Məhkəmə qərarları › İş №2-1(114)-1686/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1686/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1686/2021 29.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində soyada düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 26.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladının doğum haqqında olan arxiv sənədlərində göstərilən soyadının “Məmmədli”-dən “Hüseynzadə”-yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 22.09.2005-ci il tarixdə anadan olan övladı X1 doğum haqqında şəhadətnaməsində soyadı “Hüseynzadə” kimi qeyd edilmiş, həmin şəhadətnaməyə əsasən alınmış şəxsiyyət vəsiqəsində də uşağın soyadı “Hüseynzadə” kimi qeyd edilmişdir. Lakin sonra şəkilli şəxsiyyət vəsiqəsi alan zaman məlum olmuşdur ki, uşağın doğum akt qeydində soyadı “Məmmədli” kimi qeyd olunmuşdur. İddiaçı övladının soyadının “Hüseynzadə” kimi qeyd edilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin 01.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilərək övladının soyadının “Hüseynzadə” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 2 övladı var, qızının soyadı “Hüseynzadə”-dir, oğlunun soyadı isə doğum akt qeydində “Məmmədli” kimi yazılıb, doğum haqqında şəhadətnamədə isə “Hüseynzadə” yazılmışdır. Ona görə də hər iki övladının soyadının eyni olması üçün oğlunun da soyadını dəyişmək istəyir, həmçinin hazırda sənədlərində problem olduğuna görə oğluna şəxsiyyət vəsiqəsi verilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 12.06.2006-ci il tarixli, AZ-İ 683982 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X3 22.09.2005-ci il tarixdə doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2006-cı ilin iyun ayının 12-ci günündə 16 nömrə ilə qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Bərdə rayon Daşkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 04.07.2006-cı il tarixli 19 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X5 22.09.2005-ci il tarixdə doğulmuş, ata qrafasında İddiaçı Rafik oğlu, ana qrafasında isə X6 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş Seriya AZE 11738850 nömrəli 17.03.2016-cı il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 22.09.2005-ci il tarixdə doğulmuşdur. -surəti işə əlavə edilmiş 14.07.2016-ci il tarixli, AZ-T 005477 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 08.03.2010-cu il tarixdə doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin yanvar ayının 08-ci günündə 03 nömrə ilə qeyd edilmişdir. -surəti işə əlavə edilmiş 17.01.2020-ci il tarixli 295353 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədən görünür ki, X3 17.01.2020-ci il tarixdə tibbi komissiyanı keçmiş və hərbi xidmətə yararlı sayılmışdır. -Bakı şəhəri üzrə Təhsil İdarəsi V.Mirzəyev adına 281 nömrəli tam orta məktəbin 13.07.2021-ci il tarixli 320 nömrəli arayışından görünür ki, X3 həmin məktəbdə Xİ sinifdə oxuyur. -Cavabdeh 09.07.2021-ci il tarixli, 451-05/15 nömrəli məktubundan görünür ki, uşağın soyadına düzəliş edilməsi ilə bağlı iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının 22.09.2005-ci il tarixdə anadan olan övladı X1 doğum haqqında şəhadətnaməsində, eləcə də ona 17.03.2016-cı il tarixdə verilmiş şəkilsiz şəxsiyyət vəsiqəsində soyadı “Hüseynzadə” kimi qeyd edilsə də, onun barəsində tərtib edilmiş 04.07.2006-cı il tarixli doğum haqqında akt qeydində soyadı “Məmmədli” kimi qeyd olunmuşdur. Yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə iddiaçı övladının soyadına düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan soyada düzəliş edilməsinə kifayət qədər əsaslar olmadığını bildirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydalarda təsbit edilmişdir. Həmin Qaydaların:- -1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -3-cü bəndinin 8, 11 və 12-ci yarımbəndlərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə və qanunvericilikdə müəyyən edilən digər hallarda vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir -4-cü bəndinin 11-ci yarımbəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biri hesab edilir. -5-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş iddiaçının övladı barəsində tərtib edilmiş doğum akt qeydindən görünür ki, müvafiq akt 04.07.2006-cı il tarixdə tərtib edilmişdir. Buna baxmayaraq iddiaçının övladına məxsus doğum haqqında şəhadətnamədə isə onun doğumu barədə doğum haqqında akt qeydləri kitabında 2006-cı ilin iyun ayının 12-ci günündə 16 nömrə ilə qeyd edildiyi göstərilmişdir. Göründüyü kimi doğum akt qeydi ilkin sənəd olaraq tərtib edilməli olduğu halda doğum haqqında şəhadətnamədən sonra tərtib edilmişdir və tərtib edilən aktda iddiaçının övladının soyadı ilkin soyadına uyğun, yəni “Hüseynzadə” kimi qeyd edilmək əvəzinə “Məmmədli” kimi yazılmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının övladına məxsus digər sənədlərin hamısında soyadı “Hüseynzadə” olaraq qeyd edilmişdir, eləcə də onun digər övladının da soyadı “Hüseynzadə”-dir. Bütün bunlar onu deməyə əsas verir ki, doğum akt qeydini tərtib edən orqan həmin aktda qeyri-düzgün məlumat göstərmişdir, bu isə yuxarıda istinad olunan Əsas Qaydalara görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biri hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının övladının doğum akt qeydində onun soyadına düzəliş edilməsi üçün kifayət qədər yetərli əsaslar mövcuddur. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilməklə iddiaçının övladının doğum akt qeydində soyadına düzəliş edilərək “Hüseynzadə” kimi qeyd edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 22.09.2005-ci il tarixdə anadan olmuş X1 doğum akt qeydində yazılmış “Məmmədli” soyadına düzəliş edilərək “Hüseynzadə” kimi qeyd edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar