Məhkəmə qərarları › İş №2-1(114)-168/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-168/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-168/2025 30.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-ci il tarixədək əmək kitabçasında qeyd edilən müəssiədə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. xx.xx.1976-cı ildə Xanlar (Göygöl) Avtomotoservis və Ticarət müəssisəsinə gözətçi vəzifəsində işə qəbul edilmişdir. xx.xx.1997-ci ildə həqiqi hərbi xidmətə getməyilə əlaqədar olaraq işdən çıxmışdır. 14 noyabr 1977-ci ildən 22 noyabr 1979-cu ilədək keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu ildə Kirovabad Rayonlararası Avtomobillərə Texniki Xidmət Stansiyasında gözətçi işinə qəbul edilmişdir. xx.xx.1980-ci ildə müəssisədən kənar mühafizə işinə gözətçi qəbul edilmişdir. xx.xx.1993-cü ildə öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.1993-cü ildə Xanlar Avtomotoservis və Ticarət müəssisəsinə gözətçi işinə qəbul edilmişdir. xx.xx.2002-ci ildə öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.2002-ci ildə Xanlar Avtomotoservis ve Ticarət müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında gözətçi vəzifəsində işə bərpa edilmişdir. xx.xx.2023-cü ildə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. xx.xx.2006cı ildə 04 saylı Texniki Xidmət Emalatxanası özəlləşdirildiyi və Xanlar AMS və TM-sinin fəaliyyətinə xitam verildiyi üçün işdən çıxmışdır. Hesab edir ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması qanunidir. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi müddətin iş stajına hesablanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, ərizə məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(114)-168/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-279117/2023 saylı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq: 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edək ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi ******* nömrəli hərbi biletə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət keçdiyi 2 il 1 gün, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək işlədiyi 01 il 28 gün, xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi 13 il 01 ay 02 gün müddətdir ki, ümumilikdə 16 il 02 ay 01 qün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyini iddia etdiyi 13 il 08 ay 14 gün təşkil edir. Belə ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyini iddia etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli, 3-17-1/2-118597/2024 nömrəli etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyini iddia etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir. Sorğuya gələn xx.xx.2024-cü il tarixli **********184000 nömrəli cavab məktubunda elektron uçot məlumat bazasına əsasən Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1995-ci tarixdə dövlət qeydiyyatına və vergi orqanı tərəfindən xx.xx.2004-cü il tarixdə ********** nömrə ilə vergi uçotuna alındığı və müəssisənin fəaliyyətinin xx.xx.2020-ci il tarixdən hazırki tarixədək aktiv vəziyyətdə olduğu qeyd olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus ИТ-l ******* nömrəli əmək kitabçasının surəti; - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-235252/2023 nömrəli məktubuna əlavə edilmiş sənədlərin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı imtina məktubu. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********18400 nömrəli məktubunda qeyd olunur ki, elektron uçot məlumat bazasına əsasən Xanlar "xxxx" Müəssisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına və vergi orqanı tərəfindən xx.xx.2004- cü il tarixdə ********** nömrə ilə vergi uçotuna alınmışdır. Müəssisənin fəaliyyəti xx.xx.2020-ci il tarixdən hazırkı tarixədək aktiv vəziyyətdədir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla sığorta stajı 16 il 2 ay 1 gün təşkil etdiyini, ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğunu qeyd edərək, ona yaşa görə pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ******* nömrəli hərbi biletə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət keçdiyi 2 il 1 gün, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək işlədiyi 01 il 28 gün, xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi 13 il 01 ay 02 gün müddətdir ki, ümumilikdə 16 il 02 ay 01 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçının mübahisələndirilən sığorta stajı isə xx.xx.1993-cü il tarixdən xx.xx.2006cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyini iddia etdiyi 13 il 08 ay 14 gün təşkil edir. Cavabdeh orqan etirazda qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi illər xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, yalnız xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitbaçasının surətindən görünür ki, sonuncu xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işləmişdir. Cavabdeh əmək kitabçasının mötəbərliyini həmin hissədə mübahisələndirməmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X1) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi 13 il 08 ay 14 gün mübahisələndirilən sığorta stajı təşkil etdiyi bildirilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi illər xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmaması onun təqsiri ilə bağlı olmayan hal olduğundan, həmçinin həmin dövrdə qanununvericiliyində sözügedən tələb nəzərdə tutulmadığından, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Buda o deməkdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi illərin pensiya kapitalı qeydə alındığından xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi illər iddiaçının mübahisələndirilməyən sığorta stajına daxil edilməlidir. Bundan başqa, İddiaçı yaşa görə pensiya təyin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2022-ci il 1 iyulundan - 2023-cü ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 16 il 02 ay 01 gün olması qeyd edilmişdir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının pensiya huququ yaradan sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Avtomotoservis və Ticarət Müəssisəsinin 4 saylı Texniki Xidmət Emalatxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar