Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1682/2020 16.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Bərdə rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Bərdə rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək sabiq «H.Aslanov» adına kolxozun Həmkarlar İttifaqının sədri vəzifəsində işlədiyi müddət nəzərə alınıb əmək stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə zəruri sənədləri ilə birlikdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin Bərdə «ASAN Xidmət» mərkəzi tərəfindən göndərilmiş sənədlərə komissiya tərəfindən baxılaraq xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək sabiq «H.Aslanov» adına kolxozun Həmkarlar İttifaqının sədri vəzifəsində işlədiyi illərə dair əmrlər kitabına əsasən təsdiq edilmədiyindən cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, təqdim etdiyi sənədlərə (şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış, əmək kitabçası, hərbi xidmətdə olması barədə arayış) şöbənin pensiya təyin edən komissiyasında baxılmış və xx.xx.1982xx.xx.1999-cu illərdə sabiq «H.Aslanov» adına kolxozun Həmkarlar İttifaqının sədri vəzifəsində işlədiyi illər əmr kitablarına əsasən təsdiq edilsədə, idarənin əmək haqqı cədvəlləri saxlanılmadığı və Bərdə rayon Arxiv İdarəsinə təhvil verilmədiyindən həmin illərə dair sosial sığorta stajı öz təsdiqini tapmadığı üçün yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini xx.xx.1978-ci il tarixli AT-İ ******* nömrəli əmək kitabçası, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 19 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli bildirişi və iddiaçıya aid **********6 nömrəli pensiya işi təşkil etmişlər. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, muəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan cavabdehə məxsus xx.xx.1978-ci il tarixli AT-İ ******* nömrəli əmək kitabçasının 4-cü səhifəsindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli 6 nömrəli əmrlə K/T X2 Bərdə rayon Komitəsi H.Aslanov adına kolxoz Həmkarlar Komitəsinə sədr seçilmiş, xx.xx.1999-cu il tarixli 2287 nömrəli əmrlə həmin kolxozun sədrliyindən azad edilmişdir. Həmin qeydlər səlahiyyətli şəxslər Həmkarlar Komitəsinin sədri İ.İsmayılov və S.Əliyev tərəfindən imzalanmaqla möhürlənmişdir. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivinin Bərdə rayon Vəkil Bürosunun sorğusuna əsasən verdiyi xx.xx.2020-ci il tarixli 19 nömrəli arayışında «H.Aslanov» adına kolxozun Həmkarlar Təşkilatının sənəd materiallarının rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Bərdə rayon filialının xx.xx.2020-ci il tarixli, **********4 nömrəli bildirişindən görünür ki, xx.xx.1982-xx.xx.1999-cu illərdə sabiq «H.Aslanov» adına kolxozun Həmkarlar İttifaqının sədri vəzifəsində işlədiyi illər əmr kitablarına əsasən təsdiq edilsədə, idarənin əmək haqqı cədvəlləri saxlanılmadığından və Bərdə rayon Arxiv İdarəsinə təhvil verilmədiyindən həmin illərə dair sosial sığorta stajı öz təsdiqini tapmamışdır. Cavabdeh tərəf etiraz məktubunda bildirmişdir ki, iddiaçının əmək kitabçasında ümumi iş stajı 24 il 1 ay 23 gün Hərbi xidmətdə olduğu dövr 1 il 1 ay 8 gün sosial sığorta stajı təşkil edir. xx.xx.1982-xx.xx.1999-cu illərdə sabiq H.Aslanov kolxozunda Həmkarlar İttifaqının sədri vəzifəsində işlədiyi illər məhkəmə qaydasında təsdiq olunduğu halda cəmi 25 il 3 ay 3 gün sığorta stajı olacaq. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğu üçün pensiya hüququ xx.xx.2020-ci il tarixdən etibarən yaranmışdır. Tələb olunan staj 25 il, cavabdeh tərəfindən nəzərə alınan staj Hərbi qulluq dövrü və əmək kitabçası qəbul edilən 7 il 4 ay 10 gün təşkil edir. Nəzərə alınmayan staj sabiq H.Aslanov kolxozunda Həmkarlar İttifaqının sədri vəzifəsində işlədiyi dövrlər 17 il 10 ay 23 gün təşkil edir. 7 il 4 ay 10 gün + 17 il 10 ay 23 gün = 25 il 3 ay 3 gün təşkil edir. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasnı təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumararın tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələbinə görə tələb olunan staj 25 il olmalıdır ki, hazırki işdə iddiaçının stajı 25 il 3 ay 3gün təşkil edir. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Bərdə rayon filialının üzərinə İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək sabiq «H.Aslanov» adına kolxozun Həmkarlar İttifaqının sədri vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1682/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1682/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver