Məhkəmə qərarları › İş №2-1(114)-1672/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1672/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1672/2022 11.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X5) qərarın, təhkim aktının və texniki pasportun etibarsız hesab edilməsi, torpaq sahəsi üzərnində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bərdə şəhəri, B.Hacıyev küçəsi, döngə 6, ev 4 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin təhkim aktının, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və Bərdə rayon XDS Rəyasət Heyəti qərarının etibarsız hesab edilməsi və Bərdə şəhəri, B.Hacıyev küçəsi, döngə 6, ev 4 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X2 olarkən orada pul yığıb Bərdə rayonunda qardaşının adına torpaq sahəsi almış və ev tikmişdir. İddiaçının həyat yoldaşı X12 19 yanvar 2020-ci ildə vəfat etmiş, ölənə qədər yaşadıqları evi öz adına rəsmləşdirməmişdir. İndi isə X10 həmin evi iddiaçının adına keçirmək istəyir. Lakin cavabdeh Dövlət Reyestri Xidmətinin Bərdə Rayon 7 saylı Ərazi İdarəsi bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, dövlət reyestrində qeydə alınması üçün müraciət olunan ünvan 1 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plan-cizgi ərizəyə əlavə edilməmişdir. Eyni zamanda iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, mövcud qanunvericiliyin tələblərinə əsasən xarici vətəndaşların, habelə xarici hüquqi şəxslərin mülkiyyətinə, həmçinin irsən keçən ömürlük sahibliyinə torpaq sahəsi verilmir. Odur ki, sözügedən torpaq sahəsi üzərnində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçının vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs (eyni zamanda X7 nümayəndəsi) X5 məhkəmə ərizə göndərərək iddianı qəbul etdiklərini və iddianın təmin olunmasını arzu etdiklərini bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 52 nömrəli arxiv arayışından görünür ki, Bərdə rayon X14 Rəyasət Heyyətinin xx.xx.1992-ci il tarixli 27 nömrəli qərarına əsasən Bərdə şəhəri, B.Hacıyev küçəsi, döngə 6, ev 4 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi X8 verilmişdir. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 102 nömrəli məktubundan görünür ki, X8 ayrılmış torpaq sahəsinin yerləşmə yeri və koordinatlarını müəyyən edən sənədlər rayon Dövlət Arxivinə təqdim olunmamışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı üçüncü şəxs X1 torpaq sahəsində yerləşən evi onun adına keçirmək istədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi X7 adına verildiyinə görə hazırki iddia üzrə tələb hüququ da həmin şəxsə məxsusdur. Başqa sözlə, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Həmçinin qeyd edilməlidir ki, Bərdə rayon X14 Rəyasət Heyyətinin xx.xx.1992-ci il tarixli 27 nömrəli qərarına əsasən X8 0.05 hektar torpaq sahəsinin ayrılması qeyd edilsə də, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Bərdə şəhərində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. Bundan başqa, tələbin “ünvan 2 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin təhkim aktının və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd olunur ki, mübahisələndirilən təhkim aktı və texniki pasport inzibati akt hesab edilmədiyindən həmin sənədlərin mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti deyildir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qərarın, təhkim aktının və texniki pasportun etibarsız hesab edilməsi, torpaq sahəsi üzərnində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar