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı adın vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və müavinətin hüququ yarandığı gündən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı tərəfindən verilən apelyasiya şikayəti əsasında iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 21.05.2021-ci il tarixli 2-1(104)-240/2021 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 11.11.2020-ci il tarixli 2-1(114)-1550/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati iş təkrar baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı 07.10.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, iş üzrə iddia tələbini tam müdafiə etdiyini və 08.10.2021-ci il tarixə saat 11:30-a təyin olunmuş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qazax rayon İcra Hakimiyyəti məhkəməyə 08.10.2021-ci il tarixdə etiraz məktubu göndərərək bildirmişdir ki, Qazax rayon İcra Hakimiyyəti başçısının Bərxudarlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi məktuba əsasən Bərxudarlı kənd sakini İddiaçı anası X2 adına Qazax rayonu S.Vurğun küçəsi 115 nömrəli ev olduğu üçün onun və onun təsərrüfatında olan bütün ailə üzvlərinin o cümlədən, ailə başçısı – təqaüdçü 01.04.1954-cü il təvəllüdlü X2, oğlu – xx.xx.1984-cü il təvəllüdlü, «ASEL Kredit» Bank Olmayan Kredit Təşkilatında filial müdiri İddiaçı, gəlini – 01.04.1988-ci il təvəllüdlü, Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ ASM-də ailə həkim-terapevt X5, nəvəsi – 27.03.2015-ci il təvəllüdlü, 1-ci sinif şagirdi X6, oğlu – 15.10.1987-ci il təvəllüdlü, "xxxx" ASC-də kredit mütəxəssisi X7, nəvəsi – 23.09.2009-cu il təvəllüdlü X8 yemək xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, Şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) dayandırılmışdır. Həmin vaxt 01.01.2017-ci il tarixdə İddiaçı və ailəsi anasının təsərrüfatında olmuş, 18.03.2017-ci il tarixdə ayrı təsərrüfat olmuşdur. İddiaçı və ailəsinə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydalarının 2.1-ci maddəsinə əsasən ona və ailə üzvlərinə verilən vahid aylıq müavinət 01.01.2017-ci il tarixdən dayandırılmışdır. Hal – hazırda o, ailəsi ilə birlikdə 2016-cı il tarixdən ünvan 1 ünvanında iki otaqlı mənzildə yaşayırlar. İddiaçı ailə üzvlərinin sənədləri müavinətin bərpa edilməsi üçün dəfələrlə yığılıb Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə göndərilmiş, lakin müavinətin təyin edilməsindən imtina edilmişdir. Ona görə də məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi 08.10.2020-ci il tarixdə məhkəməyə etiraz göndərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmənin 08.10.2021-ci il tarixli 2-1(114)-1671/2021 nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər Qazax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı özünün, X3 və X4 məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və qeyd olunan müavinətin hüququ yarandığı gündən hesablanaraq ödənilməsi tələbinə dair iddiası, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə və X9 münasibətdə mümkün sayılmamışdır. Məhkəmə araşdırmasının predmetini 10.08.2001-ci il tarixli, AA 047849 nömrəli və 09.02.2005-ci il tarixli, AA 102956 nömrəli məcburi köçkün vəsiqələrinin surətləri, 27.12.2017-ci il tarixli, AZ-T 043082 nömrəli «Doğum haqqında» şəhadətnamə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 15.10.2019-cu il tarixli 2382 nömrəli arayışı, Qazax rayon İcra Hakimiyyəti başçısının Bərxudarlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.09.2020-ci il tarixli 11-21/229 nömrəli məktubu və 18.03.2017-ci il tarixli 04 nömrəli əmrdən çıxarış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 11.08.2021-ci il tarixli **********35 nömrəli məktubu, cavabdehin 05.10.2021-ci il tarixli 9-20/670 nömrəli etirazı və 31.05.2020-ci il tarixli Ə-33/4-073/4-t/2 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. İş materiallarında olan Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 10.08.2001-ci il tarixli, AA 047849 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Qazax rayonunun Bərxudarlı kənd sakini İddiaçı məcburi köçkün kimi Qazax rayonunda məskunlaşmışdır. İş materiallarında olan Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 09.02.2005-ci il tarixli, AA 102956 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Qazax rayonunun Aşağı Əskipara kənd sakini X11 məcburi köçkün kimi Qazax rayonunda məskunlaşmışdır. 27.12.2017-ci il tarixli, AZ-T 043082 nömrəli «Doğum haqqında» şəhadətnamədən görünür ki, X12 27.03.2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında İddiaçı, ana qrafasında isə X11 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 15.10.2019-cu il tarixli 2382 nömrəli arayışından görünür ki, İddiaçı və X3 adına Qazax inzibati ərazi vahidi üzrə daşınmaz əmlakın üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. Qazax rayon İcra Hakimiyyəti başçısının Bərxudarlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18.03.2017-ci il tarixli 04 nömrəli əmrdən çıxarışdan görünür ki, Bərxudarlı kənd sakini İddiaçı ərizəsi nəzərə alınaraq anası – X2 təsərrüfatından ayrılıb, ayrı təsərrüfat yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 11.08.2021-ci il tarixli **********35 nömrəli məktubundan görünür ki, X2 mülkiyyətində ********** qeydiyyat nömrəsi ilə ünvan 2 ünvanında qeydiyyata alınmış fərdi yaşayış evi özgəninkiləşdirilərək 04.05.2019-cu il tarixində 15 saylı Tovuz Ərazi İdarəsində X7 adına qeydiyyata alınmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi» Qaydasının təsdiq edilməsi haqqında 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı qəbul edilənədək almışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının anası X2 mülkiyyətində ünvan 2 ünvanında fərdi yaşayış evi olmuş, daha sonra sonuncu 04.05.2019-cu il tarixdə həmin mənzili oğlu X10 bağışlamışdır. Qeyd edilməlidir ki, iddiaçı 2012-ci il tarixdən ayrı təsərrüfat olduğunu iddia etsə də Qazax Rayon İcra Hakimiyyəti başçısının Bərxudarlı kənd ərazi inzibati nümayəndəliyinin 18.03.2017-ci il tarixli, 04 nömrəli əmrinə əsasən anası X2 təsərrüfatından çıxdığı müəyyən olunur. Göründüyü kimi iddiaçı və onun ailə üzvləri 18.03.2017-ci il tarixədək anası – X2 təsərrüfatında qeydiyyatda olmuşlar. İddiaçının anası ayrıca yaşayış sahəsi əldə edərkən məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin ödənilməsi qaydaları Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 10.12.2010-cu il tarixli, 127 mömrəli əmri ilə təsdiq edilmiş «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair» Təlimata əsasən müəyyən edilmişdir. İşğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№ li əlavə əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir (Təlimatın 1.1-ci bəndi). Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (1№-li əlavəyə uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir (Təlimatın 1.1-ci bəndinin 2-ci hissəsi). Təsərrüfatbaşına kitabda məcburi köçkünlərin yerdəyişməsi barədə məlumatların düzgünlüyü yerli icra hakimiyyətlərinin müəyyən etdikləri komissiya tərəfindən yerli statistika orqanlarının nümayəndəsinin iştirakı ilə rübdə bir dəfə yoxlanılaraq bu barədə müvafiq akt tərtib edilir və yerli icra hakimiyyətləri başçıları tərəfindən təsdiq olunaraq nəticəsi üzrə müvafiq tədbirlər görülür. Həmin aktlar yerli icra hakimiyyətləri aparatının müvafiq şöbəsində saxlanılır (Təlimatın 1.2-ci bəndi). Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar (Təlimatın 1.3-cü bəndi). Məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla) yemək xərci üçün aylıq müavinət verilmir (Təlimatın 5.1-ci bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. İstinad olunan normativ xarakterli aktın tələbindən göründüyü kimi məcburi köçkün olduqdan sonra ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilməsi istisna edilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı anasının təsərrüfatında olduğu vaxt ona verilən müavinət dayandırılmışdır. Sonradan onun anasının təsərrüfatından çıxması ona vahid aylıq müavinətin verilməsi üçün əsas ola bilməz. Bundan əlavə həmçinin iş materiallarında olan Qazax rayon İcra Hakimiyyəti başçısının Bərxudarlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli 11-21/229 nömrəli məktubla müəyyən olunmuşdur ki, İddiaçı 2016-cı il tarixdə məcburi köçkünlər üçün ünvan 1 ünvanında 2 otaqlı mənzillə təmin olunmuşdur. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı onun və X4 adının məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və qeyd olunan müavinətin hüququ yarandığı gündən hesablanaraq ödənilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar