Məhkəmə qərarları › İş №2-1(114)-1684/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1684/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1684/2025 12.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X3 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən dəymiş ziyana görə 200.000 manat, Müdafiə Nazirliyi tərəfindən vurulmuş bütün ömür boyu davam edəcək ziyanla bağlı 500.000 manat kompensasiya ödənilməsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunsun.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 xx.xx.2006-cı ildə anadan olmuşdur. Hərbi xidmətə çağırılan zaman Samux rayon Səfərbərlik xidməti tərəfindən müayinə olunması üçün Azərbaycan Respublikası Mirrqasımov adına klinikaya göndərilmiş, ona "sağ xayanın olmaması, İ dərəcəli damar genişlənməsi - varkocele" diaqnozu qoyulmuşdur. Oğlunda birinci dərəcəli damar genişlənməsi aşkar edildiyindən əməliyyat olunmalı idi. Lakin Səfərbərlik Xidməti buna əhəmiyyət verməyərək onu hərbi xidmətə apardı və ağır təlim nəticəsində oğlunda olan xəstəliyin inkişafı üçün münbit şərait yarandı, nəticədə ağır təlim şəraiti nəticəsində inkişaf edərək yaranmış İl dərəcəli varikocele xəstəliyindən oğlu uzun müddət ağrı çəkdikdən sonra çox gecikdirilərək onun tələbindən sonra əməliyyat olundu. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N saylı xx.xx.2024-cü il tarixli arayışından da məlum olur ki, xx.xx.2024-cü il tarixdə oğlu N saylı hərbi hissədə uroloq tərəfindən müayinə olunmuş və ona "sağ tərəfli orxceoektomiyadan sonrakı vəziyyət, sol tərəfli İl dərəcəli varikocele" diaqnozu qoyulmuş, planlı əməliyyat qeyd edilmişdir. Beləliklə də, SHXÇDX-nin qanunsuz hərəkətləri nəticəsində oğlu hərbi xidmətə aparılmışdır. Nəticədə isə oğlunun səhhətində mənfi hallar yaranmışdır. Təəssüflər olsun ki, bu hələ ilkin mənfi hallardır. Oğlunda əməliyyatdan sonra da, hazırda hərbi xidmətdə olduğu müddətdə də sancılardan əziyyət çəkir. Əslində bu vəziyyətdə oğlu hərbi xidmətdən azad olmalıdır. Çünki onun davam edən ağrıları, daimi olaraq həkim göstərişi ilə fiziki hərəkətlərdən azad olması, həmçinin hərbi xidmət zamanı yoluxdurulmuş Hepatit C virusunda ağırlaşma hallarının olmaması üçün immunitetini möhkəmləndirməyə çalışması zəruridir ki, bütün bunlar da hərbi xidmətdə dövründə mümkün deyil. Oğlu hərbi xidmətə çağırılarkən tamamilə müayinə olunmuş, ondan Hepatit C virusunun olması ilə bağlı hər hansı bir nəticə əldə edilməmişdir. Lakin əməliyyata daxil olarkən müayinələr nəticəsində Hepatit C virusu aşkar edilmişdir. Qeyd etdiyi zaman aralığında oğlu N saylı hərbi hissədə müalicə olunmuş, ona tibb məntəqəsində iynələr, sistemlər,antibiotiklər və digər dərmanlar verilmişdir. Deməli, oğlu məhz həmin zaman Hepatit C virusuna yoluxdurulur. Çünki sonradan növbəti göndəriş əsasında oğlunu Binəqədi xəstəxanasına analizə apardıqda analizin cavabı Hepatit C ilə bağlı pozitiv çıxmışdır. Ümumiyyətlə isə, araşdırma zamanı bu faktın təsdiq edilməməsi üçün edilən canfəşanlığı görmək mümkün idi. Dəfələrlə ekspertizanın keçirilməsi, Mərkəzi Hərbi Hospital və Müdafiə Nazirliyinin Ekspertiza Mərkəzində neqativ cavab alınmasına cəhd göstərilməsi və sair. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən oğlum dəfələrlə qeyri-obyektiv şəhadətləndirildi. Yuxarıda da qeyd etdiyi kimi, əsas məqsəd Hepatit C virusuna yoluxma halının təkzib edilməsinə yönəlmişdi. Oğluna qoyulmuş Hepatit C xəstəliyinin sağaldığını bildirirlər. Lakin oğlunun sağalması ilə bağlı verdikləri rəydən sonra oğlunda yenə də Hepatit C infeksiyası aşkar edilmişdir (anti-HCV (hepatit C) nəticə 0.13; vahid S/CO; Referans 0-0.99). Bu isə 3 dəfə eyni virusun aşkar edilməsi deməkdir. Hətta əməliyyat zamanı Hepatit C virusu aşkar edildiyindən əməliyyat zamanı istifadə edilmiş bütün alətlər atılmışdır. Bir neçə dəfə şəxsdə Hepatit C virusunun aşkar edilməsi həmin xəstəliyin xroniki olmasını göstərir. Bütün bunlardan başqa, oğlu N saylı hərbi hissənin tərkibində Seyfəli poliqonunda "döyüşə vəziyyəti" yerinə yetirərkən, yəni xidməti vəzifələrini icra edərkən yıxılmış və burnundan xəsarət almışdır. Nəfəs almasında problemlər olsa da, lakin hərbi hissə və həkim heyətinin etinasızlığı ilə qarşılanmışdır. Hazırda oğluna hərbi hissə komandanlığı etibarnamə verilmir ki, o, oğlunun adından məhkəmədə iddia qaldırsın. Bununla da oğlunun məhkəməyə çatım hüququnu pozurlar. Qeyd edilən iddia oğlunun iradəsini ifadə edir. Bu barədə onun iştirakını məhkəmədə təmin etməklə özündən məlumat almaq mümkündür. Bundan başqa, cavabdeh olan orqanlardan etdiyi şikayətlərə rəsmi cavab verilməkdən imtina edildiyindən onun kompensasiya tələbi ilə əlaqədar cavabdeh orqanların mövqeyinin, cavabının məhkəmə tərəfindən əldə edilməsini xahiş edir. Hesab edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən oğluna dəymiş ziyana görə 200 000 manat, Müdafiə Nazirliyi tərəfindən vurulmuş bütün ömür boyu davam edəcək ziyanla bağlı 500 000 manat kompensasiya ödənilməlidir.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı əsl cavabdeh X5 ilə əvəz edilmiş, hazırki iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qəbul edilməklə, hazırki iddia tələbi “X2 həyat və sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 200.000 (iki yüz min) manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dəyişdirilmişdir. II. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.

6. İddiaçının vəkili məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxslər isə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin m və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. İddiaçının vəkili X4 məhkəmə iclasında işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

9. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iclas zamanı iddiaçının vəkilinə iddiaçının hüquqi marağının müəyyənləşdirilməsi istiqamətində suallar verilərək, iddiaçının zərər tələbinin söykəndiyi faktiki əsasının onun hərbi xidmətə yararlı olmadığı halda yararlı kimi hərbi xidmətə göndərilməsi, yaxud hərbi xidmət dövründə xəstəlik qazanması yaxud ehtiyata buraxılmalı olduğu halda buraxılmaması əsasından çıxış etməsi aydınlaşdırılmış və faktiki əsasdan irəli gələrək tələbinə cavab verməli orqanının düzgün müəyyənləşdirilməsi təklif olunmuş və vəkil məhkəmədən iddiaçının hazırkı tələbinə baxılmasını xahiş etmişdir.

10. Bu halda iddiaçının hazırkı tələbi cavabdeh orqanın hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi ilə bağlı olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növünə aiddir və iddianın mümkün sayılması üçün İPM-in 8.1.4-cü maddəsində nəzərdə tutulmuş aidiyyət qaydalarına riayət edilməlidir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara... Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

12. Məhkəmə qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz .dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62-ci maddələri).

13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

14. Göründüyü kimi, hazırkı iddiaya ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.

15. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yerləşdiyi ünvan isə Bakı şəhəri, Parlament prospekti, 3 ünvanıdır.

16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.

17. Cavabdehin yerləşdiyi Bakı şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.

18. Odur ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.

19. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar