Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1687/2021 10.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə 26.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində verilmiş əmrin ləğv olunması və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 04 may 2017-ci il tarixdən Göygöl Rayonlararası Mühafizə Bölməsində polis nəfəri vəzifəsinə təyin olunmuş, həmin vəzifəyə təyin olunduqdan bu günədək işində hər hansı nöqsana və qanun pozuntusuna yol verməmiş, xidmətdə olduğu müddətdə həmin bölmənin rəisi tərəfindən dəfələrlə təşəkkür və fərqlənmə ilə mükafatlandırılmışdır. İddiaçı anası, arvadı və qızı ilə birlikdə Daşkəsən rayonu, Məhəmməd Əsədov küçəsi, ev 13, mənzil 6-da birlikdə yaşayır. Həmin mənzil 2 yaşayış otağından ibarətdir. 15 iyun 2021-ci il tarixdə gecə saatlarında yaşadığı ünvana xalası oğlu X5, onun nənəsi və xalası oğlunun nişanlısı qonaq gələrək onların evində gecələyəcəklərini bildirmiş, ev kiçik olduğu üçün iddiaçı özü, arvadı və azyaşlı övladı ilə birlikdə qaynatasına məxsus mənzilə gedərək orada gecələməli olmuşlar. 16 iyun 2021-ci il tarixdə iddiaçı növbədə olduğu üçün səhər saatlarında yaşadığı evə gəlmiş, polis geyim formasını geyinmiş və işə getmişdir. Həmin vaxt qonaqlar evdə olmamış, səhər saatlarında onların evdən çıxıb getmişlər. 17 iyun 2021-ci il tarixdə iddiaçı işdə olarkən Göygöl Rayonlararası Mühafizə Bölməsin rəisi İlham Qurbanov onu xidməti otağına çağıraraq xalası oğlu Rəşad Orucovun iddiaçıya məxsus olan polis geyim formasını geyinərək sosial şəbəkə hesab edilən tik-tokda paylaşdığını, bununla bağlı onun xəbərinin olub-olmamasını soruşmuşdur. İddiaçı ailəsi ilə evdə qalmadığını və bu hadisədən ümumiyyətli xəbəri olmadığını bildirmişdir. Göygöl Rayonlararası Mühafizə Bölməsində izahat verdikdən sonra ona işə gəlməməsi və barəsində əmr veilərək işdən azad olunması bildirilmişdir. Lakin iddiaçı nə əmrlə tanış edilmiş, nə də ki, əmrin surətini və əmək kitabçasını bu günədək ala bilmişdir. Bundan sonra Rəşad Orucov barəsində Gəncə şəhəri Nizami rayon Polis İdarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 3(044)-524/2021 saylı qərarına əsasən əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinin tərkibi olmadığından X4 barəsində başlanılmış işin icraatına xitam verilməsi qərara alınmışdır. Xalası oğlu polis formasını onun yaşadığı evin qonaq otağında geyinib heç bir naqis hərəkət etməmiş, heç bir qayda pozmamış, formadan istifadə edərək kiməsə qarşı qanun pozuntusu törətməmişdir. Bundan başqa polis geyim forması iddiaçıya məxsus olsa da, üzərində onun adı və soyadı olmamışdır. İddiaçı bu hadisədən sonra xalası oğluna bu barədə suallar vermiş, o isə polis orqanında işləməyə həvəsi olduğu üçün həmin formanı geyindiyini bildirmişdir. Beləliklə göründüyü kimi iddiaçıya məxsus olan polis geyim formasının xalası oğlu tərəfindən geyinilərək video çəkilməsində onun təqsiri yoxdur. Məhkəmənin 29.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Həmçinin Məhkəmənin 29.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı “23.06.2021-ci il tarixli, Ə888ş/h-038-21 nömrəli əmrin ləğv olunması və işə bərpa” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı polis adına ləkə gətirən heç bir hərəkət etməmişdir, xalası oğlu ondan xəbərsiz onun geyim formasını geyinməsində iddiaçının heç bir təqsiri yoxdur, hətta xalası oğlunun əməlində hər-hansı tərkib olmadığına görə barəsində inzibati xəta haqqında işə xitam verilmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, X7 Rayonlararası Mühafizə bölməsində polis nəfəri vəzifəsində xidmət edən qohumu, polis baş serjantı İddiaçı məxsus polis geyim formasında olan fotoşəkillərini və videogörüntülərini @rewqa_934 adlı profili ilə qeydiyyatdan keçdiyi “Tik-tok” sosial şəbəkəsində paylaşmış, eləcə də qeyd olunan sosial şəbəkə istifadəçilərinə özünü polis əməkdaşı kimi təqdim etmişdir. Xidməti yoxlama zamanı qeyd olunan fotoşəkillər və videogörüntülər polis serjantı İddiaçı mobil telefonunda aşkarlanmış, onun hərəkətləri barədə məlumatlı olsa da, həmin fotoşəkillərin və videogörüntülərin silinməsinə və aidiyyəti üzrə məruzə edilməsinə səy göstərməmişdir. İddiaçı hərəkətləri 17.06.2021-ci il tarixdə RMB-nin sıravi və kiçik heyətinin yığıncağında müzakirə olunmuş və onun daxili işlər orqanlarında xidmətdən xaric olunması barədə Baş Mühafizə İdarəsinin rəhbərliyi qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilmişdir. Araşdırma prosesində həmçinin müəyyən edilmişdir ki, iddiaçı 06.06.2017-ci il tarixdə övladının anadan olması və 14.06.2019-cu il tarixdə rəsmi nikaha daxil olması barədə, yəni anket məlumatlarında yaranan dəyişikliklər barədə hissə rəisini və komandir heyətini məlumatlandırmamış, eləcə də yoxlama zamanı məsuliyyətdən yayınmaq məqsədilə qeyri-səmimi mövqe tutmuşdur. Müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozduğuna, xidmətdə mənfi xarakterizə olunduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin 23.06.2021-ci il tarixli, Ə888ş/h-038-21 nömrəli əmrindən görünür ki, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. -Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli 3(044)-524/2021 nömrəli qərarından görünür ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinin tərkibi olmadığından X4 barəsində başlanılmış işin icraatına xitam verilmişdir. -surəti işə əlavə edilmiş ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 17.05.2017-ci il tarixdən 23.06.2021-ci il tarixədək Azərbaycan Respublikasının daxili işlər orqanlarında işləmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xalası oğlu Rəşad Orucov iddiaçıya məxsus polis geyim formasında olan fotoşəkillərini və videogörüntülərini @rewqa_934 adlı profili ilə qeydiyyatdan keçdiyi “Tik-tok” sosial şəbəkəsində paylaşmış, bu əsasla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin 23.06.2021-ci il tarixli, Ə888ş/h-038-21 nömrəli əmri ilə İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. İddiaçı isə hesab edir ki, qeyd olunan halın baş verməsində onun heç bir təqsiri olmadığına görə işdən azad edilməsi qanunsuzdur. Bu səbəbdən də hazırda qeyd olunan əmri mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə Daxili işlər orqanları əməkdaşlarının X6 təsdiq edilmişdir. Həmin Kodeksin tələblərinə əsasən daxili işlər orqanlarının əməkdaşları:- -Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır (maddə 1). -Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir.(maddə 9). -Yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, dərhal bu barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir (maddə 15). -Xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir (maddə 20). Göründüyü kimi daxili işlər orqanları əməkdaşlarının X6 ilə əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəalar müəyyən edilmişdir. İş materiallarında olan sənədlərlə, eləcə də məhkəmə iclası zamanı iddiaçının izahatı ilə də təsdiq olunur ki, iddiaçıya məxsus geyim forması onun iradəsindən asılı olmayan səbəbdən digər şəxs tərəfindən istifadə edilmişdir. Qeyd olunan hal həmin geyimi istifadə etmiş Rəşad Orucov tərəfindən onun barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsində inzibati xəta haqqında materiala baxılan zaman etiraf edilmiş, başqa sözlə həmin formanı iddiaçının xəbəri olmadan geyindiyini öz izahatında bildirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Rəşad Orucov tərəfindən xidməti geyim formasına qarşı təhqiramiz hərəkətlər edilməmiş, digər tərəfdən onun həmin formanı geyinərək sosial şəbəkədə paylaşması da inzibati xəta tərkibi yaratmadığına görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli 3(044)-524/2021 nömrəli qərarı ilə onun barəsində başlanılmış işin icraatına xitam verilmişdir. İşin qeyd olunan faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının xidməti geyim formasını qorumaması ilə bağlı cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Bundan əlavə iddiaçının ailə vəziyyətində dəyişiklik olması barədə məruzə etməməsi də onun işdən azad edilməsinə əsas vermir. Belə ki, polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqan və hissələrdə xidmət keçmənin qaydaları və şərtləri, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və sözügedən Əsasnamədə bu əsasla işdən azad edilmə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin 23.06.2021-ci il tarixli, Ə888ş/h-038-21 nömrəli əmri ləğv edilməli, iddiaçı işə bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin 23.06.2021-ci il tarixli, Ə888ş/h-038-21 nömrəli əmri ləğv edilsin. İddiaçı daxili işlər orqanında tutduğu vəzifəyə bərpa edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1687/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1687/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver