Məhkəmə qərarları › İş №2-1(114)-1673/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1673/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1673/2022 12.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı icarədə olan torpaq sahəsinə dair şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 11.05.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, icarəsinə verilmiş torpaq sahəsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdehin iddiaçıya ünvanlanmış imtina aktının məzmunundan görünür ki, iddia tələbi ilə imtina aktı arasında ziddiyət mövcuddur. Yəni, iddiaçı məhkəmədən icarəyə verilmiş torpaq sahəsinə dair şəhadətnamənin verilməsini tələb etsə də imtina aktında qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydə alınmasından və texniki pasport verilməsindən imtina edilmişdir. Başqa sözlə, iddiaçı cavabdehə məhkəmədə reallaşdırılmasını tələb etdiyi hüquqla bağlı deyil, başqa məsələ ilə bağlı müraciət etmiş, bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Qeyd olunanlara əsasən iddiaçıya izah olunur ki, hüquqi niyyətini dəqiqləşdirməli və reallaşdırılmasının tələb etdiyi hüquqla bağlı cavabdehə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməlidirlər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı icarədə olan torpaq sahəsinə dair şəhadətnamənin verilməsi barədə iddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş mümkünlük şərtinə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar