Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1681/2021 29.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X6, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 26.07.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 12.02.2021-ci il tarixli, **********560700 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.02.2021 -ci il tarixli **********560700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2019-cu il üçün gəlir vergisi üzrə 3503,75 manat vergi məbləği hesablanmışdır. Sonradan təyin olunan vergi məbləğinə görə hesablanan faiz əsasında 1279,16 manat əlavə olunmuş və ümumi vergi borcu 4882,91 manat məbləğində göstərilmişdir. Həmin vergi borcu isə gün hesabı ilə faizlər üzrə artmaqdadır. Həmin qərar onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixdə kameral vergi yoxlanılması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 25026,75 manat (14700 USD) məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. İddiaçı 12.02.2021-ci il tarixli **********560700 nömrəli Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hesablanmış 3503,75 manat vergi məbləği ilə razı deyil. Çünki iddiaçı vergi orqanına təqdim etdiyi müvafiq sənədlərdə göstərmişdir ki, o, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində (VÖEN **********) şöbə müdiri vəzifəsində çalışır, aylıq əmək haqqı məbləği 529,0 manatdır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rəhbəri və təsisçisidir, həmin cəmiyyətin sahibkarlıq fəaliyyətindən də gəlirlər vardır. Həyat yoldaşı X4 rayon Uşaq Xəstəxanasında həkim vəzifəsində çalışır və aylıq əməkhaqqı məbləği 466,0 manatdır, atası X5 təqaüdçüdür, onun aylıq təqaüd məbləği 244,0 manatdır, anası X13 təqaüdçüdür və aylıq təqaüd məbləği 130,0 manatdır. Qeyd olunan məlumatlar iddiaçı tərəfindən vergi orqanına bildirilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onun 2019-cu il tarixdə 25026,75 manat (14700 USD) məbləğində valyuta mübadiləsi aparması vergi gəliri ilə heç bir əlaqəsi yoxdur. Bu məbləğ bir müddət ərzində ümumi birgə ailə təsərrüfatı büdcəsi hesabına formalaşmış gəlirdir. Lakin vergi orqanı yalnış qənaətə gələrək həmin məbləğin iddiaçının vergi hesabı əsasındə əldə edilən gəlir kimi göstərmişdir. Belə ki, vergi orqanı bu məbləği iddiaçının VÖEN ********** hesabına bağlayır. Ümumiyətlə həmin məbləğin iddiaçının VÖEN hesabı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin VÖEN üzrə fəaliyyət 30.03.2019-cu il tarixdən 30.03.2024-cü il tarixədək dayandırılmış və vergi orqanı tərəfindən təqdim olunan arayışdan da görünür ki, onun həmin tarixə vergi borcu yoxdur. İddiaçının qanuna müvafiq qaydada yuxarı vergi orqanına 23.04.2021-ci il tarixdə və 02.06.2021-ci il tarixdə şikayətinin nəticəsi olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 18 iyun 2021-ci il tarixli **********211100 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərarla belə qənaətə gəlinmişdir ki, ailə üzvlərinin 2019-cu il üzrə orta aylıq gəlirlərinin ümumilikdə 947,25 manat təşkil edir, bu məbləğin ay ərzində yaşayış minimumun təmin edilməsinə və həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğundur, bu vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsi real deyil və mənbəyi bəlli olan faktiki gəlirlərinin xarici valyutaya konvertasiya edilən 25026,75 manat məbləğdən artıq olması təsdiqlənmir, bu səbəbdən də 12.02.2021ci il tarixli **********560700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qüvvədə saxlanılmışdır. İddiaçı hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19.06.2020-ci il tarixli **********008800 nömrəli qərarı və onun hüquqi nəticələri ləğv edilməlidir. İddiaçının vəkili X14 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X20 iddianı qəbul etməyərək bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 25026,75 manat məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” 21.05.2020-ci il tarixli **********168700 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat, təsdiqedici sənədlər və cari vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi üzrə 3503,75 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19.06.2020-ci il tarixli **********008800 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçının iddiası üzrə aparılmış araşdırma ilə iddiaçının Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində şöbə müdiri vəzifəsində işlədiyi, 2019-cu il üçün orta aylıq əmək haqqı məbləğinin 332 manat olduğu, həyat yoldaşı X8 Bərdə rayon Uşaq Xəstəxanasında həkim vəzifəsində işlədiyi, 2019-cu il üçün orta aylıq əməkhaqqı məbləğinin 276 manat olduğu, atası X1 təqaüdçü olduğunu və 2019-cu il üzrə aylıq təqaüd məbləğinin 209,25 manat olduğunu, anası X7 təqaüdçü olduğunu və 2019- cu il üzrə aylıq təqaüd məbləğinin 130 manat olduğu müəyyən edilmiş və əlavə gəlirləri barədə təsdiqedici sənədlər təqdim edilməmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Bərdə şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyinin 22.04.2021 -ci il tarixli 2359 nömrəli arayışına əsasən İddiaçı ailə tərkibi atası, anası, həyat yoldaşı və 3 uşaqdan ibarət olmaqla 7 nəfərdən ibarətdir. Ölkə üzrə yaşayış münumumuna əsasən həmin ailənin bir aylıq minimum yaşayış xərcləri 1160 manat olmaqla İddiaçı təqdim etdiyi sənədlərlə müəyyən edilən 947.25 manat məbləğindən çox olduğundan, "xxxx" MMC-nin fəaliyyəti üzrə isə gəlirləri yalnız həyat yoldaşının 2019-cu ilin cəmi 3 ayı üzrə hər aya 90 manat olmaqla ümumilikdə aldığı 270 manat əmək haqqından ibarət olduğundan konvertasiya etdiyi 25026,75 manat məbləğində vəsaitin ailənin gəlirləri hesabına formalaşdığı barədə iddiası əsassız olmaqla iş materialları ilə təkzib olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 12.02.2021-ci il tarixli, **********560700 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə 3503,75 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18.06.2021-ci il tarixli, **********211100 nömrəli qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 23.04.2021-ci il tarixli və 02.06.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmişdir. -Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışın surətindən görünür ki, vergi ödəyicisi İddiaçı fəaliyyətini 30.03.2019-cu il tarixdən 30.03.2024-cü il tarixədək müvəqqəti dayandırmışdır. -Bərdə RİH Başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyinin 22.04.2021-ci il tarixli 2659 nömrəli arayışından görünür ki, X1 ailə üzvləri arvadı X13, oğlu İddiaçı, gəlini X17, və nəvələri X15, X12 və X2 ibarətdir. -Bərdə rayon Mərkəzi Xəstəxanasının 02.10.2020-ci il tarixli, 2/481 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 2006-cı il tarixdən hal-hazıradək Bərdə Doğum evi reanimasiya şöbəsində şöbə müdiri vəzifəsində işləyir, aylıq əmək haqqı 529.0 manatdır. -Bərdə rayon Mərkəzi Xəstəxanasının 21.12.2020-ci il tarixli arayışından görünür ki, X18 həqiqətən Bərdə Uşaq xəstəxanasında labarant həkim vəzifəsində işləyir, aylıq əmək haqqı 466.0 manatdır. -İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, 01.01.2018-ci il tarixdən 10.02.2021-ci il tarixədək olan dövr üzrə hesaba 25180.19 manat pul mədaxil olunmuşdur. -X9 məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, 01.02.2017-ci il tarixdən 10.02.2021-ci il tarixədək olan dövr üzrə hesaba 1872.00 manat pul mədaxil olunmuşdur. -X3 məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, 01.01.2018-ci il tarixdən 10.02.2021-ci il tarixədək olan dövr üzrə hesaba 8251.79 manat pul mədaxil olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən 25.026,75 manat məbləğində nağd qaydada aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 14.700,00 USD məbləğində xarici valyuta əldə edilmişdir. Konvertasiya olunmuş vəsaitin mənbəyi barədə vergi orqanına hər-hansı təsdiqedici sənədin təqdim edilməməsi əsası ilə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə müvafiq hesablama aparılmış və hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 12.02.2021-ci il tarixli, **********560700 nömrəli qərarı ilə iddiaçıya 2019-cu il üçün 14 faiz dərəcə ilə 3503,75 manat gəlir vergisi hesablamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparan vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İş materiallarından da görünür ki, valyuta mübadiləsi əməliyyatı aparan iddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, Vergi Məcəlləsində 14.000 ABŞ dolları dəyərində valyuta mübadiləsi əməliyyatı aparan fiziki şəxsin gəlir vergisi ödəmək öhdəliyi daşıması nəzərdə tutulmamışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə istinad edərək vergi ödəyicisi tərəfindən bəyənnamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyənnaməsi təqdim edilmədiyi üçün iddiaçının gəlirinin vergiyə cəlb edilməli olduğunu və ödənilməli olan verginin məbləğini hesabladığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndinə əsasən xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. Qanunun qeyd olunan normalarının tələbindən də göründüyü kimi iddiaçının valyuta mübadiləsi əməliyyatının aparması qeyri-qanuni gəlir kimi şərh edilə bilməz. Bununla yanaşı iddiaçı konvertasiya olunmuş məbləğin əsas hissəsinin müəyyən müddət ərzində ümumi birgə ailə təsərrüfatı büdcəsi hesabına formalaşmış gəlir olduğunu, digər hissəsinin isə ona məxsus cəmiyyətin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdə də görünür ki, İddiaçı, arvadı X10, atası X1 müəyyən gəlirləri vardır və bu gəlirlərin əlavə ehtiyatlara (yığıma) yönəldilməsi də realdır. Bu səbəbdən də ailənin ehtiyat büdcəsinin mənbəyi barədə əlavə təsdiqedici sənədlərin təqdim edilməsi qanuni hesab edilə bilməz və bu baxımdan vergi orqanı tərəfindən iddiaçı tərəfindən konvertasiya edilmiş məbləğin vergiyə cəlb edilməsi əsassız olmuşdur. Halbuki mövcud qanunvericiliklə bu cür ziddiyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 12.02.2021-ci il tarixli, **********560700 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 12.02.2021-ci il tarixli, **********560700 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1681/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1681/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver