Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1686/2023 28.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 01-916 nömrəli arxiv arayışına və iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli 580 nömrəli diploma əsasən İddiaçı 1973-cü ildə Energetika fakültəsinin “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr № 012/901, xx.xx.1973). 1978-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr № 012/688, xx.xx.1978-ci il). Д-İ 014092 seriyalı diplom verilmişdir.
3. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək M.Azizbekov adına Sumqayıt İstehsalat Birliyində usta, xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində mühəndis və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-nin Yeni Gəncə filialında gözətçi vəzifəsində işləmişdir.
4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasına, diplomununun surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsisteminə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək (xx.xx.1973-cu il tarixindən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 17 il 9 ay 10 gün, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 il 4 ay olmaqla, ümumilikdə 19 il 1 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 9 ay 10 gün sığorta stajına uyğun olaraq 14457,45 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 500,50 manat olmaqla, ümumilikdə 14957,95 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək elan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunduğu üçün) xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
5. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 23-33 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər “AZQUR” S/F-nın “X3” idarəsində mühəndis-sazlayıcı vəzifəsində işləyib. Hal-hazırda həmin idarə "xxxx" MMC kimi fəaliyyət göstərir.
6. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “Azpromoelektromintaj” trestinin xx.xx.1985-ci il tarixli 142/k nömrəli əmri ilə Gəncə sahəsinin mühəndis-sazlayıcısı İddiaçı Bakı sahəsinə keçirilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdə işdən azad edilməsi ilə bağlı ərizə vermiş və “AZQUR” səhmdar firmasının “X3” idarəsinin xx.xx.1998-ci il tarixli 2 nömrəli əmri ilə Gəncə sahəsinin mühəndis-sazlayıcısı İddiaçı işdən azad edilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyası hüququ yarandığı xx.xx.2022-ci il tarixdən hesablanmaqla ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatdığı üçün cavabdehə müraciət edərək ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 12 yanvar 2023-cü il tarixli, 3-17-1 /2-Ə-5743/2023 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Aşağıda göstərlənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız və məntiqsizdir. Onun iş staşı 25 il 1 ay təşkil edir. Əmək kitabçasının doğru tərtib edilməmisi, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddətdə işdən azad edilmə barədə möhürün üzərindəki hərflərin kiriİ qrafikalı olması barədə dəlillər də onun təqsirindən baş verməmişdir. Hətta göründüyü kimi əmək kitabçasında olan qeydlər nəinki "kiril” qrafikası ilə, hətta rus dilində tərtib edilib. Bu isə onunla əlaqədardır ki, həmin dövrdə, yəni SSRİ tərkibində Azərbaycan Respublikasının mövcud olduğu və Azərbaycan dilində latın qrafikasına tam keçid barədə qərar verilənədək) dövlət mülkiyyətində olan idarə və müəssisələrdə aparılan yazışmaların həm Azərbaycan həm də rus dilində lərtib edilməsi həmin dövrdə qəbuledilən olmuşdur. Latın qrafikalı əlifbaya keçid 1991-ci ildən başlasa da Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanına əsasən 01 avqust 2001-ci il tarixdən etibarən ölkədə Azərbyacan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, Azərbaycan Respublikasında bütün idarə və müəssisələrində rəsmi yazışmaların yalnız latın qrafikası ilə aparılması tələb edilmişdir. Göründüyü kimi 1991-2001-ci illərdə latın qrafikası və kiriİ qrafikalı əlifba paralel olaraq işləmiş, tədricən latın qrafikasına keçid prosesi olmuş və nəhayət bu prosesə yalnız yuxarıda qeyd edilən fərmanla yekun verilmişdir. Bu səbəbdən də cavabdehin imtinasında qrafika ilə bağlı dəlilləri əsassız və məntiqsizdir. Bundan başqa 34.560 manat pensiya kapitalının olmaması dəlili də artıq qanunvericlikdə olan dəyişikliyə əsasən tətbiq edilmir. Belə ki, o işlədiyi müddətdə aldığı əmək haqqı ölkə üzrə minimum əmək haqqını təşkil etdiyi halda onun pensiya almaq hüququ təmin edilməlidir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.
19. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1992ci il tarixdən xx.xx.1998-ci tarixədək “Azpromelektromontaj” Trestində mühəndis işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
22. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, diplomun surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının sığorta stajı xx.xx.2006-cı il tarixədək (xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 17 il 9 ay 10 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 il 4 ay olmaqla, ümumilikdə 19 il il 1 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 9 ay 10 gün sığorta stajına uyğun olaraq 14457,45 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 500,50 manat olmaqla, ümumilikdə 14957,95 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunduğu üçün) xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. İddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
23. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
24. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının xx.xx.1983cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunmuşdur. 1991-ci ilin dekabr ayında Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya keçid edildiyi üçün məhz bundan - xx.xx.1992-ci ildən sonrakı dövr iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Çünki həmin tarixdən sonrakı dövrlərdə əmək kitabçası həm kiril qrafikalı yazı xətti ilə doldurulmuş, həm də xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunmuşdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiqli surəti; - İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli Д-İ 014092 nömrəli diplomun surəti; - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 01-916 nömrəli arxiv arayışı; - İddiaçının pensiya işi üzrə icraat materialları; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli 3-48- 4/2-691/2023 nömrəli məktubu; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 23-33 nömrəli arayışı; - Əmək haqqı cədvəlləri; - İddiaçının şəxsi kitabçasının təsdiqli surəti; - xx.xx.1985-ci il tarixli 142/k nömrəli və xx.xx.1998-ci il tarixli 3/Ш nömrəli əmrlər; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-5743/2023 nömrəli imtina məktubu. Əsaslandırma hissəsi: Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı işdən azad olunduğu xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulması (xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunması) və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
28. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
29. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
32. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
33. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
35. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
36. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
37. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-nin Yeni Gəncə filialında gözətçi vəzifəsində işləmiş və işdən azad oldunduğu həmin tarixdən ona yaş görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
38. xx.xx.2022-ci il tarixə iddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.
39. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək M.Azizbekov adına Sumqayıt İstehsalat Birliyində usta (4 il 12gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində mühəndis (14 il 11 ay 17 gün) və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (1 il 4 ay) "xxxx" ASC-nin Yeni Gəncə filialında gözətçi vəzifəsində işləmişdir.
40. Bundan əlavə, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək (4 il 11 ay 2 gün) təhsil müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 25 ildən çox olması (cəmi 25 il 3 ay 1 gün) müəyyən edilir.
41. Məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
42. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
43. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
46. İddiaçı da qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir.
47. Cavabdeh orqan 1991-ci ilin dekabr ayında Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya keçid edilməsinə baxmayaraq xx.xx.1992-ci ildən sonrakı dövrlərdə əmək kitabçasının həm kiril qrafikalı yazı xətti ilə doldurulmasını, həm də xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmrinin kiril əlifbası olan möhürlə təsdiq olunmasını əsas gətirməklə, həmin dövrü iddiaçının sosial sığorta stajına daxil etməmişdir.
48. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun kiril qrafikalı əlifba ilə doldurulması və möhürlə təsdiqlənməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz.
49. Digər tərəfdən, məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 23-33 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər “AZQUR” S/F-nın “X3” idarəsində mühəndis-sazlayıcı vəzifəsində işləyib. Hal-hazırda həmin idarə "xxxx" MMC kimi fəaliyyət göstərir.
50. İddiaçının özü sözügedən müəssisədən sənədlər alaraq məhkməəyə təqdim etmişdir ki, həmin sənədlərlə də iddiaçının həqiqətən də xx.xx.1998-ci il tarixədək “Azpromoelektromintaj” trestində işləməsi və “AZQUR” səhmdar firmasının “X3” idarəsinin xx.xx.1998-ci il tarixli 2 nömrəli əmri ilə işdən azad edilməsi öz təsdiqini tapmışdır.
51. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.
52. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
53. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
54. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva