Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1678/2025 11.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialına qarşı hüququ yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialına qarşı xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I.İşin halları
1. Вф № 077926 nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
2. Azərbaycan SSR Kəlbəcər Rayon X3nin İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsinin xx.xx.1979-cu il tarixli 396 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Kəlbəcər rayon X3 İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsində xx.xx.1979-cu il tarixdən hal-hazıra kimi tikinti üzrə mexanik vəzifəsində çalışır.
3. Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 28 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən hal-hazıradək Memarlıq və Tikinti şöbəsində ixtisası üzrə işləyir.
4. 06.04.1982-ci il tarixli ДТ 779162 nömrəli diploma əsasən İddiaçı 1976-cı ildə C.Ə.Dadaşov adına X11 Texnikumuna daxil olmuş və 1982-ci ildə sənaye və mülki tikintiləri ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.1982-ci il tarixli qərarı ilə ona inşaatçı-texnik ixtisası verilmişdir.
5. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli VM-1/430 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 1979-cu ilin oktyabr ayından 1984cü ilin dekabrın 1-dək Kəlbəcər rayon XDS İcraiyyə Komitəsində tikinti və memarlıq şöbəsində texnik, 1984-cü il dekabrın 1-dən 1991-ci il oktyabrın 18-dək Kəlbəcər rayon XDS İcraiyyə Komitəsində tikinti və memarlıq şöbəsində mühəndis, 1991-ci il oktyabrın 21dən 1993-cü ilin iyun ayınadək Kəlbəcər RİH başçısı aparatı tikinti və memarlıq şöbəsində mühəndis vəzifələrində işləmişdir. Onun 15.6 il dövlət qulluğu stajı vardır.
6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kəlbəcər rayon şöbəsinin İddiaçı xx.xx.2013-cü il tarixli 48/89 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür. Bu səbəbdən də onun Kəlbəcər rayonunda qazandığı 1979-cu ilin oktyabr ayından 1993-cü ilin avqust ayına kimi illər XDS İcrayyə Komitəsində tikinti və memarlıq şöbəsində və RİH başçısı aparatı tikinti memarlıq şöbəsində mühəndis vəsifəsində işlədiyi əmək stajı məhkəmə qaydasında təsdiq edildikdən sonra qalan iş stajını pensiyasının üzərinə əlavə edə bilərlər.
7. Kəlbəcər rayon Dövlət Arxivinin İddiaçı ünvanladığı xx.xx.2013-cü il tarixli 22 nömrəli məktubunda bildirilmişdir ki, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun İdarə-müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə daxil olmuş xx.xx.2013-cü il tarixli ərizəsinə baxılmışdır. Onun Kəlbəcər rayonunun İdarə, müəssisə və təşkilatlarında işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv idarəsində heç bir əsaslı sənəd olmadığı üçün tələbinə uyğun hüquqi sənədvermək imkan xaricindədir.
8. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(040)-76/2013 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, ərizəçi İddiaçı 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməsi faktı təsdiq edilmişdir.
9. Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2013-cü il tarixli 08 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Tikinti və Memarlıq şöbəsində xx.xx.1994-cü il tarixədək mühəndis vəzifəsində işləmişdir. Ancaq xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək vəzifəsi dondurularaq kompensasiya almışdır.
10. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli AM-1/1734 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 1979-cu ilin oktyabr ayından 1984cü ilin dekabrın 1-dək Kəlbəcər Rayon XDS İcraiyyə Komitəsində tikinti və memarlıq şöbəsində texnik, 1984-cü il dekabrın 1-dən 1991-ci ilin oktyabrın 18-dək Kəlbəcər rayon XDS İcraiyyə Komitəsində tikinti və memarlıq şöbəsində mühəndis, 1991-ci ilin oktyabrın 21-dən 1994-cü il ilin iyun ayınadək Kəlbəcər RİH başçısı aparatı tikinti və memarlıq şöbəsində mühəndis vəzifələrində işləmişdir. Onun 15.6 il dövlət qulluğu stajı vardır.
11. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli AM-1/1753 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsinin məsləhətçisinin (mühəndis) orta aylıq əmək haqqı aşağıdakı üzrədir: aylıq vəzifə maaşı 295.0, yüksəkliyə görə rayon əmsalı 20% 59,0, dövlət qulluğunda staja görə əlavə əmək haqqı 65,0, dövlət qulluğu dərəcəsinə görə əlavə əmək haqqı 88,50, mükafat 73,75, cəmi 581,25. Nəzərə almaq lazımdır ki, məsləhətçinin 15 (on beş) ildən artıq dövlət qulluğu stajı vardır.
12. Kəlbəcər rayon X8 rayon Təsərrüfat hesablı Avtonəqliyyat və mexanikləşdirmə Birliyi üzrə əmrlərdən xx.xx.2023-cü il tarixli 184 nömrəli çıxarışında göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixli 02. ½ nömrəli əmrlə Avtonəqliyyat və mexanikləşdirmə Birliyində direktor müavini təyin edilmiş, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 52p saylı Sərəncamına əsasən Nəqliyyat və Mexanikləşdirmə Birliyi rəisinin müavini vəzifəsi müvəqqəti olaraq ona həvalə edilmiş, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 68p saylı Sərəncamına əsasən Avtonəqliyyat və Mexanikləşdirmə Birliyinin direktoru vəzifəsinə təyin edilmiş, Kəlbəcər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli SƏ-1/İK-28 saylı Protokoluna əsasən Kəlbəcər rayon X1 Aqrar İslahatı komissiyalarında maşınların özəlləşdirilməsi və islahatın başa çatması ilə əlaqədar onun fəaliyyətinə xitam verilmişdir.
13. İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-308642/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və "Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 8 ay (xx.xx.1979-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş-46874/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq 24 noyabr 2016-cı il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib və əlillik dərəcəsinin müddətinin 24 noyabr 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 1 dekabr 2021-ci il tarixindən dayandırılıb (sonuncu pensiya məbləği 605,60 manat).
15. Məhkəmənin sorğusuna Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-55/2-121/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı müraciətinə əsasən ona əmək haqqı barədə arayış təqdim edilmişdir. İddiaçı rayonun işğalından əvvəl Kəlbəcər rayon İcraiyyə komitəsində mühəndis işləmiş, lakin əmək haqqı cədvəlləri və əmrlər işğal zonasında qaldığı üçün qeyd olunanlarla bağlı heç bir məlumat olmamışdır. İddiaçı əmək haqqı barədə verilən arayışda, Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 saylı fərmanına istinad olunaraq vəzifə uyğunluğu nəzərə alınmışdır. Belə ki, İddiaçı Kəlbəcər rayon icraiyyə komitəsində tutduğu mühəndislik vəzifəsi, Kəlbəcər rayon İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin məsləhətçi vəzifəsinə uygun olduğunu nəzərə alıb və 2014-cü ildə Kəlbəcər rayon lcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin məsləhətçisi vəzifəsinin əmək haqqısı arayışda göstərilmişdir. Əmək haqqı stajı isə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-76/2013 saylı qətnaməsinə və Kəlbəcər rayon Dövlət Arxiv idarəsinin 26 sentyabr 2013-cü il tarixli, 08 saylı məktubuna əsasən hesablanmışdır.
16. Məhkəmənin sorğusuna Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 10 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı işi ilə əlaqədar Kəlbəcər rayon Avtonəqliyyat və Mexanikləşdirmə Birliyinin 1 saylı Əmr kitabında aşağıdakı əmr qeyd edilmişdir Əmr № 1/2. xx.xx.1994-cü il - 1.İddiaçı--Direktor müavini vəzifəsinə. Birliyin maşın və mexanizmlərin yığılması və icarəyə verilməsi ona tapşırılsın. Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqrar İslahat Komissiyasının № SƏ-1/İK-28 saylı 28 dekabr 2005-ci il tarixli Protokolunda-İslahat Komissiyasını Qərarına əsasən -1.Kəlbəcər rayon X1 yeli Aqrar İslahat Komissiyasında İslahat başa çatdığına görə onun fəaliyyətinə xitam verilsin. II. Məhkəmədə icraat
17. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X14 Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu ildən xx.xx.1979-cü il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 03 may 1979-cu ildən 02 aprel 1993-cü il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləmişdir. Məlum hadisələr zamanı, yəni 1993-cü ildə Kəlbəcər rayonunun ərazisi işğal olunan vaxt ona məxsus əmək kitabçası və digər sənədlər orada qalmışdır. O, 2013-cü ildə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək onun 1979-cu ildən 1993-cü ilədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 15 mart 2013- cü il tarixli, 2(040)-76/2013 saylı qətnaməsinə əsasən iddiası təmin edilmiş, onun 1979-cu ildən 1993cü ilin aprel ayına qədər Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməyi faktı təsdiq edilmişdir. Qeyd olunan qətnamədə onun 1979-cu ilin hansı ayından işləməyi qeyd edilməmişdir. Hazırda isə cavabdeh orqan onun 1979-cu ilin oktyabr ayından işlədiyini əsas gətirərək ona təyin olunmuş pensiyanı dayandırmışdır. Əsas kimi də Kəlbəcər Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli, 2(040)-76/2013 saylı qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində onun 1979-cu ilin oktyabr ayından işlədiyinin qeyd olunması göstərilmişdir. Halbuki, qətnamədə onun 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməyi faktı təsdiq edilmişdir. Qeyd edir ki, o, 1976-cı ildə S.Ə.Dadaşov adına X12 Texnikumuna daxil olaraq 1982-ci ildə həmin texnikumu inşaatçı-texnik ixtisası üzrə bitirmişdir. İşlədiyi müddətdə iş yerindən, yəni Kəlbəcər rayon X10 İcraiyyə Komitəsindən arayışlar alaraq texnikuma təqdim etmişdir (arayışlar iddiaya əlavə olunur). Cavabdeh orqan isə bunu bəhanə edərək onun 14 il 8 ay iş stajının olduğunu əsas gətirərək ona təyin olunmuş pensiyanı dayandırmışdır. Onun 03 may 1979-cu ildən 15 oktyabr 1979-cu il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işlədiyi illəri nəzərə almır. Bu da onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsi ilə təminat verilən sosial təminat (pensiya) hüququnu pozur.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
20. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.1979cu ildən xx.xx.1979-cu il tarixədək Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
21. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
22. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
23. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
24. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
25. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
28. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
29. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
30. Cavabdehin nümayəndəsi X9 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
31. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, D.X6 tərəfindən 24 noyabr 2016-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İl dərəcə əlilliyə görə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməklə 30 noyabr 2021-ci il tarixədək ödənilmiş, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı təyin edilmiş "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İl dərəcə əlillik müddətinin 24 noyabr 2021-ci il tarixdə bitməsi ilə əlaqədar adıçəkilən şəxsə pensiya ödənişi 1 dekabr 2021-ci il tarixdən dayandırılmışdır. Daha sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X14 filialına müraciət edərək, dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X14 Filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda dövlət qulluqçusu stajı 15 ildən az (13 il 5 ay 17 gün (xx.xx.1979-xx.xx.1993-cü il tarixləri arasındakı dövr)) olduğu üçün ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: Həmin qanunun 20.1.7 -ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda oian şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu "bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır". "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının təqdim etdiyi Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-76/2013 nömrəli qətnaməsində iddiaçının Kəlbəcər rayon X7 İcraiyyə Komitəsində mühəndis işləməsi faktı 1979-cu ildən xx.xx.1993-cü ilədək təsdiq edilmişdir. Qətnamənin əsaslandırma hissəsində isə iddiaçının həmin iş yerində 1979-cu ilin oktyabr ayından işlədiyi qeyd olunmuşdur. Belə olduğu halda, iddiaçının dövlət qulluğu stajının 13 il 5 ay 17 gün (xx.xx.1979-xx.xx.1993-cü il tarixləri arasındakı dövr) olduğu müəyyən olunur. Bununla yanaşı, iddiaçının təqdim etdiyi sənədlərin surətlərindən (hərbi bilet, diplom, qətnamə) onun ümumi iş stajının 25 ildən az olduğu müəyyən olunur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Вф № 077926 nömrəli hərbi bilet; - Azərbaycan SSR Kəlbəcər Rayon X3nin İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsinin xx.xx.1979-cu il tarixli 396 nömrəli arayışı; - Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 28 nömrəli məktubu; - 06.04.1982-ci il tarixli ДТ 779162 nömrəli diplom; - Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli VM-ı/430 nömrəli arayışı; - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kəlbəcər rayon şöbəsinin İddiaçı xx.xx.2013-cü il tarixli 48/89 nömrəli məktubu; - Kəlbəcər ryaon Dövlət Arxivinin İddiaçı ünvanladığı xx.xx.2013-cü il tarixli 22 nömrəli məktubu; - Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(040)-76/2013 nömrəli qətnaməsi; - Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2013-cü il tarixli 08 nömrəli məktubu; - Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli AM-ı/1734 nöməli arayışı; - Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli AM-ı/1753 nöməli arayışı; - Kəlbəcər rayon X8 rayon Təsərrüfat hesablı Avtonəqliyyat və mexanikləşdirmə Birliyi üzrə əmrlərdən xx.xx.2023-cü il tarixli 184 nömrəli çıxarışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-308642/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş-46874/2024 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-55/2-121/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Kəlbəcər rayon Dövlət Axivinin xx.xx.2025-ci il tarixli 10 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
33. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
34. Belə ki, iş materilları ilə müəyyən olunur ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(040)-76/2013 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, ərizəçi İddiaçı 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməsi faktı təsdiq edilmişdir.
35. İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X14 Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-308642/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və "Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 8 ay (xx.xx.1979-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
36. Məhkəmə cavabdeh orqanın mövqeyini əsaslı sayaraq, aşağıdakıları qeyd edir.
37. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur. 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.19-cu əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
38. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2ci maddələrinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün iki şərt mövcuddur: - Şəxsin 25 il ümumi staja malik olması; - Onun ən azı 15 ilini dövlət qulluğu vəzifəsində işləməsi.
39. Cavabdeh orqan imtina məktubunda iddiaçının ümumi iş stajına münasibət bildirməsə də, iddiaya dair yazılı etirazında 25 il ümumi iş stajının mövcud olmamasını da qeyd etmişdir.
40. Məhkəmə iddiaçının Kəlbəcər rayon Avtonəqliyyat və Mexanikləşdirmə Birliyində işlədiyi dövr də nəzərə alınacağı təqdirdə, onun ümumi iş stajının 25 ildən çox olmasını müəyyən etmişdir.
41. Beləliklə, birinci şərt iddiaçıya münasibətdə ödənilir.
42. İddiaçının dövlət qulluğu stajına gəlincə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(040)- 76/2013 nömrəli qətnaməsinə əsasən ərizəçi İddiaçı 1979-cu ildən 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində mühəndis işləməsi faktı təsdiq edilmişdir. Qətnamənin nəticə hissəsində 1979-cu ilin hansı tarixində (gün və ay) qeyd edilməmiş, əsaslandırma hissəsində isə iddiaçının həmin iş yerində 1979-cu ilin oktyabr ayından işlədiyi qeyd olunmuş və cavabdeh orqan bu əsasdan çıxış edərək, həmin qətnaməyə əsasən iddiaçının Kəlbəcər rayon X10 İcraiyyə Komitəsində işlədiyi dövrü xx.xx.1979-cu il tarixdən etibarən nəzərə almışdır.
43. Cavabdeh orqan tərəfindən iş materiallarında olan və toplanmış sənədlərin heç birində oktyabr ayının 15-i tarixinin qeyd edilməməsinə baxmayaraq niyə məhz həmin tarixdən etibarən (oktyabr ayının 15 gününü) iddiaçının dövlət qulluğu stajına daxil etməsi barədə hərəkətini açıqlamasa da, məhkəmə həmin halı iddianın təmin edilməsinə əsas verən hal kimi qəbul etmir. Ona görə ki, həmin 15 gün nəzərə alınacağı təqdirdə belə iddiaçının 15 il dövlət qulluğu stajı toplanmış olmur.
44. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək işləməsini təsdiq edən sənəd qismində iki sənədi - Azərbaycan SSR Kəlbəcər Rayon X3nin İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsinin xx.xx.1979-cu il tarixli 396 nömrəli arayışını və Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 28 nömrəli məktubunu təqdim etmişdir.
45. Lakin məhkəmə həmin sənədləri ona görə mötəbər sənəd qismində qəbul etmir ki, əvvəla, sənədlər iki fərqli orqan tərəfindən müxtəlif tarixlərdə verilmiş olsalar belə, onların eyni xətlə icra edilməsini (yazılmasını) adi vizual baxışla belə müəyyən etmək olur.
46. İkincisi, iddiaçının belə bir sənədlərinin mövcudluğu halında (hansı ki, həmin sənədlərdə iddiaçının Kəlbəcər rayon X3 İcraiyyə Komitəsi Memarlıq və Tikinti şöbəsində xx.xx.1979-cu il tarixdən işləməsi qeyd edilmişdir) iddiaçının 2013-cü ildə pensiya təyin orqana müraciət edən zaman 1979-cu ilin oktyabr ayından işlədiyi əmək stajının nəzərə alınmasını xahiş etməsi, işləmə faktının müəyyən edilməsi barədə ərizəyə Kəlbəcər Rayon Məhkəməsində baxılan zaman həmin sənədləri təqdim etməməsi, habelə iddiaçının ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi ilə bağlı pensiya təyin edən orqana müraciətinə də əlavə etməməsi, həmin sənədlərin həqiqliyinə və mötəbərliyinə şübhə doğurur.
47. Həmin sənədlərin mövcudluğu halında iddiaçının işləmə faktının müəyyən edilməsi ərizəsinə xüsusi icraat qaydasında baxılmasına lüzum da qalmazdı.
48. Məhkəmə Kəlbəcər Rayon Məhkəməsinə sorğu verərək, 2(040)-76/2013 nömrəli mülki iş üzrə iş materiallarında olan bütün sənədləri əldə etmiş və göstərilən sənədlər də həmin iş materiallarında mövcud olmamışdır.
49. İclas zamanı iddiaçı həmin halla bağlı bildirmişdir ki, həmin sənədləri Kəlbəcər RM-də işə baxılarkən təqdim etməməsinin səbəbi ondakı sənədlərin çoxluğudur ki, bəziləri yadından çıxıb təqdim etməmişdir, həmçinin bu sənədlər ondan tələb edilməmişdir.
50. Lakin məhkəmə bu dəliləri səmimi, ağlabatan və inandırıcı hesab etmir.
51. Bundan başqa, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli VM-1/430 nömrəli və xx.xx.2014-cü il tarixli AM-1/1734 nömrəli arayışlarında İddiaçı 15.6 il dövlət qulluğu stajının olduğu bildirildiyi üçün, məhkəmə tərəfindən həmin orqana soğru verilərək, İddiaçı Kəlbəcər RİH-də işlədiyi dövrlərə dair bütün sənədlərin (əmrlərin, əmək haqqı cədvəllərinin), belə sənədlər mövcud olmayacağı halda isə arayışda göstərilən məlumatın hansı sənəd əsasında qeyd edilməsi barədə ətraflı məlumatın verilməsi tələb edilmiş və mMəhkəmənin sorğusuna Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-55/2-121/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı rayonun işğalından əvvəl Kəlbəcər rayon İcraiyyə komitəsində mühəndis işləmiş, lakin əmək haqqı cədvəlləri və əmrlər işğal zonasında qaldığı üçün qeyd olunanlarla bağlı heç bir məlumat olmamışdır. Əmək haqqı stajı isə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 76/2013 saylı qətnaməsinə və Kəlbəcər rayon Dövlət Arxiv idarəsinin 26 sentyabr 2013-cü il tarixli, 08 saylı məktubuna əsasən hesablanmışdır.
52. Lakin məktubda adıçəkilən sənədlərdə qeyd edilən dövrlər nəzərə alınarkən iddiaçının 15.6 il dövlət qulluğu stajının olması müəyyən edilmir.
53. Göründüyü kimi, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin olunması üçün 15 il dövlət qulluğu stajının mövcudluğu ilə bağlı tələb ödənilmir.
54. Sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin etməkdən imtinası əsaslı olmuşdur.
55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva