Məhkəmə qərarları › İş №2-1(114)-1673/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1673/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1673/2020 29.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X6 və cavabdeh X2 sədri X4 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı xx.xx.2020-ci il tarixli 04 saylı ödənilməmiş vergi borcunun tutularaq bələdiyyə büdcəsinə ödənilməsi haqqında qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh X3 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 04 saylı ödənilməmiş vergi borcunun tutularaq bələdiyyə büdcəsinə ödənilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon X2 xx.xx.2020-ci il tarixli 04 saylı qərarı ilə ona məxsus Yuxarı Daşkəsən qəsəbəsinin ərazisində yerləşən qeyri yaşayış və torpaq sahəsinə görə ödənilməmiş vergi borcu kimi 2320 manat 19 qəpik pulun ondan tutulub bələdiyyə büdcəsinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən əmlakın hər kv.m görə əmlak vergisi 0.10 qəpik, həmin Məcəllənin 198.1.1-ci maddəsinə əsasən torpaq sahəsinə görə vergi məbləği 0.02 qəpik nəzərdə tutulmuşdur. Hesablama zamanı onun əmlakının 3 illik dəyəri 61 manat 14 qəpik, torpağın vergisi isə 3 illik 120 manat təşkil edir. Ona görədə həmin qərarın əsassız olduğu üçün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, iddiaçının faktiki istifadəsində olan Texniki Posport sənədinə istinad edərək qeyri-yaşayış binası 230.1 m2, sanitar qovşağı 17.5 m2, söhbətgah (17 ədəd) 203.0 m2, tikili altı 450.6 m2 olduğu halda iddia ərizəsində tamam azaldılmışdır. İddiaçı sənəd üzrə onun mülkiyyətində olan ərazidən əlavə olaraq 0.22 ha Yuxarı-Daşkəsən Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq istifadə etməklə müxtəlif tikililər aparmışdır. Bundan başqa «Narzan» ailəvi istirahət mərkəzinin təsisçisi olan iddiaçı ailəvi istirahət mərkəzinin qarşı tərəfində «Qoşqar» çayının axınının sol sahilində 0.70 ha torpaq sahəsində qanunsuz olaraq süni şəlalə yaradaraq bələdiyyə ərazisini zəbt etmişdir. İddiaçının iddiasını əsassız hesab edərək yerində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 tərəfindən GPS aləti ilə mühəndisin ərazidə baxış keçirərək rəyini məhkəməyə təqdim etməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Daşkəsən rayon Yuxarı-Daşkəsən Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 04 saylı qərarı və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X5 Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında» Əsasnamənin:- - 3.1.2-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; - 3.1.13-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir. - 3.2-ci maddəsinə əsasən Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; - 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. - 5.4-cü maddəsinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - 5.5-ci maddəsinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. - 5.6-cı maddəsinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. - 5.7-ci maddəsinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. - 5.8-ci maddəsinə əsasən bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. - 5.9-cu maddəsinə əsasən ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. - 5.10-cu maddəsinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. - 5.11-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. - 6.1-ci maddəsinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı ilə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin münasibətləri Azərbaycan Respublikası Vergi Məcəlləsinə, digər qanunvericilik aktlarına və bu Əsasnaməyə müvafiq olaraq həyata keçirilir. - 6.2-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən), habelə bələdiyyənin qərarlarından, bələdiyyənin sədrinin (onun müavininin) hərəkətlərindən (hərəkətsizliyindən) müvafiq olaraq bələdiyyə sədrinə (onun müavininə) və (və ya) məhkəməyə, digər səlahiyyətli dövlət orqanlarına şikayət etmək hüququna malikdirlər. Bələdiyyə və bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsləri hüquqa zidd hərəkətləri və ya hərəkətsizliyi yaxud qərarları nəticəsində ödəyicilərə dəymiş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 6.4-cü maddəsinə əsasən Bələdiyyə vergi xidməti orqanının aktlarından, bələdiyyənin sədrinin (onun müavininin), bələdiyyə vergi xidməti orqanı vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən), habelə bələdiyyə qərarlarından şikayət müvafiq olaraq bələdiyyənin sədrinə (onun müavininə) yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisi tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi gündən 3 ay müddətində verilir. Ödəyici üzrlü səbəbdən bu bənddə göstərilən müddəti buraxmışdırsa, həmin müddət bələdiyyə sədri (onun müavini) tərəfindən bərpa edilə bilər. Beləliklə qeyd olunan normaların tələblərindən də göründüyü kimi ödəyici tərəfindən müvafiq ödənişlər ödənilmədikdə ilk öncə bələdiyyə tərəfindən bununla bağlı akt tərtib edilərək ona ödənişi ödəmək təklif edilməli, müəyyən olunmuş müddət ərzində həmin aktla bağlı müvafiq tədbirlər görülmədikdə bələdiyyə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə müvafiq qərar çıxarmalı, qeyd olunan qərarla birgə maliyyə sanksiyaların ödənilməsi barədə tələbnamə ödəyiciyə göndərilməlidir və bələdiyyə tərəfindən bu Əsasnamədə qeyd olunan göstərişlərin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas hesab olunur. İş materiallarına əlavə edilmiş sənədlərlə, eləcə də tərəflərin izahatı ilə bir daha təsdiq olunur ki sözügedən qərar Əsasnamənin müvafiq tələbləri yerinə yetirilmədən qəbul edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, X2 xx.xx.2020-ci il tarixli 04 nömrəli qərarı qanunsuz olduğuna görə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı qeyri yaşayış və torpaq sahəsinə görə ödənilməmiş 2320,19 (iki min üç yüz iyirmi manat 19 qəpik) manat vergi borcunun tutularaq bələdiyyə büdcəsinə ödənilməsi haqqında Yuxarı-Daşkəsən bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli, 04 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar