Məhkəmə qərarları › İş №2-1(114)-1679/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1679/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1679/2023 09.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı avtomobil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı avtomobil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının yaşayış yerinin Gəncə şəhəri olduğunu, Gəncə şəhəri isə Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-13804/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş materiallarını araşdıraraq hesab edirəm ki, Bakı İnzibati Məhkəməsi inzibati işi baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İnzibati işin materiallarından müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla, faktiki olaraq faktiki yaşadığı yer barəsində heç bir sənəd təqdim etməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının qeydiyyat yeri Beyləqan rayonu, Dünyamalılar ünvanıdır ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən, sübutların toplanması, məhkəməyə çatımlılığın təmin edilməsi, habelə məhkəmə araşdırmasının daha tez və səmərəli aparılması üçün hazırki mübahisəyə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə baxılmalıdır. Qanunverici şəxsin yaşayış yeri dedikdə mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri, olduğu yer dedikdə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binasını (özünün, qohumunun, tanışının və b.) nəzərdə tutur. Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən də, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə, məhkəmə işi müvafiq qərardadla aidiyyəti üzrə baxılması üçün göndərmiş Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 8-ci, 9-cu və 83.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı avtomobil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar