Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1685/2023 10.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı informasiya sorğusuna cavab verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin sorğuya cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12160/2022 nömrəli xx.xx.2022-ci il tarixli qəardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakıda fəatiyyət göstərən "Toplum TV"-nin əməkdaşı, jurnalistdir. (Jurnalist imzası: Aytac Məmmədli) "Toplum TV" 2016-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Müstəqil informasiya resursudur. Resurs https://toplum.tv/ ünvanında fəaliyyət göstərir, eyni zamanda Facebook və YouTube platformalarından yayılır. Resursun əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Bu ilin avqust ayının 5-də peşə fəaliyyətini həyata keçirərkən iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə aşağıdakı məzmunda informasiya sorğusu ilə müraciət etdi: Bu ilin ilk altı ayı ərzində neçə nəfər şəxs cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad olunub? Cavabdeh inzibati orqan 09 avqust 2022-ci il tarixli, 17/ 11- 13128 saylı cavab məktubu ilə sorğuya cavab verməkdən imtina etmiş, imtina cavabında deyilir ki, "Bildirilir ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sayı barədə məlumatların xidməti istifadə üçün nəzərdə tutulduğundan sizə təqdim olunması mümkün deyildir". Əvvəla, cavabdeh inzibati orqan soğuya cavab verməkdən imtina edərkən istənilən məlumatın xidməti istifadə üçün nəzərdə tutulduğuna istinad edib. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun V fəslində informasiyanın xidməti istifadə üçün nəzərdə tutulması əsasları tənzimlənir. Adıçəkilən qanunda xidməti istifadə üçün nəzərdə tutulan informasiyaların tam dairəsi təsnif edilib. İddiaçının istədiyi məlumat isə qanunun 35.2.1-35.2.10 və 35.3.1-35.3.2-ci maddələrində nəzərdə tutulmuş informasiyaların heç birinə aid deyil. Həmçinin, iddiaçının cavabdeh informasiya sahibindən veriilməsini tələb etdiyi informasiya məzmunundan da göründüyü kimi, ümumiləşdirilmiş statistik məlumatdır. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində informasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinə qoyulan məhdudiyyətlər sadalanır. Qanunun 37.1.2-ci maddəsinə əsasən informasiya sahibləri ümumiləşdirilmiş statistik məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilməzlər. Göründüyü kimi, bu iki əsasa görə - həm iddiaçının tələb etdiyi informasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş infornmasiya növünə aid olmaması, eyni zamanda, ümumiləşdirilmiş statistik məlumata aid olması cavabdeh qorumun 09 avqust 2022-ci il tarixli imtinasının qanunsuz və əsassız olduğunu təsdiq edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının “bu ilin ilk altı ayı ərzində neçə nəfər şəxs cəzaçəkmə müəssisələrində cəzaçəkməkdən azad olunması” barədə informasiya sorğusu xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə daxil olmuşdur. Həmin informasiya sorğusuna Penitensiar xidmət tərəfindən xx.xx.2022-ci il tarixli, 17/ 11-13128 nomrəli məktubla cavab verilmişdir. İddia ərizəsində qeyd olunduğu kimi, İddiaçı Bakıda fəaliyyət göstərən "Toplum TV"-nin əməkdaşı, jurnalistdir. Göründüyü kimi, iddiaçının informasiya sorğusunda sorğu edilən məsələ onun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunan məlumat deyil. “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən informasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. "Açıq informasiya" anlayışı həmin Qanunun 2-ci maddəsində müəyyən edilmiş və o, əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiyadır. Konfidensial informasiya- vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatlar, habelə peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri , habelə fərdi məlumatlar. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin xx.xx.2022-ci il tarixli, 17/ 11-13128 nomrəli məktubundan görünür ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sayı barədə məlumatların xidməti istifadə üçün nəzərdə tutulduğundan İddiaçı təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehə müvafiq informasiya sorğusu ünvanlayaraq bu ilin ilk altı ayı ərzində neçə nəfər şəxsin cəzaçəkmə müəssisələrində cəzaçəkməkdən azad olunması barədə məlumat tələb etmiş, cavabdeh orqan qeyd edilən məlumatın xidməti istifadə üçün nəzərdə tutulduğundan həmin məlumatın iddiaçıya təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, informasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları, ictimai informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər və həmin informasiyanın digər qanunlarla tənzimlənməyən hissəsinin açıqlanma və təqdim edilmə qaydaları “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 1024-İİQ nömrəli Qanununda müəyyən edilmişdir. “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun:- - 3.0.5-ci maddəsinə əsasən informasiya sahibi informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. - 20.1-ci maddəsinə əsasən informasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 20.1.1. sorğunun icrasından imtina edir; 20.1.2. sorğunun icrasını təmin edir; 20.1.3. sorğunu aidiyyəti informasiya sahibinə göndərir. - 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.1. informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 27.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 27.1.3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 27.1.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə. - 29.1-ci maddəsinə əsasən informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş (29.1.1-29.1.34-cü bəndlərdə sadalanmış) informasiyaları açıqlamalıdır. - 29.2-ci maddəsinə əsasən bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz. - 35.1-ci maddəsinə əsasən informasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər. - 39.5-ci maddəsinə əsasən İnformasiya sahibinin rəhbəri kənar şəxslərə xidməti istifadə üçün nəzərdə tutulan informasiya ilə işləməyə icazə verə bilər, bu şərtlə ki, həmin informasiya dövlət orqanlarının və bələdiyyələrin maraqlarına ziyan vurmasın. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə görə:açıq informasiya — əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiyadır. konfidensial informasiya - vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatlar, habelə peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləridir. Beləliklə, yuxarıda istinad olunan normaların hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddiaçının informasiya sorğusunda sorğu edilən məsələ ("bu ilin ilk alti ayı ərzində neçə nəfər şəxs cəzaçəkmə müəssisələrində cəzaçəkməkdən azad olunması") onun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunan məlumat deyil. Bundan əlavə, qeyd edilməlidir ki, müvafiq müddət aralığında neçə nəfər şəxsin cəzaçəkmə müəssisələrində cəzaçəkməkdən azad olunması ictimai maraq doğuran məsələ statusunda deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı informasiya sorğusuna cavab verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1685/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1685/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver